Demək olar ki, bir illik davamlı bombardman və Qəzzadakı dağıntılardan sonra İsrail hökuməti keçən həftə atəşkəs imzalasa da, hələ də “qələbəsini tamamlamaqda qərarlı” olduğunu iddia edir. Lakin real vəziyyət tam başqa mənzərə yaradır. Qəzzanın xarabalıqlarından təxminən 15.000 HƏMAS döyüşçüsünün yenidən silahlanmış halda ortaya çıxdığı, onların artıq nəzarəti bərpa etməyə çalışdığı bildirilir. Anklavdan gələn xəbərlərə görə, bu şəxslər guya əməkdaşlıqda şübhəli bilinənləri küçələrdə axtarıb edam etməyə başlayıblar. Yəni HƏMAS məhv edilməyib, o, qan içində, parçalanmış, lakin sınmamış şəkildə sağ qalıb.
Bu nəticə heç kəsi təəccübləndirməməlidir. Bütün etibarlı terrorizmlə mübarizə ekspertləri uzun zamandır xəbərdarlıq edirlər ki, HƏMAS-ı yalnız hərbi yollarla məhv etmək mümkün deyil. Bu təşkilat sadəcə döyüşçülər və tunellər şəbəkəsi deyil, o, Fələstin cəmiyyətində dərin kök salmış siyasi və ideoloji hərəkatdır. Birləşmiş Ştatların “Əl-Qaidə” və İŞİD ilə təcrübəsi göstərdi ki, liderləri öldürmək, infrastrukturu dağıtmaq, əraziləri işğal etmək mümkündür, amma ideyanı bombalamaq mümkün deyil.
İsrailin “tam qələbə” məqsədi əvvəldən bir ilğımdan başqa bir şey deyildi. HƏMAS-ın komanda strukturu zəiflədilib, lakin o, hələ də kiçik qruplar və yerli milislər şəklində fəaliyyətini davam etdirir. İsrailin kampaniyası Qəzzanın mülki əhalisini məhv edib, on minlərlə insanı öldürüb, milyonlarla adamı didərgin salıb və bütöv məhəllələri yer üzündən silib. Amma HƏMAS-ın yaranmasına səbəb olan əsas amillər, yəni ümidsizlik, hüquqsuzluq və dövlətsizlik hələ də qalmaqdadır, hətta daha da dərinləşib.
HƏMAS necə hakimiyyətə gəldi?
HƏMAS-ın hakimiyyətə gəlişini xatırlamaq vacibdir. 2000-ci illərin əvvəlində Fələstin Muxtariyyəti və onun əsas partiyası “Fəth” korrupsiya, qohumbazlıq və səriştəsizliklə sinonimə çevrilmişdi. İllərlə davam edən uğursuz sülh danışıqları, iqtisadi tənəzzül və İsrailin yaşayış məntəqələrini genişləndirməsi nəticəsində adi fələstinlilər “Fəth”in ən sadə xidmətləri belə təmin edə bilməsinə və ya dövlət quruculuğu istiqamətində irəliləyişə nail olmasına inamlarını itirdilər. HƏMAS isə bu narazılıqdan məharətlə istifadə etdi, özünü təmiz, nizamlı və müqavimətçi bir alternativ kimi təqdim etdi, sosial ədalət və müqavimət hərəkatı kimi çıxış etdi.
2006-cı ildə HƏMAS Qəzzada parlament seçkilərini udduqda, bu, “Fəth”in tənəzzülünə qarşı etiraz səsi idi, islamçı ekstremizmə dəstək deyildi. Lakin hakimiyyətə gəldikdən sonra HƏMAS tanış bir avtoritar ssenari izləməyə başladı, güc tətbiq edərək nəzarəti tam ələ aldı, rəqib fraksiyaları Qəzzadan qovdu, gələcək seçkiləri ləğv etdi və hərbiləşdirilmiş mini-dövlət qurdu. Liderləri xalqın rifahına deyil, tunellərin, raketlərin və daimi ordunun yaradılmasına böyük vəsaitlər yönəltdilər.
Netanyahu dövründə İsrail siyasətinin rolu
Lakin çox zaman diqqətdən qaçan mühüm məsələ budur: İsrailin, xüsusilə də Benyamin Netanyahu dövründəki siyasəti HƏMAS-ın möhkəmlənməsinə bilavasitə töhfə verib. Netanyahu uzun illər “ayırma” strategiyasını həyata keçirərək, fələstinliləri Qəzza ilə İordan çayının qərb sahili arasında qəsdən parçalanmış vəziyyətdə saxladı. Birləşmiş Fələstin rəhbərliyi iki dövlətli həll danışıqları üçün diplomatik güc yarada bilərdi, lakin parçalanmış rəhbərlik bunu mümkünsüz etdi. Əməli şəkildə bu, Netanyahunun Qəzzada HƏMAS hakimiyyətinə səssiz razılıq verməsi, eyni zamanda Qərb sahilində Fələstin Muxtariyyətini zəiflətməsi demək idi.
