Avtomobildən təhlükəsizliyə: Alman şirkətlərinin müdafiə sənayesi addımı nə ifadə edir?

2025/09/thumb-1758541535.jpg
Oxunub: 633     16:30     23 Sentyabr 2025    
Alman avtomobil şirkətləri “Porsche AG” və “Volkswagen AG”nin sahibi olan “Porsche Automobil Holding SE” müdafiə sənayesi sərmayələri üçün tərəfdaşlarla birlikdə yeni bir investisiya platformu qurduğunu açıqladı. Şirkət əvvəlki sərmayələrində həm hərbi, həm də mülki istifadə şərti axtararkən, bu kriteriyanı ləğv edərək tamamilə müdafiə yönümlü təşəbbüslərə də yönəlməyə qərar verdiyini bildirdi. Şirkət tərəfindən verilən açıqlamada, “dəyişən geosiyasi şərait və artan təhlükəsizlik siyasəti tələbləri çərçivəsində, müdafiə və təhlükəsizlik sektorunda mühüm inkişaf potensialı görüldüyü və bundan faydalanılmasının hədəfləndiyi” qeyd olunub.

“Porsche SE”nin bu açıqlaması bir müddətdir davam edən bir prosesin son halqası kimi dəyərləndirilə bilər. Çünki şirkət 2021-ci ildə “Isar Aerospace” və 2024-cü ildə “Quantum-Systems” şirkətlərinə sərmayə yatırmışdı. Aerokosmik və mülki-hərbi ikili istifadə (dual use) sahələrindəki bu sərmayə addımları “Porsche SE”nin müdafiə və aviasiya sektor portfelini genişləndirmə strategiyasının ipuclarını verirdi.

Digər tərəfdən “Volkswagen” tərəfində isə mart ayında şirkətin baş direktoru (CEO) Oliver Blum Avropanın müdafiə potensialının artırılmasına töhfə verməyə hazır olduqlarını, mümkün tərəfdaşlıq və istehsal konseptlərini qiymətləndirdiklərini açıqlamışdı. Almaniyanın ən böyük müdafiə sənayesi şirkətlərindən “Rheinmetall”in baş direktoru Armin Papperger “Volkswagen”in Osnabrück müəssisəsinin müdafiə istehsalına çevrilməsi üçün “çox uyğun” ola biləcəyini söyləmiş, bu istiqamətdə tərəflər həmin müəssisədə görüşlər keçirmişdilər.

Qərarın arxa planı

Bütün bu inkişaflar, əlbəttə, təcrid olunmuş sərmayə və layihə addımları deyil. Bu mənzərəni iki prizmadan oxumaq lazımdır. Birincisi makro təhlükəsizlik iqtisadiyyatıdır. Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra Almaniya başda olmaqla Avropada “Zeitenwende” (dönüş nöqtəsi) adlandırılan müdafiə büdcəsinin artması, uzun illər təxirə salınmış modernləşmə, silahlı qüvvələrin olduqca aşağı döyüş hazırlığı səviyyəsi və yetərsiz ehtiyatlar sürətlə gündəmə gəldi. Bu məqamda Berlinin 2025-2029 dövrü üçün ümumilikdə 649 milyard avroya çatan müdafiə xərcləri çərçivəsi və illik büdcə planlaması, kütləvi istehsal potensialı və tədarük zənciri tərəfində mülki sənaye imkanlarının səfərbər edilməsini tələb edir.

İkinci prizma isə sektoral iqtisadiyyatdır. Alman avtomobil sənayesinin Çin bazarındakı payı 2019-cu ildə 26,2 faiz idi. Bu rəqəm 2024-cü ildə 18,9 faizə düşdü. Bu vəziyyət elektrikli avtomobil rəqabəti, maliyyət-tənzimləmə təzyiqləri və geosiyasi qeyri-müəyyənliklər səbəbilə nağd axınlarını və dəyərləndirmələri çətinləşdirir. Üstəlik Çinin Avropa bazarındakı aqressiv böyüməsi səbəbi ilə elektrikləşmə prosesini tuta bilməyən və texnoloji rəqabətdə sürətlə geri qalan alman avtomobil sənayesi yeni (və təcili) çıxış yolu axtarışındadır. “Porsche SE”nin mənfəət gözləntisini aşağı salıb müdafiə-təhlükəsizlik sektoruna yönəlik portfel genişləndirmə addımı bu arxa planla üst-üstə düşür.

