Bişkekdən Qəbələyə: Türk dövlətlərinin nailiyyətləri və gələcəyə baxış

2025/10/thumb-1759574550.jpg
Oxunub: 600     11:31     06 Oktyabr 2025    
TDT Baş katibi Səfir Kubanıçbek Ömüraliyev “TDT regionumuzda və dünyada birliyi gücləndirməyə, əməkdaşlığı dərinləşdirməyə və sülh ilə rifah üçün bir güc olmağa davam edəcək” deyə bildirib.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Səfir Kubanıçbek Ömüraliyev

Türk Dövlətləri Təşkilatımızın (TDT) təməli qoyulan 3 oktyabr münasibətilə, tarixi Naxçıvan Sazişinin 16-cı ildönümünü qeyd edərək, Türk Dövlətləri Əməkdaşlıq Gününü bayram edirik. Bu gün yalnız institusional nailiyyətlərimizi deyil, həm də türk xalqlarının davamlı birliyini, həmrəyliyini və qardaşlığını qeyd edirik. TDT ötən 16 il ərzində geniş əməkdaşlıq platformasına çevrilib. Başlanğıcda bir neçə prioritet sahəyə fokuslanan TDT bu gün siyasətdən ticarətə, nəqliyyatdan enerjiyə, rəqəmsallaşmadan yaşıl iqtisadiyyata, sağlamlıqdan təhsilə, gənclikdən kosmosa qədər 40 fərqli sahəni əhatə edən bir quruma çevrilib.

Bu irəliləyiş Dövlət Başçılarının qətiyyətli və təsirli vizyonu, Xarici İşlər Nazirlərinin dəyərli rəhbərliyi və Üzv və Müşahidəçi Dövlətlərin bütün nazirlik, qurum və təşkilatlarının fəal səyləri olmadan mümkün olmazdı. Bu isə tarix və mədəniyyət bağlarını həmrəylik və tərəqqi üçün praktik alətlərə çevirmə yönündəki ortaq iradəmizi ortaya qoyur.

Bu əlamətdar günü qeyd edərkən, Qırğızıstanın Sədrliyi dövründə əldə edilən uğurlar işığında, türk dünyasında inteqrasiyanı daha da gücləndirəcək, əməkdaşlığı dərinləşdirəcək və sülh ilə rifahı daha da irəliyə daşıyacaq mühüm bir görüşə, Azərbaycanın Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvəsinə və yolumuzun növbəti mərhələsinə doğru böyük həyəcanla irəliləyirik.

Qırğızıstan sədrliyindən əsas məqamlar

Türk dövlətlərinin liderləri 2024-cü ilin noyabrında Bişkekdə “Türk Dünyasının Gücləndirilməsi: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və Hər Kəs üçün Təhlükəsizlik” mövzusu ilə bir araya gəldiklərində yalnız qərarlar qəbul etməklə kifayətlənmədilər, həm də yeni bir əməkdaşlıq dalğasına start verdilər.

Zirvəni izləyən il, TDT üçün misilsiz fəaliyyət dövrü oldu. Bu müddətdə 120-dən çox yüksək səviyyəli toplantı və tədbir təşkil olundu, əməkdaşlığın miqyası genişləndirildi və yeni dialoq mexanizmləri quruldu. Bunların içində 2025-ci ilin sentyabrında Bişkekdə keçirilən və ticarət, sərmayə, enerji, kənd təsərrüfatı və rəqəmsallaşma məsələlərinə fokuslanan, təşkilat tarixində ilk dəfə baş tutan Türk Dövlətləri Hökumət Başçıları Toplantısı xüsusi önəm daşıyır. Bu toplantının Nəticə Bəyannaməsi ilə yekunlaşmış, artan fəaliyyətlərə və qəbul edilən qərarların sürətli və effektiv icrasına cavab olaraq keçirildiyi vurğulanmalıdır. Bu görüş TDT-nin iqtisadi infrastrukturunu gücləndirəcək yeni bir ənənənin başlanğıcı oldu.

