Tək Dövlət, Tək Millət: Türkiyənin Keçid Dövründə Yeni İstiqamətlər – Türkiyə Prezidentinin Baş müşaviri yazır

2025/11/thumb-1764058422.jpg
Oxunub: 1431     16:49     26 Noyabr 2025    
Tək Dövlət və Tək Millət Türkiyənin yeganə həqiqətidir. Bu həqiqətin qəbulundan və mənimsənilməsindən sonra və yalnız bu şərtlə millət bütün ayrılmaz ünsürləri ilə birlikdə gələcəyi haqqında qərar vermək gücünə qovuşar.

Türkiyə Prezidentinin Baş müşaviri və Prezident Aparatı Hüquq Siyasətləri Şurası sədrinin müavini Mehmet Uçum

Terrorsuz Türkiyəyə keçid prosesində tamamlayıcı addımlar atılmağa davam edir, proses sürətlənir.

İmralı Dinləmə Qərarı və Hüquq Hesabatı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müqavimət, Qardaşlıq və Demokratiya Komissiyası tərəfindən İmralı dinləməsi qərarı verildi. Komissiyanın keçid prosesinə yönəlmiş hüquq siyasəti təklif edəcək hesabatının yazılması ilə bağlı təqvim elan edildi.

Bu arada keçid prosesinə qarşı sistemli fikirlərlə dolu təxribatlar da sürətlə davam edir. Əslində əsas məqsəd keçid prosesinin topladığı təcrübəni və nəticəyə çatma imkanını dəyərsizləşdirmək və nəhayət keçid prosesinin qarşısını almaqdır. Bunun üçün bir çox mövzuda problem yaratmaq istəyirlər.

Bununla birlikdə, keçid prosesinə dair aparılan müzakirələrdəki neqativ rəylərin hamısını fikri təxribat və ya pis niyyətli gündəmlərin nəticəsi kimi görmək doğru olmaz. Prosesi səmimi şəkildə narahatlıqla dəyərləndirənləri, yaxşı niyyətlə risk və təhlükə hesab etdikləri məsələlərdə fikir bildirənləri xüsusi olaraq ayırmaq lazımdır. Buna görə də müzakirə ediləcək mövzuları obyektiv baxışla dəyərləndirmək son dərəcə vacibdir.

Müzakirə Edilən və ya İstismar Edilən Bəzi Mövzular

Ən aktual məsələ Komissiyanın verdiyi İmralı dinləməsi qərarıdır. Bu qərarın tələbləri yerinə yetirildikdən sonra vəziyyət fərziyyə xarakterli müzakirələrdən çıxar. Çünki İmralı dinləməsindən sonra yeni və konkret vəziyyət yaranar. Mücərrəd etirazlar ortaya çıxan bu konkret vəziyyət qarşısında mənasını itirər. Həmin nöqtədə fikirlərin müzakirə edildiyi bir mühit formalaşar. Əlbəttə, o zaman da lehinə və əleyhinə fikirlər olacaq. Lakin İmralı dinləməsində keçid prosesinə töhfə verən bir nəticənin ortaya çıxmasının əleyhdar yanaşmaları əhəmiyyətsizləşdirəcəyini nəzərə almaq lazımdır.

Digər bir mövzu isə tarixdəki bütün pis təcrübələri, ağrılı hadisələri, dağıdıcı ifadələri ön plana çıxaran və hər tərəfdən edilən fikri təxribatlardır. Əlbəttə, tarixi görməzdən gəlmək olmaz. Bu günün məsələləri real tarixi şüurla dəyərləndirilsə, doğru həllər istehsal edilər. Tarixi irsin bugünkü və gələcək proseslərə təsiri problemlərin həllinə töhfə vermək istiqamətində olmalıdır. Tarixi təcrübəni problemlərin həllinə maneə kimi istifadə etmək yalnız bu günə və gələcəyə zərər vermək mənasına gəlməz, tarixi həqiqətə də xəyanət olar.

Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyi dövrlərində dövlət daxilindəki bəzi dairələrin kürdlərə qarşı inkar və rədd siyasətlərinə son verən liderliyinin və qurucu siyasətlərinin görməzliyə vurulması da başqa bir fikri təxribat sahəsidir.

Bugünkü mərhələnin Prezident Ərdoğanın böyük liderliyinə və bütün idarəçilik dövrlərində hər sahədə həyata keçirdiyi qurucu siyasətlərə əsaslandığı heç vaxt unudulmamalıdır və bu reallıq daim nəzərdə saxlanılmalıdır.

Dövlət Baxçalının 2024-cü il oktyabrın 1-dən etibarən atdığı qabaqcıl, müdrik və cəsarətli addımlara qarşı yönəlmiş intellektual təxribata qarşı aydın və qəti mövqe tutması da son dərəcə vacibdir.

Keçid mərhələsinin tələbləri ilə demokratiyanın irəli aparılması yanaşmalarını bir-biri ilə qarışdırmamaq da vacibdir. Təbii ki, keçid mərhələsinin özü də demokratik sahənin genişlədilməsi baxımından böyük rola malikdir. Həmçinin keçid mərhələsinin tamamlanması, demokratiyanın inkişafı və möhkəmləndirilməsi istiqamətində aparılacaq geniş islahatlar üçün daha güclü şərtlər yaradacaq. Məsələyə belə yanaşmaq əvəzinə keçid mərhələsi ilə uyğunlaşmayan tələbləri və hətta Türkiyə üçün heç vaxt gerçəkləşməsi mümkün olmayan, fikri tələ adlandırıla biləcək iddiaları irəli sürmək tam bir təxribat olar. Bu mövzuda lazımi diqqəti keçid mərhələsində məsuliyyət daşıyan bütün tərəflərin göstərməsi zərurət kimi önə çıxır.

Keçid Mərhələsi Hüququnun Mərhələləri

Bu gün çatdığımız nöqtədə keçid mərhələsi hüququnun konkret mərhələləri daha da aydınlaşıb.

Görünən odur ki, Komissiya İmralı dinləməsi ilə dinləmə fəaliyyətinə son verəcək. Çox vaxt aparmadan keçid mərhələsi hüququna dair hesabatını hazırlayacaq. Bu hesabatda sistemli terrorun bütün istiqamətləri ilə sona çatdığına dair praktik təsdiqin əldə olunması üçün Məclis və İcra hakimiyyəti baxımından müraciət ediləcək orqanlar, mexanizmlər və prosedurlar barədə təkliflərin olması da gözlənilə bilər. Hesabat Məclis Sədrliyinə təqdim edildikdən sonra qanunvericilik prosesinin də gecikmədən başlayacağı müəyyənləşir.

Komissiyanın adındakı demokratiya ifadəsinə uyğun olaraq, demokratiyanın irəli aparılması yanaşması barədə ayrıca hesabat hazırlayaraq fəaliyyətini tamamlayacağı gözlənilir. Daha əvvəl bildirildiyi kimi, Komissiya demokratiyanın inkişafı haqqında olan hesabatı keçid mərhələsi hüququna dair hesabatdan ayrı yaza bilər. Və ya keçid mərhələsi və demokratiyanın gücləndirilməsi başlıqları altında iki hissədən ibarət tək bir hesabat da hazırlaya bilər. Bunlar tamamilə Komissiyanın öz səlahiyyəti və qərarı daxilindədir.

Dövlət və Kürdlər

Bütün bunlardan başqa, bu günün Türkiyəsində keçid mərhələsinin hədəfə doğru inamla irəlilədiyi bir şəraitdə, dövlətlə kürdlərin münasibətinə bir daha nəzər salaq.