Dolayısı ilə bu inkişafı yalnız “mənfəət axtarışı” və ya “müdafiə yönümlü yeni dinamikalar” kimi oxumaq natamam olar. İki fərqli proses bir-birini bəsləyir və bu məqamda Almaniyanın geosiyasi və texnoloji/sektoral mövqe axtarışı artır.

Həmçinin müdafiə-aviasiya və avtomobil sektorlarının bir-birinə görə yenidən uyğunlaşdırılma cəhdlərini təklif-tələb istiqamətli qiymətləndirmək lazımdır: Tələb tərəfində Avropanın sürətlə böyüyən, dövlət zəmanətli və illərə yayılan sifarişləri; təklif tərəfində avtomobildə uyğunlaşdırıla bilən istehsal potensialı və maliyyə intizamına alışılmış tədarük zəncirləri iki ekosistemi bir-birinə yaxınlaşdırır.

Almaniyanın silahlanma addımı

Almaniya, 2022-ci ilin fevral ayında kansler Olaf Soltsun parlament nitqindəki “Zeitenwende” (bir milad-dönüş nöqtəsi) açıqlaması ilə uzun müddət davam etdirdiyi ehtiyatlı müdafiə siyasətlərindən radikal bir transformasiya prosesinə daxil oldu. Bu çıxış çərçivəsində müdafiə büdcəsinin artırılması üçün büdcəyə daxil edilməmiş 100 milyard avro məbləğində xüsusi fond (Sondervermögen) yaradıldı, bununla da müdafiə xərcləri NATO-nun ittifaq ölkələrinin müdafiə xərclərinin ÜDM-un (GSYH) 2 faizini təşkil etməsi hədəfinin üzərinə çıxaraq konkretləşdi. Bu addım alman müdafiə siyasətində müharibədən sonrakı dövrdə görünməmiş maliyyə və strateji dinamika başlatdı.

2025-ci ildən etibarən Almaniya ÜDM-un 2,4 faizi həcmində müdafiə xərci nəzərdə tutan büdcə ayırıb. Bu nisbəti mərhələli şəkildə 2029-cu ilə qədər 3,5 faiz ÜDM səviyyəsinə qaldırmağı hədəfləyir. Bu böyüklükdə müdafiə büdcəsi ölkədə müdafiə xərclərinin ən yüksək səviyyəsinə işarə edir və Almaniyanı dünya üzrə dördüncü ən böyük hərbi xərclər edən ölkə mövqeyinə gətirir.

Bu prosesin maliyyələşdirilməsi Almaniyanın “borc əyləci”ni (Schuldenbremse) yumşaldaraq müdafiəyə yönəlik xərclərin 1 faiz ÜDM həddindən yuxarı olan qismini bu məhdudiyyətin xaricində saxlayan konstitusiya dəyişiklikləri ilə mümkün oldu. Bu tənzimləmə sayəsində 2025-2029 dövründə təxminən 380 milyard avro ilə 650 milyard avro arasında müdafiə sərmayəsi planlaşdırılır. Ancaq bu nəhəng xərcləmə planının həyata keçməsi, bürokratik tədarük sistemlərindəki səmərəsizliklər, yetərsiz sənaye potensialı və uzunmüddətli müqavilə prosesləri səbəbilə ciddi şəkildə gecikmə riski daşıyır.

Mənfəət axtarışı, yoxsa yeni bazar dinamikaları?