Bu dövrdə keçirilən sektoral toplantılar da bu dinamikanı daha da möhkəmləndirdi. Mərkəzi Banklar, Maliyyə Kəşfiyyat Qurumları, Müdafiə Sənayesi Təşkilatları və Əqli Mülkiyyət Agentlikləri ilk dəfə bir araya gəldilər, Yaşıl Maliyyə Şurası və Türk Dünyası Sığorta Birliyinin açılış toplantıları təşkil olundu. Həmçinin Mərkəzi Seçki Qurumları üçün yeni bir Məsləhət Platforması – APCEA Qırğız sədrliyi dövründə yaradıldı.

Ənənəvi görüşlər əhəmiyyətini qorumağa davam edərkən, yeni ideya və təşəbbüslərlə zənginləşdirildi. 2025-ci ilin iyununda TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirləri Çolpon-Atada görüşərək, Kənd Təsərrüfatı Əməkdaşlığı sahəsində Ortak Bəyannamə və Strateji Yol Xəritəsini qəbul etdilər və Çolpon-Ata 2025-2026-cı illər dövrü üçün Türk Dünyasının Kənd Təsərrüfatı Paytaxtı elan olundu. Türk Sahibkarlar Kənd Təsərrüfatı Forumu isə yeni layihələri müzakirə etmək üçün rəsmiləri, iş dünyası liderlərini və sərmayəçiləri bir araya gətirdi.

Cəlal-Abad Türk Dünyası Turizm Paytaxtı elan edildi və sentyabr ayında böyük Beynəlxalq Turizm Forumuna ev sahibliyi etdi. Qış turizmi də Özbəkistanda keçirilən ilk Türk Xizək Kuboku və Azərbaycanın Şahdağında təşkil olunan ilk Türk Xizək Mərkəzləri Zirvəsi ilə inkişaf etdi. Bundan əlavə, “Ortaq Xizək Kartı”, “Ortaq Muzey Bileti” və “Türk Kimliyi” kimi təşəbbüslərin işləri davam etdirilir və bu layihələr üzv dövlətlər arasında səyahəti daha rahat, əlçatan etməyi hədəfləyir.

Bu dövrdə dövlət idarəçiliyi və təhlükəsizlik məsələləri də aktiv şəkildə müzakirə olundu. İnsan Resurslarının İnkişafı Qurumlarının rəhbərləri İssık-Kul gölündə toplaşdılar, Müsəlman Dini İdarələrinin rəhbərləri ilə Təhlükəsizlik Şuralarının katiblərinin görüşləri isə Bişkekdə keçirildi.

Çolpon-Atada 500-dən çox iştirakçının qatıldığı 3-cü Türk Universitet Oyunları, Almatıda Türk Dünyası Gənclik Paytaxtının açılışı, Daşkənddə Üçüncü Diaspor Gənclik Forumu, Qəbələdə İdman Könüllüləri Forumu və İstanbulda Türk Qızılay Könüllü Düşərgəsi kimi əhəmiyyətli humanitar təşəbbüslərlə gənclik və idman sahəsində əməkdaşlıq genişləndirildi, regional qarşılıqlı əlaqə daha da gücləndirildi.

Təhsil, inteqrasiya səylərimizin mərkəzində qalmağa davam edir. Nazirliklər və universitetlər Türk Universitetlər Birliyi (TURKUNIB) və Orhun Mübadilə Proqramı üçün daimi bir katiblik və proqram fondu yaradılması istiqamətində addımlar atmaqdadır. Həmçinin, Macarıstanın TDT üçün Elmi Araşdırma, İnkişaf və İnnovasiya Fondu üçün illik 1 milyon avro ayırma öhdəliyi təsdiqlənib ki, bu da araşdırma, innovasiya və bilik mübadiləsini dəstəkləyir.

