Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi səhnədə qalması demək olar ki, möcüzədir. 2018-ci ildəki “Məxməri inqilab”dan sonra hakimiyyətə gələn baş nazir 2020-ci il Qarabağ müharibəsinin fəsadlarına, Kreml tərəfindən dəstəklənən Erməni Apostol Kilsəsinin açıq düşmənçiliyinə və guya çevriliş cəhdlərinə baxmayaraq, hələ də hakimiyyətdə qalmağı bacarıb. Paşinyanın Azərbaycanla sülh və Qərblə yaxınlaşma siyasəti ona Rusiya hökumətindən tutmuş diaspor təşkilatlarına və keçmiş erməni rəhbərlərinə qədər bir çox güclü düşmənlər qazandırıb.
Yekun sülh sazişi yaxınlaşdıqca və gələn il parlament seçkiləri ərəfəsində vəziyyət daha da gərginləşir. Əgər Paşinyan hakimiyyətdə qalmağı bacarsa, Ermənistanı çoxdan arzulanan sülh dövrünə aparmaq şansı var. Əks halda, ölkə Gürcüstan kimi yenidən Moskvanın təsir dairəsinə düşə və Cənubi Qafqazda yeni münaqişə alovu alışa bilər.
8 avqust Vaşinqton Sülh Sammitində ABŞ prezidenti Donald Tramp Paşinyanın cəsarətini alqışladı. Qarabağ uğrunda 30 illik düşmənçilikdən, xüsusilə Bakının döyüş meydanında qazandığı qələbədən sonra Azərbaycanla sülh axtarmaq siyasi baxımdan çox çətin idi. Əgər Vaşinqton bu sülhü qorumaq istəyirsə, Paşinyanın siyasi gələcəyini də qorumağa borcludur. O, hələ də ölkənin ən populyar siyasətçisi olsa da, hazırda cəmi 17 faiz dəstəyə malikdir, bu, geniş ictimai məyusluğun və apatiyanın göstəricisidir.
ABŞ Paşinyanın siyasətinin real faydalar gətirdiyini sübut etməsinə kömək edə bilər. Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsünə və formalaşmaqda olan süni zəka sektoruna strateji sərmayə qoyuluşu iqtisadiyyatı gücləndirə, yeni iş yerləri aça və ölkənin əsas tranzit mərkəzinə çevrilməsini təmin edə bilər. Vaşinqton həmçinin Erməni Milli Komitəsi (ANCA) kimi yaxşı maliyyələşdirilən diaspor qruplarının təzyiqlərinə qarşı durmalıdır, çünki bu qruplar müharibənin nəticələrini özləri yaşamadan sülhə qarşı çıxırlar.
Ümidverici haldır ki, Ermənistan sülh səylərinin ilk real nəticələrini görməyə başlayıb. Bu həftə Azərbaycan Ermənistan istiqamətində yük daşınmasına icazə verəcəyini açıqlayıb və Qazaxıstandan ilk buğda partiyasının yaxın vaxtlarda Azərbaycan ərazisindən keçməsi gözlənilir. Bu, kiçik, lakin simvolik cəhətdən mühüm addımdır, regional iqtisadi inteqrasiyanın başlanğıcıdır.
Ermənistanın tranzit mərkəzi kimi rolu ABŞ üçün birbaşa əhəmiyyət kəsb edir. Rusiya və İranı kənarda qoyan, Şərqi Asiyadan Avropaya uzanan mühüm Orta Dəhliz hazırda Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçir. Lakin Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası dövründə Moskvaya meyillənməsi onun etibarlılığına kölgə salır. Ermənistan bu vəziyyətdə mühüm alternativ rolunu oynaya bilər.
Paşinyan bunu 2023-cü ilin oktyabrında “Sülh kəsişməsi” təşəbbüsünü başlatdığı zaman öncədən görmüşdü. Layihə Ermənistanı regional əlaqə mərkəzinə çevirməyi, dəmir yolları, magistrallar, boru kəmərləri və enerji xətlərini yeniləməyi nəzərdə tutur. Onilliklər boyu Ermənistanın regional təcridi Türkiyə və Azərbaycanla bağlanmış sərhədlərdən qaynaqlanırdı. İndi isə xüsusilə Rusiya, İran və Qırmızı dəniz üzərindən keçən marşrutlar qlobal münaqişələr səbəbindən qeyri-sabitləşdikcə bu sərhədlərin yenidən açılmasını təmin edəcək sülh sazişi ilə Ermənistan Şərq-Qərb tranzit xətti kimi mühüm mövqe qazanmaq fürsəti əldə edir.
