Qətər Aydahoda hərbi baza qururmu? Elə deyil

2025/10/1760947582.jpg
Oxunub: 509     15:05     23 Oktyabr 2025    
Qətər Əmiri Hərbi Hava Qüvvələri indi öz F-15 pilotlarını ABŞ-də öyrətmək imkanı qazanıb.

Ötən cümə günü müdafiə naziri Pit Heqset açıqladı ki, ABŞ Qətərə Aydaho ştatındakı “Mountain Home” Hərbi Hava Qüvvələri Bazasında (AFB) təlim mərkəzi tikməyə icazə verəcək. Bu açıqlama nazir Heqsetin həmin gün günorta saatlarında Qətərin baş nazirinin müavini şeyx Saud bin Əbdülrəhman əl-Tani ilə Pentaqonda keçirdiyi görüşdən sonra verilib.

Yeni obyekt “Mountain Home” bazasında bir neçə əlavə binanı əhatə edəcək və Qətər Hərbi Hava Qüvvələrinin F-15QA təyyarələri üzrə pilotlarını hazırlamaq üçün istifadə olunacaq. F-15 “Eagle” modelinin bu variantı ABŞ Hərbi Hava Qüvvələrinin hazırda “Boeing” tərəfindən istehsal olunan F-15EX “Eagle II” modelinin əsasını təşkil edir.

“Bu gün biz Aydahodakı “Mountain Home” Hərbi Hava Bazasında Qətər Əmiri Hərbi Hava Qüvvələri üçün obyektin tikintisinə dair qəbul məktubunu elan edir və imzalayırıq. Bu məkan Qətər F-15 təyyarələri və pilotlarını qəbul edəcək, birgə təlimlərimizi gücləndirəcək, döyüş qabiliyyətimizi və qarşılıqlı fəaliyyətimizi artıracaq. Bu, tərəfdaşlığımızın növbəti nümunəsidir”, - deyə Heqset bildirib

MAGA hərəkatının qəzəbi

Qətər qüvvələrinin ABŞ-də təlim keçəcəyi xəbəri xüsusilə adətən prezident Donald Trampı dəstəkləyənlər tərəfindən xoş qarşılanmadı.

Sağçı fəal və təxribatçı Laura Lumer Aydahoda Qətər təlim bazasının yaradılacağı xəbərini “iyrənclik” adlandıraraq ən kəskin tənqidçilərdən biri olub.

Prezident Donald Trampın sadiq tərəfdarı olan Lumer bu qərarı sərt şəkildə qınayaraq administrasiyadan açıq şəkildə uzaqlaşıb. O, tək deyildi. MAGA hərəkatının bir çox üzvləri bu qərarın “Öncə Amerika” siyasəti ilə necə uyğun gəldiyini sual altına alıblar.

Xəbərin həm də Trampın ABŞ-nin Yaxın Şərq dövlətinin təhlükəsizliyinə zəmanət verəcəyinə dair fərman imzalamasından bir neçə həftə sonra ortaya çıxması sağçı dairələrdə qəzəbi daha da artırıb.

“Qətər HƏMAS-ı, İŞİD-i, “Taliban”ı, “əl-Nusra”nı və “Müsəlman Qardaşlar”ı maliyyələşdirir. O, həm yanğınsöndürən, həm də yanğın törədən rolunu oynayır, cihadı maliyyələşdirir, sonra isə özünü “vasitəçi” kimi göstərir. Bu, “ümumi müdafiə məqsədi” deyil. Bu, ümumi aldanmadır. Biz sülh yaratmırıq, biz İslam fəlakətinə körpü salırıq”, - deyə mühafizəkar şərhçi Emi Mek ötən həftə “X”dəki paylaşımında yazıb.

Eyni zamanda, administrasiyanın digər tənqidçiləri də sosial mediada bu qərarın Qətərin ABŞ-yə hədiyyə etdiyi, gələcəkdə Trampın “Air Force One” kimi istifadə edəcəyi 747-8 təyyarəsi ilə bağlı “quid pro quo” olduğunu iddia ediblər.

Hər iki baxış, əsasən, səhvdir.