Kosmos, innovasiya və mədəniyyət də prioritet sahələr sırasında yer almaqdadır. Məsələn, üzv dövlətlərimizin sonuncu Bakıda keçirilən toplantısında ortaq kiçik ölçülü peyk layihəsi müzakirə edildi. Bu layihə kosmos sahəsində əməkdaşlıqda qabaqcıl bir təşəbbüsdür. Digər tərəfdən, İzmir şəhərində Türk Kosmos Kəşfiyyatçıları Akademiyasının üçüncüsü təşkil olunaraq gənc alimlərə astronomiya, astrofizika və raket elmi sahələrində təhsil imkanları yaradıldı.

Bundan başqa, Bişkekdə keçirilən və əfsanəvi Manasçı Sayakbay Karalayevin 130 illik yubileyinə həsr olunmuş 8-ci Beynəlxalq Xalq Dastanları Festivalı kimi beynəlxalq mədəni tədbirlər təşkil edildi və “Ən Yaxşı Yurd” müsabiqəsinin qalibi TDT tərəfindən mükafatlandırıldı.

Bu səylər Bişkek Zirvəsinin və onun ardınca Qırğız Sədrliyinin inteqrasiya prosesimizi necə canlandırdığını və Türk dövlətlərinin birlikdə nələrə nail ola biləcəyini açıq şəkildə göstərir.

Qlobal açılım və strateji yenilik

Bu kontekstdə mühüm dönüş nöqtəsi, 2025-ci il 21 may tarixində Macarıstanın paytaxtı Budapeştdə keçirilən TDT Qeyri-rəsmi Zirvəsi oldu. İlk dəfə olaraq TDT-nin zirvəsi Avropada və bir müşahidəçi dövlətin ərazisində keçirildi. Burada qəbul edilən Budapeşt Bəyannaməsi iqtisadi inteqrasiya, rəqəmsal inkişaf və təhlükəsizlik sahələrində yeni yol xəritəsinin əsaslarını müəyyənləşdirdi.

Bu dövrdə TDT beynəlxalq arenada da daha fəal tərəfdaş halına gəldi. Dövlət başçılarımızın göstərişləri əsasında Cenevrə, Vyana, Brüssel, Paris və Nyu-Yorkdakı beynəlxalq təşkilatlarla dialoqlarımız genişləndirildi.

Bu ilin mühüm tədbirlərindən biri İstanbulda Birləşmiş Millətlər Sənaye İnkişafı Təşkilatı (UNIDO) və TÜBİTAK əməkdaşlığı ilə keçirilən “Cleantech Days 2025” oldu. Bu forum təmiz texnologiyaları nümayiş etdirmək, kiçik və orta müəssisələri dəstəkləmək və regional əməkdaşlığın qlobal yaşıl transformasiyanı necə istiqamətləndirə biləcəyini araşdırmaq məqsədilə hökumət nümayəndələrini, sahibkarları və innovatorları bir araya gətirdi. Buradakı müzakirələr açıq bir həqiqəti üzə çıxardı: TDT yalnız regional bir aktor deyil, həm də bütün bəşəriyyəti maraqlandıran problemlərə həll təklif edən bir tərəfdaşdır.

Bu dinamika TDT-nin missiyasını və nailiyyətlərini qlobal miqyasda təqdim etmək məqsədilə nəzərdə tutulan və bu il ikincisi Vyanada keçiriləcək “Türk Həftəsi” kimi yeni təşəbbüslərlə davam etdiriləcək.

Azərbaycanın müəyyənedici rolu

Azərbaycan 2009-cu il Naxçıvan Sazişinin imzalandığı məkan olması etibarilə hər zaman TDT ailəsinin mərkəzində yer alıb. Suverenliyinin və ərazi bütövlüyünün bərpası regionumuz üçün yeni bir dövrün başlanğıcını qoyub, sülhü gücləndirib və daha geniş əməkdaşlıq üçün imkanlar yaradıb.

