Azərbaycan Lideri Qafqazda Yeni Reallıq Yaradır: Tranzitdən Sülhə

2025/10/1761048314.jpg
Oxunub: 956     16:04     21 Oktyabr 2025    
Azərbaycanın Ermənistan istiqamətində yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırması regionda yeni geosiyasi reallığın formalaşmasının simvoludur. Bu qərar təkcə iqtisadi münasibətlərin bərpası deyil, həm də uzun illər davam edən münaqişədən sonra yaranmış inamsızlıq divarının yıxılması anlamına gəlir. Prezident İlham Əliyevin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşdə dediyi kimi, bu addım “kağız üzərində deyil, praktikada sülhün göstəricisidir”.

Azərbaycanın bu qərarı strateji baxımdan iki əsas təməl üzərində dayanır: güc və sülhpərvərlik. Güc, torpaqların azad olunmasından sonra dövlət suverenliyinin tam bərpası, iqtisadi və hərbi üstünlüyün təmin edilməsi deməkdir. Sülhpərvərlik isə bu gücün destruktiv deyil, konstruktiv istiqamətdə – regionda dayanıqlı sabitlik və əməkdaşlıq yaratmaq üçün istifadəsidir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illər davam edən müharibə və gərginlikdən sonra indi sülhün təminatçısına çevrilir.

Qazaxıstan bu kontekstdə xüsusi yer tutur. İlk tranzit yükün Qazaxıstan buğdasının Aktau-Bakı marşrutu ilə Ermənistana daşınması, regional iqtisadi əlaqələrin bərpasında Türk Dövlətləri Təşkilatının rolunu da ön plana çıxarır. Bu, təkcə logistik hadisə deyil, həm də yeni inteqrasiya mərhələsinin başlanğıcıdır. Azərbaycan artıq regionun iqtisadi arteriyalarını idarə edən və istiqamətləndirən əsas oyunçudur.

Ermənistan tərəfinin bu qərara verdiyi müsbət reaksiya da əhəmiyyətlidir. Paşinyanın müavini Mher Qriqoryan və iqtisadiyyat naziri Gevorq Papoyanın bəyanatları göstərir ki, Ermənistan rəhbərliyi də real vəziyyəti anlayır: sülh və əməkdaşlıqdan başqa çıxış yolu yoxdur. Qriqoryanın sözləri – “bu addım regiondakı etimadın möhkəmlənməsi baxımından mühümdür” – sülh prosesinin tək tərəfli yox, qarşılıqlı iradə əsasında inkişaf etdiyini təsdiqləyir.

İlham Əliyevin siyasətində əsas prinsip həmişə belə olub: sülh gücsüzlükdən deyil, üstün mövqedən doğmalıdır. Azərbaycanın bugünkü addımları da bu prinsipin davamıdır. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, regionun iqtisadi və nəqliyyat sisteminin yenidən qurulması, Qafqazda qarşılıqlı asılılıq münasibətlərinin yaradılması – bunların hamısı Azərbaycanın gələcəyə baxışının tərkib hissəsidir.

Bu qərar həm də Azərbaycanın beynəlxalq etimadını gücləndirir. Dövlət başçısının qətiyyətli və ardıcıl siyasəti sayəsində Azərbaycan artıq sülh prosesini diktə edən, eyni zamanda, onu təmin edən tərəfə çevrilib. Bu, real gücün göstəricisidir: hərbi, siyasi və iqtisadi resursları ilə dəstəklənən, lakin məqsədi müharibə deyil, sabitlik və tərəqqi olan güc.

İndi regionda “yeni dövr” doğrudan da başlayır – İlham Əliyevin sözləri ilə desək, “sülh dövrü”. Bu dövrün əsas dayaqları qarşılıqlı hörmət, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin bərpasıdır. Azərbaycan bu prosesi həm lider, həm də təminatçı kimi idarə edir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qafqaz   İlham-Əliyev  


Bizi "telegram"da izləyin