Türkiyənin quru döyüş sənayesi və imkanlar – ALTAY Tankı

2025/11/1763028558.jpg
Oxunub: 1555     11:38     17 Noyabr 2025    
2025-ci il oktyabrın 28-də keçirilən mərasimdə “Altay” əsas döyüş tankının Türkiyə Silahlı Qüvvələrinə (TSQ) ilk təhvil verilməsi və tankın kütləvi istehsalının həyata keçiriləcəyi BMC şirkətinin Kahramankazandakı zavodunun açılışı həm Altay layihəsi, həm də Türkiyə müdafiə sənayesi baxımından mühüm dönüş nöqtəsini təşkil edir. Uzun və çətin bir prosesin sonunda meydana çıxan “Altay” Türkiyənin öz imkanları ilə hazırlayıb istehsal etdiyi ilk əsas döyüş tankıdır.

Sənaye baxımından bu, müasir bir əsas döyüş tankı kimi müxtəlif mühəndislik sahələrini və alt sektorları birləşdirən bir məhsulun ərsəyə gətirilməsi Türkiyə müdafiə sənayesinin yetişdiyi səviyyəni göstərir. Çünki çətin texniki və hərbi tələbləri qarşılamaq məcburiyyətində olan bir platformanın layihələndirilməsi, sınaqdan keçirilməsi və istehsalı yalnız əsas istehsalçılar, kiçik və orta müəssisələr (KOBİ), universitetlər və tədqiqat mərkəzlərinin son istifadəçi və dövlətlə səmərəli əməkdaşlığı sayəsində mümkündür.

ZDV-dən “Altay”a: Quru döyüş vasitələri ekosisteminin doğuşu

“Altay”la əldə edilən mərhələni anlamaq üçün Türkiyə hərbi quru vasitələri sənayesinin inkişaf prosesinə qısaca nəzər salmaq faydalıdır.

Türkiyə müdafiə sənayesinin yenidən qurulması 1985-ci ildə, sonradan Müdafiə Sənayesi Komitəsi adını alacaq Müdafiə Sənayesini İnkişaf və Dəstək İdarəsinin yaradılması ilə sürət qazanıb. Sektorun inkişafı üçün zəruri olan istehsal infrastrukturunu və kadr potensialını formalaşdırmaq məqsədilə irimiqyaslı birgə istehsal layihələri həyata keçirilib. Bu çərçivədə nəzərdən keçirilən layihələrdən biri də Quru Qoşunları Komandanlığının ehtiyacı üçün lisenziya əsasında istehsal olunması planlaşdırılan Zirehli Döyüş Vasitəsi (ZDV) layihəsi idi.

Layihə çərçivəsində müxtəlif tip və sayda ZDV və Zirehli Personal Daşıyıcısının (ZPD) montaj və təhvili üçün ABŞ-nin FMC şirkəti ilə “Nurol” ortaq şəkildə FNSS şirkətini qurdu. Sonrakı dövrdə FNSS həm TSQ, həm də xarici müştərilər üçün çoxsaylı fərqli növ vasitələr hazırlayıb istehsal etdi. 1980-ci illərin sonlarında “Land Rover” tipli taktiki təkərli vasitə istehsalı ilə hərbi sahəyə daxil olan OTOKAR şirkəti isə 1990-cı illərdə ZPD, “Akrep” və “Cobra” modellərini hazırlayaraq həm TSQ-yə, həm də xarici bazarlara təqdim etdi.

1990-cı illərdə terrorla mübarizə və daxili təhlükəsizlik əməliyyatlarının müəyyən etdiyi ehtiyaclar hərbi quru vasitələri istehsalçılarının layihə və mühəndislik bacarıqlarını sürətlə inkişaf etdirməsində mühüm rol oynadı. Türkiyəyə qarşı tətbiq edilən gizli və açıq embarqolar təkcə platforma deyil, həm də bir çox kritik alt sistem və komponentin ölkə daxilində hazırlanmasını və ya alternativ mənbələrdən təmin olunmasını zəruri etdi. Bu ehtiyac nəticəsində, başda ASELSAN və MKE olmaqla sənaye iştirakçıları sensor, silah, rabitə və digər elektron sistemlər hazırladı, eyni zamanda mülki avtomobil sektorunun hərbi nəqliyyat vasitələri sahəsi ilə əməkdaşlığı dərinləşdi.

Türkiyə bu model ilə Avropanın bir çox ölkəsində mövcud olan mərkəzləşdirilmiş sənaye quruluşundan fərqli, rəqabətçi və çoxmərkəzli bir ekosistem formalaşdırdı. Bu rəqabət texnoloji inkişafı sürətləndirdi.

Bu ekosistemin yetkinləşməsində TSQ və təhlükəsizlik qüvvələrinin əməliyyat təcrübəsi mühüm rol oynadı. Şərqi və Cənubi-Şərqi Anadolu bölgələrinin çətin coğrafiyasında minalar, əl istehsalı partlayıcılar və tank əleyhinə silahlarla qarşılaşan vasitələr üçün zireh müdafiəsi, hədəf aşkarlama və atəş gücü kimi sahələrdə orijinal həllər hazırlanıb. FNSS, “Nurol Makina”, BMC və OTOKAR kimi istehsalçıların vasitələri birbaşa döyüş şəraitində sınaqdan keçib.

2016-cı ildən etibarən Suriyada, daha sonra Liviyada, Azərbaycanda və İraqın şimalında aparılan əməliyyatlar, vasitə dizaynında yalnız nəzəri deyil, real döyüş təcrübəsinə əsaslanan qərarların qəbuluna səbəb olub. Xüsusilə zirehli döyüş vasitələri və personal daşıyıcılar mina və əl istehsalı partlayıcılara qarşı müdafiə, sensor inteqrasiyası, açıq memarlıq avionikası, uzaqdan idarə olunan silah sistemləri və pilotsuz uçiş aparatları ilə koordinasiya sahəsində ciddi inkişaf əldə edib.

