İnsan haqları pozuntusu kimi beynəlxalq sistemi maraqlandıran mühüm məsələlərdə bir ölkə ilə diplomatik anlaşma yolları bağlandığında və müharibənin də xərclərindən qaçıldığında işə salınan iqtisadi sanksiyalar hədəfə alınan ölkənin davranışını həqiqətən dəyişdirə bilir, yoxsa sadəcə beynəlxalq ictimaiyyətə verilən bir mesajdır? Ən önəmlisi verilən bu mesajların bədəli nədir?
Başqa mühüm məqam isə siyasi baxımdan beynəlxalq sistemdə güc tarazlıqlarını yoxlayan bir alətə çevrilən sanksiyaların hansı mexanizmlər üzərindən işlədilməsidir.
Sanksiyaların effektivliyi
Sanksiyaların effektivliyi tarix boyunca sabit uğurla ölçülməyib. Nəticələri hər zaman tətbiqin miqyası, beynəlxalq dəstək, hədəf ölkənin iqtisadi gücü və siyasi quruluşu kimi faktorların birləşməsinə bağlı şəkildə formalaşıb.
Məsələn, 1990-cı illərdə İraqa tətbiq edilən embarqolar Səddam Hüseynin bəzi əsas mallara çıxışını qismən məhdudlaşdırsa da, qonşu ölkələr və qaçaqmalçılıq şəbəkələri vasitəsilə təsiri məhdud qaldı. Koalisiya ölkələri isə aşağı xərclə hədəflərinə çata bildilər. Eyni dövrdə Yuqoslaviyaya qarşı tətbiq edilən sanksiyalar güclü koalisiya dəstəyi sayəsində müəyyən dərəcədə təsirli oldu. 2006-dan sonra Şimali Koreyayaya tətbiq edilən BMT sanksiyaları çoxtərəfli hərəkət vasitəsilə nüvə proqramında qismən təzyiq yarada bildi. 2012-də İrana tətbiq edilən SWIFT məhdudiyyətləri qısa müddətdə danışıqlara təsir etsə də, Pxenyan alternativ maliyyə kanalları vasitəsilə bənzər təzyiqlərdən qaça bildi.
Sanksiyaların tətbiqində davamlılıq və qətiyyət də kritik əhəmiyyət kəsb edir. Məsələn, qısa müddətli və ya tez-tez yumşaldılan sanksiyalar çəkindiriciliyini itirir, uzunmüddətli tətbiqlər isə hədəfi strateji qərarlarını gözdən keçirməyə məcbur edə bilir.
Müasir nümunələrdə isə Rusiya 2022-dən sonra Asiya bazarlarına yönələrək Avropa sanksiyalarını qismən təsirsizləşdirdi. İran isə son aylarda Hörmüz Boğazı vasitəsilə neft qiymətləri ilə qlobal xərcləri yaymaq istəyirdi. Bütün bu nümunələr göstərir ki, sanksiyaların uğuru yalnız tətbiqə deyil, beynəlxalq dəstək, alternativ kanallar, iqtisadi güc, siyasi quruluş, davamlılıq və humanitar nəticələr kimi çoxqatlı faktorlarla bağlıdır.
Sanksiyaların tətbiqində səmimiyyət prinsipi
Bundan başqa, sanksiyaların məqsədinə uyğunluğu, həlli asanlaşdırıcı xarakter daşıması, səmimi tətbiq olunması və bir neçə ölkəyə tətbiq edilərkən müəyyən standartların qorunması kritik əhəmiyyət daşıyır. Lakin praktikada bu prinsiplər çox vaxt nəzərə alınmır.
Məsələn, insan haqları pozuntuları məsələsində ABŞ Yaxın Şərq ölkələrinə tərəddüdsüz sanksiya tətbiq edərkən, müttəfiqlərinə qarşı indiyə qədər real bir sanksiya işə salınmayıb. Bənzər şəkildə, son həftələrdə ABŞ Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiyadan enerji idxal edən ölkələrə əlavə gömrük vergisi tətbiq edəcəyini iddia edib, lakin bu qərar yalnız Hindistana tətbiq edilib və Hindistanın Baş naziri Narendra Modinin etirazına səbəb olub. Modi ABŞ-nin birbaşa Rusiyaya sanksiya tətbiq etməmək səbəbini sorğuladı.
Digər tərəfdən, Rusiyadan enerji idxal edən ölkələrə qarşı sanksiya açıqlamaları qeyri-müəyyən və məhdud qalarkən, Putin ilə Alyaskada keçirilən zirvə öncəsi ABŞ-nin Rusiya buzqıran gəmilərinin istifadəsinə dair bir razılaşma əldə etdiyinə deair iddia “Reuters” tərəfindən gündəmə gətirildi.
Oxşar şəkildə Norveç Dövlət Sərvət Fondu Qəzzada müharibənin başladığı həftə İsrail müdafiə şirkəti səhmlərinə sərmayə qoymuş, daha sonra isə səhmlərin enişə keçməsi ilə İsrailə dəstək verməyəcəyini açıqlamışdı. Bu, ölkələrin sanksiyalarda həll yönümlü səmimiyyətdən çox öz maraqlarını üstün tutduğunu göstərir. Eyni şəkildə Avropa İttifaqı (Aİ) də Rusiya ilə iş görən Çin banklarına qarşı sanksiya tətbiq edəcəyini açıqlamışdı. Bütün bu nümunələr, sanksiyaların hədəfə çata bilməsi üçün şəffaf, tutarlı və universal standartlarla tətbiq olunmasının nə qədər həyati olduğunu ortaya qoyur.