Lakin Moskva kənarda dayanmayacaq. Rusiya səfiri Sergey Kopirkin açıq şəkildə bildirib: “Rusiya Cənubi Qafqazdan nə çıxmır, nə də regiondakı vəziyyətə, Ermənistan ilə münasibətlərinə diqqətini zəiflədir. Ermənistan bizim qardaş və müttəfiq ölkəmizdir”. O, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını “Ermənistan təhlükəsizliyinin ən mühüm dayağı” adlandırıb. Rusiya üçün Ermənistan uzun müddətdir öz nüfuz dairəsinin bir hissəsi olub və Kreml bu təsirini asanlıqla əldən verməyəcək.
Artıq rusiyapərəst erməni oliqarx Samvel Karapetyan çevriliş cəhdinə görə həbs olunub, Erməni Apostol Kilsəsinin yüksək rütbəli nümayəndələri isə açıq şəkildə Paşinyanın devrilməsi üçün çağırışlar edirlər. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, ölkənin Rusiyaya inteqrasiyasının tərəfdarı olan şəxs onun ən kəskin tənqidçilərindən biridir və həm kilsə, həm də Karapetyanla ittifaq halındadır. Kreml təbliğatçıları, o cümlədən Marqarita Simonyan və Vladimir Solovyov Paşinyanın devrilməsi və Rusiyanın Karapetyanı “qoruması” üçün çağırış edirlər.
Paşinyanın zəifləmiş siyasi dayaqları bu təhlükəni daha da artırır. Onun “Vətəndaş Müqaviləsi” partiyasının reytinqi 2018-ci ilin eforiyasından sonra kəskin şəkildə azalıb, o vaxt o, 82 faiz dəstəyə malik idi. 2020-ci ildəki Qarabağ müharibəsinin ikinci mərhələsi dönüş nöqtəsi oldu: Azərbaycanın əksər əraziləri geri alması kütləvi etirazlara səbəb oldu və nümayişçilər Paşinyanı “xain” adlandırdılar. 2023-cü ildə Azərbaycanın qalan əraziləri azad etməsi və Qarabağda yaşayan ermənilərin könüllü köçü Paşinyana daha bir ağır zərbə vurdu. Ötən il kilsə onun əleyhinə böyük nümayişlər təşkil etdi.
Lakin tənəzzülə yalnız Paşinyan deyil, həm də Rusiya məruz qalıb. Bir vaxtlar Ermənistanın “əvəzolunmaz müttəfiqi” sayılan Rusiya indi ictimai etimadın kəskin azalması ilə üzləşib. 2019-cu ildə ermənilərin 93 faizi İrəvan-Moskva münasibətlərini “yaxşı” hesab edirdi. 2024-cü ilin sentyabrına qədər bu rəqəm cəmi 35 faizə düşüb. Bir çox ermənilər Rusiyanı Qarabağ münaqişəsində Ermənistanı “satmaqda” ittiham edirlər. Köçəryan kimi rusiyapərəst siyasətçilərin reytinqi isə daha da aşağıdır: cəmi 2 faiz.
Rusiya zəifləyib, amma oyundan çıxmayıb. Əgər Moskva Paşinyanı devirməyə nail olsa, erməni narazılığından və millətçiliyindən istifadə edərək Azərbaycanla yeni qarşıdurmanı alovlandıra bilər, nəticədə hər iki tərəfi yenidən öz təsir dairəsində saxlamağa çalışacaq, necə ki, bunu illərlə Qarabağda etmişdi.
ABŞ üçün Paşinyanın uğuru təkcə bir liderin siyasi taleyi məsələsi deyil, bu, postsovet məkanında sülh və suverenliyin bir arada mümkün olduğunu sübut etmək deməkdir. Ermənistanın gələcəyi və bəlkə də bütün Cənubi Qafqazın sabitliyi bundan asılıdır.
Aqil Məmmədov
Ordu.az