M60T tankları üçün hazırlanan modernizasiya paketi (TİYK) sahədəki ehtiyaclara qısa müddətdə effektiv cavab verilməsinin ən konkret nümunəsidir. Bu layihə ilə tankların üzərindəki bütün elektron sistemlər milli imkanlarla istehsal edilə bildi və mühərrik-transmissiya istisna olmaqla xarici asılılıq aradan qaldırıldı. Bu təcrübə Türkiyənin layihə anlayışını “modulyar, tez uyğunlaşdırıla bilən və tapşırığa görə konfiqurasiya edilə bilən” bir modelə yönəltdi.

Güc qrupu mərhələsi

“Altay” tankının təhvili Türkiyənin quru sistemlər sahəsində əldə etdiyi texniki dərinliyin göstəricisidir. Güc paketi ilə bağlı gecikmələr və tədarük zəncirinin təhlükəsizliyi bu proqramı yalnız texniki deyil, həm də strateji layihəyə çevirdi. Mühərrik və transmissiya sisteminin yerli istehsalı üzərində aparılan işlər Türkiyəni bu sahədə xarici asılılıqdan azad etməyi hədəfləyir. Bu hədəf reallaşdıqda, “Altay” təkcə bir tank deyil, həm də Türkiyənin zirehli vasitələr ekosistemində strateji müstəqilliyin əsas sütunlarından biri olacaq.

Layihənin başlanğıcında alman mühərrik dəstinin sanksiyalar səbəbilə əldə edilə bilməməsi, daha sonra avstriyalı texniki tərəfdaşın eyni şəkildə layihədən çəkilməsi və nəticədə Cənubi Koreya üzərindən alternativ axtarışın aparılması, belə layihələrdə uzunmüddətli və çoxsəviyyəli risk idarəçiliyinin əhəmiyyətini bir daha göstərdi.

Eyni zamanda yerli güc qurğusu layihəsi büdcə, məsuliyyət bölgüsü, intellektual mülkiyyət və təşkilati koordinasiya kimi məsələlərdə də ciddi təcrübə qazandırdı. “Altay” bu mənada Türkiyəyə strateji proqram idarəçiliyi baxımından mühüm dərslər verdi.

Türkiyənin quru döyüş texnologiyalarındakı bu inkişafı Avropa təhlükəsizlik sisteminə çoxşaxəli töhfə verə bilər. Birincisi, Rusiya-Ukrayna müharibəsi fonunda Avropada yaranan sənaye istehsal boşluğunu doldurmaq üçün sürətli istehsal və modernizasiya qabiliyyəti tələb olunur. Türkiyənin modulyar layihə yanaşması, rəqabətçi büdcə strukturu və çevik istehsal gücü bu ehtiyaca cavab verir.

İkincisi, Türkiyənin döyüş təcrübəsi Avropanın uzun illərdir qarşılaşmadığı intensiv müharibə şəraitinə dair praktik biliklərə sahibdir.

Üçüncüsü, Türkiyənin geosiyasi mövqeyi Avropanın quru təhlükəsizliyi üçün strateji bufer rolunu oynayır. Orta Şərq, Qafqaz və Qara dəniz bölgələrindəki gərginliklər Avropanın birbaşa təhlükəsizliyini təhdid edir. Türkiyənin hazırladığı və döyüşdə sınaqdan keçmiş vasitələr müxtəlif coğrafi şəraitlərə uyğun, tez yerləşdirilə bilən sistemlər təqdim edir.

Birgə istehsal üçün imkanlar

Türkiyə ilə Avropa ölkələri arasında müdafiə sənayesi əməkdaşlığı yalnız tədarük səviyyəsində deyil, həm də birgə inkişaf, istehsal və texnologiya paylaşımı əsasında qurulmalıdır. Bu əməkdaşlıq Avropanın strateji müstəqillik konsepsiyasını dəstəkləyə və NATO standartlaşdırmasına töhfə verə bilər.

Xüsusilə “Altay” əsas döyüş tankı, “Arma” və ya “Pars” kimi təkərli zirehli döyüş vasitələrinin gələcək versiyaları birgə AR-GE modeli ilə Avropa ilə birgə hazırlanarsa, bu həm sənaye, həm də siyasi əlaqələri gücləndirəcək.

Nəticə etibarilə, “Altay” tankının təhvili Türkiyənin quru döyüş texnologiyalarında dönüş nöqtəsini göstərməklə yanaşı, Avropa təhlükəsizlik sisteminin sənaye və hərbi problemlərinə cavab verə biləcək potensialın Türkiyədə olduğunu da sübut edir. Türkiyə müdafiə sənayesi sahə təcrübəsinə əsaslanan dinamik layihə yanaşması, çoxsəviyyəli tədarük modeli və inkişaf edən texnoloji infrastrukturu sayəsində Avropanın birgə müdafiə qabiliyyətinə mühüm töhfə verə bilər.

Gələcək dövrdə əsas məsələ bu potensialın siyasi və strateji baxımdan düzgün istiqamətləndirilməsi olacaq. Türkiyənin quru döyüş texnologiyasındakı bu yetkinləşmə, müdafiə sənayesinin yalnız milli tələbləri deyil, həm də beynəlxalq təhlükəsizlik sistemində artan rol oynaya biləcəyinin göstəricisidir.

Müdafiə analitiki Arda Mevlütoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Altay   Tank   Türkiyə  


Bizi "telegram"da izləyin