Azərbaycanın Cənub Qaz Dəhlizindən Bakı-Tbilisi-Qars Dəmir Yoluna və Orta Dəhlizə qədər böyük nəqliyyat və enerji layihələrindəki rolu hamıya məlumdur. Bu təşəbbüslər ticarət yollarını qısaldır, qitələri bir-birinə bağlayır və qlobal əlaqəliliyəyə töhfə verir. Enerji əməkdaşlığı da digər əsas sütunlardan biridir. Azərbaycanın iddialı dənizüstü külək layihələri və Yaşıl Dəhliz tərəfdaşlığı ölkələrimizin davamlı inkişafa rəhbərlik edə biləcəyini göstərir.

Digər tərəfdən, iqtisadi baxımdan rəqəmlərin özü vəziyyəti aydın şəkildə ortaya qoyur. Ümumi daxili məhsulu (ÜDM) 2,1 trilyon dolları aşan türk dövlətləri qlobal iqtisadi gücdür. Bir vaxtlar təqribən 3 faiz kimi təvazökar bir səviyyədə olan türk dövlətləri arasındakı ticarət artıq 7 faizə yüksəlib və artmaqda davam edir. Türk Ticarət və Sənaye Palataları Birliyi və ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif edilən Türk İnvestisiya Fondu kimi mexanizmlər milyonlarla sahibkarı bir araya gətirir, regionumuzdakı kiçik və orta sahibkarlıq subyektlərinə rifahın çatmasını təmin edir.

Qəbələyə doğru: Regional sülh və təhlükəsizlik

TDT liderləri 2025-ci il oktyabrın 7-də “Regional Sülh və Təhlükəsizlik” mövzusu ilə Azərbaycanın Qəbələ şəhərində Dövlət Başçılarının 12-ci Zirvəsi üçün bir araya gələcəklər. Bu zirvə Azərbaycanın qədim şəhərində keçmişlə bu günün qovuşmasını və Azərbaycan sədrliyi altında yeni bir dövrün başlanğıcını simvolizə edən tarixi bir dönüş nöqtəsi olacaq.

Hədəflərimiz böyükdür, təməllərimiz isə son dərəcə möhkəmdir. Azərbaycanın strateji mövqeyi, siyasi çəkisi və iqtisadi potensialı TDT-ni beynəlxalq arenada yeni bir inkişaf və tanınma mərhələsinə daşıyacaq. Cənubi Qafqazda sülhü irəlilədən Vaşinqton Sazişlərindən sonra bu zirvə bütün regionumuz üçün dərin məna daşıyır.

Prezident İlham Əliyevin dediyi kimi: “Türk Dövlətləri Təşkilatı bizim əsas beynəlxalq qurumumuzdur. Bu, bizim ailəmizdir. Türk dünyası bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur”.

Bişkekdən Qəbələyə və çox daha irəliyə uzanan yolçuluğumuzu məhz bu aidiyyət və ortaq taleyə şüur tərif edir. TDT regionumuzda və dünyada birliyi gücləndirməyə, əməkdaşlığı dərinləşdirməyə və sülh ilə rifah üçün bir güc olmağa davam edəcək.

Qırğız Respublikasını nümayiş etdirdiyi səmərəli və güclü sədrliyinə və bu müddətdə həyata keçirilən çoxsaylı təşəbbüslərə görə təbrik edirəm. Qırğızıstanın sədrliyi üçün duyduğumuz minnətdarlıqla indi Qəbələ Zirvəsini və Azərbaycan Respublikasının sədrliyini səbirsizliklə gözləyirik. Ortaq vizyonumuzun rəhbərliyi altında TDT siyasi dialoqu dərinləşdirməyə, iqtisadi bağları genişləndirməyə, mədəni və elmi mübadiləni inkişaf etdirməyə və regionda, eləcə də onun hüdudlarından kənarda sülh, sabitlik və rifah üçün yaradıcı bir güc olaraq fəaliyyət göstərməyə davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bişkek   Qəbələ   TDT  


Bizi "telegram"da izləyin