Bu cür hesablamalar qısamüddətli siyasi məqsədlər üçün əlverişli olsa da, uzunmüddətli perspektivdə fəlakətli nəticələr doğurdu. Netanyahu HƏMAS-ın hakimiyyətini qoruyaraq Fələstin milli hərəkatının parçalanmış vəziyyətdə qalmasını və iki dövlətli həllin qeyri-mümkün olmasını təmin etdi. Beləliklə, HƏMAS-ın davamlı hakimiyyəti İsrailin fəaliyyət göstərməməsi üçün əlverişli bəhanəyə çevrildi, bu müddətdə İsrail məskunlaşma fəaliyyətini genişləndirdi, hücumu dərinləşdirdi və siyasi kompromislərdən yayınmağa davam etdi.
Sülh prosesinin dondurulmasının faciəvi nəticəsi
Sülh prosesini dondurmaq məqsədilə həyata keçirilən bu siyasət indi İsrailin özünə qarşı dönüb. 7 oktyabr hücumları İsrailin təhlükəsizlik hissini sarsıtdı, dağıdıcı müharibə başlatdı və sülh prosesini ən azı bir nəsil geriyə atdı. İsrail hökumətinin HƏMAS-ı məhv etmək üçün tətbiq etdiyi “mütləq güc” strategiyası Qəzzanı viran qoydu, lakin hərəkatın ideologiyasını məhv edə bilmədi.
HƏMAS-ın ideoloji dayanıqlığı
Əslində, HƏMAS-ın təmsil etdiyini iddia etdiyi insanlar arasında təşkilata dərin sevgi yoxdur. Əksinə, bir çox fələstinlilər onu ailələrinə və məhəllələrinə ölüm və dağıntı gətirməkdə ittiham edirlər. Lakin siyasi alternativin və ya sülhə doğru inandırıcı bir yolun olmaması şəraitində HƏMAS-ın hekayəsi yaşayır. Ekstremizm ümidsizlikdən qidalanır və Qəzzada bu ümidsizlikdən artıq çoxdur.
Həqiqi qələbə ideyalarla qazanılacaq
HƏMAS-ı həqiqətən məğlub etməyin yeganə yolu silah gücü deyil, ideya gücüdür. HƏMAS-ın təməl ideyası budur ki, zorakılıq dövlətsiz bir xalq üçün ləyaqətə gedən yeganə yoldur. Bu hekayəni təkzib etməyin ən etibarlı yolu fələstinlilərə real alternativ təqdim etməkdir: beynəlxalq səviyyədə dəstəklənən, iki dövlətli həllə aparan inandırıcı yol xəritəsi.
Bu isə Fələstin siyasi institutlarının legitimliyinin bərpasını, Qəzzanın yeni texnokratik və ya çoxtərəfli administrasiya altında yenidən qurulmasını və şəhidlik yox, idarəetmə məqsədi güdən mülayim liderlərin gücləndirilməsini tələb edir. ABŞ və əsas Ərəb dövlətlərinin rəhbərliyi altında beynəlxalq ictimaiyyət yenidənqurma yardımlarını siyasi islahatlar və seçkilərin keçirilməsi üçün konkret vaxt cədvəli ilə şərtləndirməlidir. İsrail isə anlamalıdır ki, onun təhlükəsizliyi daimi mühasirə və hücum vasitəsilə deyil, yalnız birgəyaşayışla təmin oluna bilər.
İsrailin apardığı kampaniya bir daha sübut etdi ki, düşmənin ordusunu məğlub etmək mümkündür, lakin onun ideologiyasını yox. Bu müharibəyə mənalı son qoymaq üçün İsrail və onun müttəfiqləri artıq tunelləri dağıtmağa deyil, ümid inşa etməyə diqqət yetirməlidirlər. HƏMAS ilə mübarizə Qəzzanın xarabalıqlarında deyil, yalnız növbəti nəsil fələstinlilərin qəlbində və zehnində, əgər onlara inanmağa dəyər bir gələcək verilərsə qazanıla bilər.
Asif Cəfərov
Ordu.az