Təhdid iqtisadiyyatı
Dövlətlər tərəfindən tətbiq edilən sanksiyalar günümüzdə çox vaxt dövlətlərin nəzarəti xaricində olan sahələrdə inkişaf imkanları və qaçış yolları taparaq, dövlət xarici aktorların maraqlarına xidmət edir.
Ənənəvi olaraq iqtisadi sanksiyalar hədəf ölkələri müəyyən bir siyasət dəyişikliklərinə məcbur etmək məqsədilə tətbiq olunurdu. Beləliklə, təsiri ölçülə bilən və məhdud idi. Lakin bu gün sanksiyaların təbiəti dəyişib və məqsədlərindən saparaq klassik səbəb-nəticə əlaqələri tərsinə çevrilib.
Artıq sanksiyalar yalnız hədəf ölkənin iqtisadi fəaliyyətlərini məhdudlaşdırmır, eyni zamanda maliyyə bazarları və kapital axınları üzərindən səssiz, amma genişmiqyaslı bir nəzarət mexanizminə çevrilərək, proqnozlaşdırılmayan dalğalanmalar yaradır və qlobal risk haqlarını yüksəldir. Hədəf ölkələr birbaşa müdaxilə və ya enerji embarqosu olmadan təzyiq altında saxlanılarkən, sanksiya tətbiq edən ölkələr də daxil olmaqla bütün bazarlarda kövrəklik artır.
Bu yeni yanaşma iqtisadi təhlükəsizlik anlayışını kökündən yenidən müəyyən edərək, sanksiyaları yalnız diplomatik bir təzyiq alətindən çıxarıb maliyyə sisteminin kövrəkliyini artıran spekulyativ bir mexanizmə çevirir.
Siyasi ritorikanın iqtisadiyyata təsiri
Siyasi sanksiyalar ölkə iqtisadiyyatlarını ciddi şəkildə mənfi təsir göstərir. 2018-ci ilin may ayında İrana yönəlmiş “tarixin ən ağır sanksiyaları” ifadəsi rialın bir neçə həftə ərzində sərbəst bazarda yarı yarıya dəyər itirməsinə səbəb oldu. İranın birbaşa xarici investisiya girişi 2017-ci ildə 5 milyard dollar səviyyəsində ikən 2019-da 1,5 milyard dolların altına qədər gerilədi.
2019-cu ildə Çin ilə yüksələn ticarət müharibəsində Trampın atdığı tvitlər belə Şanxay Birləşmiş İndeksində iki gün içində 5 faiz itki yaradarkən, eyni dövrdə ABŞ Xəzinə istiqrazlarına güclü axın müşahidə olundu.
Bu meyl günümüzdə də müxtəlif formalarda davam edir. 2024 prezident seçkiləri müddətində Tramp Çin və Meksikaya qarşı yeni sanksiyaları gündəmə gətirdi. Bu açıqlamalar Trampın vəzifəyə başlaması ilə birlikdə Çin valyutası yuanın 2025-ci ilin ilk rübündə dollar qarşısında təxminən 7 faiz, Meksika pesosunun isə bir həftədə təxminən 4 faiz dəyər itirməsinə səbəb oldu. Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatlarına görə, eyni dövrdə inkişaf etməkdə olan ölkələrə portfel axınları 12 milyard dollar azaldı, buna qarşılıq ABŞ-nin qısamüddətli istiqrazlarına xalis axınlar 15 milyard dolları aşdı.
İqtisadi hegemonluq
Dövlətlər artıq klassik müharibə və istismar sistemi ilə yoxsullaşdırılmır, eyni zamanda maliyyə bazarları üzərindən səssiz bir mühasirə altında saxlanılır. Bankçılıq, beynəlxalq ödəniş sistemləri və kapital hərəkətləri iqtisadi təhlükəsizliyi birbaşa hədəf alan yeni bir silaha çevrilib. Bu “maliyyə kolonializmi” qarşısında Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və G20 kimi beynəlxalq qurumlar dərhal hərəkətə keçməli, sanksiyaların spekulyativ təsirlərini məhdudlaşdıracaq ortaq qaydalar və proqnozlaşdırıla bilən mexanizmlər inkişaf etdirməlidirlər.
BVF bu sahəni bu gün birbaşa gündəminə almasa da, qlobal maliyyə sabitliyini təmin etməklə məsul olan qurumların, səssiz, amma təsirli bu mühasirəyə qarşı konkret siyasət alətləri istehsal etməsi artıq qaçılmazdır. Əks halda, maliyyə bazarlarındakı bu yeni müharibə forması yalnız hədəf ölkələri deyil, bütün dünya iqtisadiyyatını kövrək bir quruluşa məhkum edəcək. Sanksiya silahının tez-tez istifadəsi yaratdığı struktur zərərlərlə birlikdə qlobal sistemi daha da qütbləşdirəcək.
Asif Cəfərov
Ordu.az