Xarici təlimlər təkcə Qətərlə məhdudlaşmır

Ən vacib məqam ondan ibarətdir ki, ABŞ Qətərə hərbi baza vermir. 1970-ci illərin əvvəllərindən ABŞ-nin tərəfdaşı olan Qətər sadəcə olaraq Aydahodakı ABŞ bazasında genişləndirilmiş təlim sahəsinə sahib olacaq, bu, ölkə daxilində fəaliyyət göstərən digər beynəlxalq təlim proqramlarına bənzərdir.

2008-ci ildən etibarən Sinqapur Respublikasının 428-ci Qırıcı Eskadrilyası “Buccaneers”, “Mountain Home” bazasında yerləşir. Almaniya Hərbi Hava Qüvvələrinin (Luftwaffe) personalı isə 1992-2019-cu illərdə Nyu-Meksiko ştatındakı “Holloman” bazasında təlim keçib. Ondan əvvəl isə təlimlər Kaliforniyadakı “George” bazasında keçirilirdi.

“Lockheed Martin F-35 Lightning II” təyyarəsinin xarici operatorları Arizona ştatındakı “Luke” bazasında təlim keçiblər, yeni təlim kompleksi isə Arkanzasdakı “Ebbing” bazasında inşa olunub.

Əhəmiyyətli Yaxın Şərq müttəfiqi

Mek, Lumer və digər tənqidçilər həm də bir mühüm faktı unudurlar: bu razılaşma uzun illərdir hazırlanırdı. 2022-ci ildə o zamankı prezident Co Bayden Qətəri “NATO-ya üzv olmayan əsas müttəfiq” (MNNA) kimi tanıdı, bu da əlaqələrin strateji əhəmiyyətini qəbul etməklə Dohaya xüsusi hərbi və iqtisadi imtiyazlar verdi.

Razılaşmanın digər hissəsi, yəni təlim proqramı 2017-ci ilə, Trampın ilk prezidentliyi dövrünə gedib çıxır. Məhz o zaman ABŞ administrasiyası F-15QA təyyarələrinin Dohaya satışını təsdiqləmişdi. Bu təyyarələrin satışı təbii ki, Qətər pilotlarının ABŞ-də təlim keçməsi ilə müşayiət olunacaqdı, necə ki, polyak, belçikalı, niderlandlı pilotlar və digər NATO ölkələrinin pilotları F-35 təlimlərini “Luke” bazasında keçirirlər.

Əlavə olaraq, “Associated Press” xəbər agentliyinin məlumatına görə, “yeni obyektlər yerli tikinti briqadaları tərəfindən inşa ediləcək və təlim əməliyyatlarını dəstəkləmək üçün yerli işçilər cəlb olunacaq”.

Bütün tikinti və əlaqəli xərcləri Doha ödəyəcək, lakin təhlükəsizlik məsələlərinə ABŞ Hərbi Hava Qüvvələri nəzarət edəcək.

Qətərdə iki ABŞ bazası

Tənqidçilərin gözdən qaçırdığı sonuncu fakt isə ABŞ-nin Qətərdə iki mühüm hərbi baza saxlamasıdır. Onlardan biri olan “Sayliyah” Ordu Bazası artıq bağlanıb, lakin demək olar ki, iyirmi il ərzində ehtiyat bazası kimi xidmət göstərib.

Hazırda Dohanın kənarında yerləşən “Əl-Udeid” Hərbi Hava Bazası Yaxın Şərqdəki ən böyük ABŞ hərbi obyektidir və bölgədə ABŞ əməliyyatları üçün mühüm strateji mərkəz rolunu oynayır. ABŞ ordusu 2001-ci ilin sentyabrından etibarən bu bazadan istifadə edir və orada hazırda təxminən 10.000 ABŞ əsgəri yerləşir, bu da Aydahoda yerləşəcək bir neçə yüz Qətər hərbçisindən qat-qat çoxdur.

Yanvar ayında ABŞ və Qətər arasında imzalanan yeni sazişə əsasən, ABŞ hərbçiləri “Əl-Udeid” bazasında ən azı növbəti on il ərzində qalacaqlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   ABŞ  


Bizi "telegram"da izləyin