Rusiya-Ukrayna müharibəsi dördüncü ilinə yaxınlaşsa da, hələ də beynəlxalq gündəmin ən qaynar və həlledici mövzularından biri olmağa davam edir. Bunun səbəblərindən biri, müharibənin artıq çoxdan demək olar ki, Rusiya ilə Qərb arasında bir mübarizəyə çevrilməsi və hər an daha böyük problemlərə yol aça biləcək potensiala sahib olmasıdır. Digər tərəfdən, xüsusilə Donald Trampın ABŞ prezidenti olması ilə Rusiyaya qarşı Qərb blokunda mövzu ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. Bölgədə istədiklərinin böyük hissəsini əldə edən ABŞ lideri müharibənin bir an əvvəl başa çatmasını istəsə də, Avropa liderləri mövcud şəraitdə buna o qədər də müsbət yanaşmırlar. Avropanın bu mövqeyinə və Donald Trampın çox arzuladığı 2025 Nobel Sülh Mükafatını ala bilməməsinə baxmayaraq, ABŞ lideri iki slavyan qardaşını barışdırmaqda qərarlı görünür. Keçən həftəsonu Vaşinqtonda da bu istiqamətdə intensiv diplomatik səylər göstərilib.
Moskvanın Zelenskinin səfərini kölgədə qoyan addımı
Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 17-də bir daha Ağ Evi ziyarət edərək Donald Tramp ilə görüş keçirdi. Bütün keçən həftə bu səfərin ardından Ağ Evin nəhayət Kiyev rəhbərliyinin illərdir tələb etdiyi “Tomahawk” raketlərini Ukraynaya verəcəyi iddia edilirdi. Lakin Kreml bu silahların yalnız Rusiya-ABŞ münasibətlərinə zərər vuracağını bəyan etdi.
Ancaq Zelenskinin səfərindən bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin ilə Donald Tramp arasında telefon danışığının baş tutması Rusiya-Ukrayna xəttindəki tarazlığı bir daha Moskvanın xeyrinə dəyişdi. Bu telefon danışığı Zelenskinin səfərini demək olar ki, “mənasızlaşdırdı”. Çünki Tramp bu mərhələdə Ukraynaya istədiyi texnologiyaların verilə bilməyəcəyini açıqlamaqla yanaşı, yeni bir Tramp-Putin görüşünün keçiriləcəyi xəbərini də verdi. Ümumiyyətlə, son aylarda cəbhədəki döyüşlərlə yanaşı, tərəflər arasında diplomatik mübarizə də gedir və bu sahədə də balanslar çox tez dəyişə bilir.
Hər iki görüşün gündəmi: “Tomahawk” raketləri
Hər iki görüşün bütün təfərrüatları bəlli olmasa da, Tramp hər iki tərəfə təzyiqi ustalıqla davam etdirir. Putinlə görüşdən sonra Trampın “Tomahawk” raketlərini Ukraynaya verməkdən imtina etməsi bunu göstərdiyi kimi, Rusiyanın da ABŞ-yə yeni təkliflər verdiyini söyləmək mümkündür. Telefon danışığı təşəbbüsünün Moskvadan gəlməsi də bunun sübutudur. Bu addım eyni zamanda Moskvanın diplomatik uğuru kimi də dəyərləndirilə bilər.
ABŞ mediasında yayılan xəbərlərə görə, Rusiya Ukraynanın qondarma “Donetsk”dən tamamilə imtina etməsini istəyib, bunun müqabilində isə guya Zaporojye və Xerson bölgələrinin bir hissəsindən geri çəkilməyə razılaşıb. Rusiya tərəfi məsələ ilə bağlı açıqlama verməsə də, Tramp Rusiyanın da sülh istədiyini bildirib. Digər tərəfdən, görünür ki, Putin Trampı Ukraynaya “Tomahawk”ların verilməsinin iki ölkə arasındakı münasibətləri mənfi təsirləndirəcəyi və Rusiya-Ukrayna gərginliyini çıxılmaz vəziyyətə salacağına inandıra bilib.
Bundan başqa, Rusiya bunun qarşılığında Venesuela və Kuba kimi ölkələrə öz texnologiyalarını yerləşdirmək məsələsini bir daha gündəmə gətirib. Keçən həftə Rusiya parlamenti Venesuela ilə strateji əməkdaşlıq sazişini təsdiqləmişdi. Bütün bunlardan asılı olmayaraq, ABŞ rəsmiləri bu texnologiyalara özlərinin də ehtiyacı olduğunu bildirirlər. Bu da göstərir ki, Tramp bir çox beynəlxalq problemin həllinə müəyyən dərəcədə töhfə versə də, daim ehtiyatlı davranır.
Vladimir Putin “son dəqiqə zəngi” ilə Rusiya baxımından mühüm addım atarkən, Donald Tramp da öz oyununu davam etdirir. Əvvəllər olduğu kimi, Rusiyanın təsiri altında qalmaq ittihamlarının qarşısını almaq üçün Tramp “Tomahawk” məsələsinin yaxın günlərdə yenidən gündəmə gələ biləcəyini bildirib. Başqa sözlə, “Tomahawk”lar hələlik ABŞ-nin hər iki tərəflə apardığı danışıqlarda əsas kozlardan biri kimi istifadə olunur. Tramp, həmçinin Rusiyaya qarşı sanksiyalar məsələsini də gündəmdə saxlayır. Belə bir siyasət izləməklə Tramp hər iki ölkəni güzəştə məcbur etməyə çalışır.
Trampdan yeni təklif
Ukrayna lideri ilə keçirilən görüşdən sonra Donald Tramp “olduqları yerdə qalaraq hər iki tərəfin də qələbə elan etməsi” təklifini irəli sürdü. Zelenski sülhdən yana olduğunu göstərmək üçün bu təklifi müsbət qarşıladı, lakin Moskvadan rəsmi reaksiya olmadı. Trampın “sülhə indiyə qədər heç vaxt olmadığı qədər yaxın olduqlarını” deməsi isə Moskvanın da buna qarşı olmadığını düşündürür. Halbuki Rusiya rəsmiləri dəfələrlə “xüsusi əməliyyat” adlandırdıqları bu müharibəni əsas məqsədlərinə (dörd bölgənin tam nəzarət altına alınması və Ukraynanın silahsızlaşdırılması) çatana qədər davam etdirəcəklərini bildirmişdilər.
Budapeştə Zirvəsinə doğru
Tərəflərin məsələyə dair qəti mövqeləri qarşıdakı günlərdə Budapeştdə keçiriləcək görüşdən sonra daha aydın ortaya çıxacaq. Budapeştin görüş yeri kimi seçilməsi, şübhəsiz, təsadüfi deyil. Macarıstan Avropa İttifaqı (Aİ) ölkələri arasında Rusiya-Ukrayna müharibəsinin bir an əvvəl bitməsini istəyən nadir dövlətlərdəndir. Həmçinin Macarıstanın Baş naziri Viktor Orbanın hər iki liderlə qurduğu səmimi dialoq da diqqət çəkir. Budapeştin görüş yeri kimi seçilməsi Trampın Aİ ölkələrini qıcıqlandırmaq istəməməsi ilə də bağlı ola bilər. Eyni zamanda, Tramp bu seçimlə Aİ-nin Macarıstana yönəltdiyi tənqidlərə qarşı Budapeştə dəstək verə bilər.
Diplomatik addımlar və tərəflərin əlindəki “kozırlar”
Son hadisələr bir daha göstərir ki, Ukraynada sülhün təmin olunmasında Rusiya ilə ABŞ arasında aparılan danışıqlar həlledici rol oynayır. Bununla belə, hər görüş Ukraynada sülhə bir addım yaxınlaşma kimi qiymətləndirilsə də, indiyədək konkret nəticə əldə olunmayıb. Nəticədə cəbhədə döyüşlər və pilotsuz uçuş aparatı hücumları davam edir. Xüsusilə Tramp hakimiyyətə gəldikdən sonra tərəflər Putinin “son dəqiqə zəngi” nümunəsində olduğu kimi, diplomatik addımlardan da çəkinmirlər.
Rusiya bu prosesdə ustalıqla istifadə etdiyi arqumentlərdən biri kimi Rusiya-ABŞ münasibətlərinin normallaşmasının ABŞ üçün də faydalı olduğunu vurğulayır. Moskva ikitərəfli münasibətlərdə ticarətdən tutmuş beynəlxalq problemlərin birgə həllinə qədər bir çox təklif irəli sürür. Rusiyanın ABŞ-nin Alyaska ştatı ilə Rusiyanı birləşdirəcək və yük daşımalarında da istifadə edilə biləcək tunel inşa etmə təklifi də bu çərçivədə dəyərləndirilməlidir.
Bu diplomatik oyunda, şübhəsiz, Ukraynanın da ustalıqla istifadə etdiyi “kozırlar” var. Bunlardan biri Ukraynanın arxasında dayanan Aİ dəstəyidir. Kiyev rəhbərliyi bir tərəfdən Aİ-yə Rusiyanın onlar üçün də təhlükə olduğu mesajını ötürməyə davam edir, digər tərəfdən isə Zelenskinin mövqeyi Aİ-nin dəstəyinin davam etməsini və oyunun içində qalmasını təmin edir. Bu, təbii olaraq həm Moskvanı, həm də Vaşinqtonu narahat edən məsələlərdən biridir. Bu məqamda Budapeştin növbəti görüşün ev sahibi kimi seçilməsi də başa düşüləndir.
Qış aylarının yaxınlaşması ilə cəbhədə döyüşlərin intensivliyinin azalacağı şübhəsizdir. Bu müddətdə tərəflər əlindəki kozlardan istifadə edərək bir tərəfdən diplomatik oyunu davam etdirəcək, digər tərəfdən isə nəticə əldə olunmayacağı ehtimalı ilə müharibənin yeni mərhələsinə hazırlaşacaqlar. İnsan və maddi itkilər artdıqca müharibənin dayandırılması çətinləşdiyindən, müharibənin dördüncü ilini tamamlamadan sona çatdırılması və daha çox itkinin qarşısının alınması böyük əhəmiyyət daşıyır. Budapeşt görüşləri də bu baxımdan, İstanbul və Alyaska zirvələri kimi, hər şeyə rəğmən yeni bir fürsət kimi qiymətləndirilməlidir.
Asif Cəfərov
Ordu.az