Türkiyədə dövlətlə kürdlər arasındakı gündəm Prezident Ərdoğanın rəhbərliyi dövründə “problem”dən çıxaraq tədricən “müzakirə mövzusu”na çevrilməyə başlayıb. Hazırkı mərhələ dövlətin kürdlərlə münasibətinin problemlər deyil, məsələlər olduğu yeni bir mərhələ kimi təsvir edilə bilər.

Bu məsələlər əsasən belə ifadə oluna bilər:

Ayrılma meyllərinin tamamilə aradan qaldırılması və kürdlərin bütöv halda dövlətlə qüsursuz şəkildə birləşməsi əsas mövzudur.

Türk millətinin bütün ünsürləri (Türkiyə əhalisinin bütün qrupları, Türkiyə cəmiyyətinin bütün təbəqələri) kimi bütün kürdlərin də Türkiyənin demokratik irəliləyişi, inkişafı və möhkəmləndirilməsi gündəmində tam şəkildə məsuliyyət daşıması, Türkiyə baxışına möhkəm bağlanması və Türkiyəni tərəddüdsüz sahiblənməsi əsas istiqamət kimi ifadə oluna bilər.

Hakimiyyətin və milli birliyin dili olan türk dilinin əhatəliliyi ilə kürd dilinin və digər dillərin azadlığı arasında heç bir uyğunsuzluq yoxdur. Bu çərçivədə kürd dilinin azadlığı gücləndiriləcək və davamlı hala gətiriləcək. Kürd dilinin azadlığı ilə bağlı dövlətin qurucu və müsbət yanaşmasına baxmayaraq, sapma adlandırıla biləcək bəzi mənfi təcrübələr varsa, aradan qaldırılacaq.

Həmişə vurğuladığımız kimi, şübhəsiz ki, “bərabər vətəndaşlıq”la bağlı hüquqi problemimiz yoxdur, lakin bütün “vətəndaşlarımız arasında bərabərlik” hissinin praktikada hakim olmasını təmin etmək də ən mühüm vəzifələrdən biridir.

Yerli idarələrin yenidən qurulması məsələsi isə yalnız müəyyən şəhər və rayonların deyil, Türkiyənin bütün şəhər və rayonlarının tələbidir.

Unitar quruluşu dəstəkləyəcək, yerli məclislərə nəzarət, yerli büdcə layihələri, rayon və şəhər xidmət və investisiya proqramlarının hazırlanmasında səlahiyyət verəcək, yerli icrada mərkəzin məsuliyyətini artıraraq tək təşkilat, tək büdcə və tək icra yanaşmasını həyata keçirəcək bir yerli idarəetmə islahatı qaçılmaz hala gəlib.

Etiraz olunmayacaq həqiqət budur: bütün hüquq islahatları mövzularında daha güclü və köklü addımlar ata bilmək üçün Terrorsuz Türkiyə hədəfinə çatmaq çox daha geniş imkanlar yaradacaq.

SON SÖZ

Daha əvvəl də vurğulandığı kimi, Tək Dövlət və Tək Millət Türkiyənin yeganə həqiqətidir. Bu həqiqətin qəbul edilməsindən, sahiblənilməsindən sonra və yalnız bu şərtlə millət öz gələcəyi ilə bağlı qərar vermək gücünə yiyələnir.

Bu günümüzün əsas mövzusu Türkiyə xalqının bütün ünsürləri ilə birlikdə Türk Millətini və Türkiyə Cümhuriyyətini sahiblənməsi, inkişaf etdirməsi və gücləndirməsidir. Türkiyənin əldə edəcəyi bu daxili birlik və möhkəmləndiriləcək daxili, xarici mövqelər Prezident Ərdoğanın dediyi kimi bölgədə türklərin, ərəblərin və kürdlərin bu əsrdə birləşməsini başlada və Türkiyəni hər mənada regionun formalaşdırıcı aktoru halına gətirə bilər. Görünən odur ki, bu tarixi fürsətin gerçəkləşmə mərhələsinə artıq start verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Terrorsuz-Türkiyə   Keçid-prosesi  


Bizi "telegram"da izləyin