Müdafiə və aviasiya təbiəti etibarilə yüksək sabit büdcəli, lakin proqnozlaşdırıla bilən nağd axınlı, illərə yayılan müqavilələrlə işləyən bir sektordur. Xüsusilə sursat, hava və dəniz platformaları, hava müdafiəsi və modernləşmə layihələrində tələblər 2030-cu illərə qədər uzana bilər. Almaniyanın 2029-a qədər artan müdafiə xərcləmə planı və Ukraynaya edilən hərbi yardımlar, məhsul və sistem istehsalçıları və tədarükçülərə risk-gəlir profilində “infrastruktur bənzəri” bir sahə təqdim edir.

Avropa İttifaqının (Aİ) müdafiə sənayesi strateji planı (European Defence Industrial Strategy; EDIS), qısamüddətli və təcili ehtiyac çərçivəsində (European Defence Industry Reinforcement through common Procurement Act; EDIRPA) ediləcək alışlardan sonra istehsal potensialını artırmağı hədəfləyir. Bu çərçivədə ortaq ehtiyacların müəyyən olunması və bir hovuz modeli ilə tədarük planlaması aparılması, Aİ daxili və xarici mühitinə yönəlmiş tədarük şəbəkələrinin hazırlanması ilə inkişaf və kütləvi istehsal prosesləri üçün maliyyə mexanizmlərinin qurulması nəzərdə tutulur. Bu yanaşma avtomobil istehsal metodologiyaları ilə təbii sinerji yaradır. Başqa sözlə, mənfəət axtarışı ilə yeni bazar dinamikaları üst-üstə düşür. Qısacası, müdafiə sektorunun uzunmüddətli görünüşü avtomobil sektorundakı dalğalanan tələb və mənfəət marjası təzyiqlərinə qarşı təbii bir balans funksiyası görür.

İkinci Dünya Müharibəsi mirası?

“Volkswagen”in quruluşu və erkən dövrü Nasist Almaniyasının müharibə iqtisadiyyatı ilə iç-içədir. Fabrik 1939-cu ildən etibarən Alman Hava Qüvvələri (Luftwaffe) üçün təmir və ehtiyat hissə istehsalı, quru qüvvələri üçün “Kübelwagen” və “Schwimmwagen” avtomobillərinin istehsalını həyata keçirdi. Həmçinin on minlərlə zorla işlədilən insan “Volkswagenwerk”də qul işçi kimi istifadə olundu. Şirkət konkret faktlarla sənədləşmiş bu tarixi məsuliyyəti qəbul edir.

Bu tarixi arxa planda şirkətin müdafiə sənayesinə yönəlmiş yeni təşəbbüsü iki istiqamətdə oxuna bilər. İlk olaraq, şirkətin onsuz da hərbi sənayeyə yönəlmiş istehsal həyata keçirdiyi gerçəyindən yola çıxaraq, yenidən bu potensialı canlandırdığı, dolayısı ilə fəaliyyət davamlılığının mövcud olduğu iddia edilə bilər. İkinci olaraq isə bu günün şərtlərində, demokratik nəzarətə tabe bir dövlət daxilində, keçmişi ilə üzləşməsini etmiş bir şirkətin varlığı müzakirə mövzusudur. Səthi və ya simvolik olaraq bir davamlılıq mövcud olsa da, korporativ idarəetmə, dəyər zənciri standartı və məqsəd baxımından bugünkü addım 1940-cı illərdəki müharibə iqtisadiyyatından keyfiyyət etibarilə ayrılır.

Bununla yanaşı, Rusiyanın Ukraynanı işğalından sonra dərin yarılmalara səhnə olan geosiyasi müstəvidə Almaniyanın özünə yeni bir mövqe və istiqamət müəyyənləşdirdiyi, bu istiqamətdə də sektoral və texnoloji potensialında geniş miqyaslı bir yenilənməyə başladığını açıq şəkildə söyləmək mümkündür.

Davamlılıq anlayışı burada ortaya çıxır: 1930 və 40-cı illərdə “Volkswagen” kimi şirkətlər nasist müharibə maşınını bəsləyən aktorlar idi. 2020-ci illərdən etibarən isə Almaniyanın yeni strateji kimliyinin qurulmasında “Volkswagen” də daxil olmaqla bəzi “tanış simalar” mühüm rol oynayacaq kimi görünür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Porsche   Volkswagen   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin