Əvvəla, Paşinyanın parlamentdə ABŞ və Azərbaycan prezidentlərinin imzalarını daşıyan sənədin surətini nümayiş etdirməsi bir faktı təsdiqlədi: Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb, yeni nəqliyyat-kommunikasiya xətlərinin açılmasına razılıq verib. Bu, Bakının uzun illərdir irəli sürdüyü tələbin və beynəlxalq hüquqa əsaslanan mövqeyinin qəbul edilməsidir. İndi artıq məsələ “dəhliz olacaqmı, olmayacaqmı?” deyil, hansı formada və hansı beynəlxalq mexanizmlərlə bu yolun açılacağıdır.
İkinci mühüm məqam ABŞ-nin rolu ilə bağlıdır. Vaşinqtonun layihəyə qoşulması onu göstərir ki, TRIPP sadəcə regional razılaşma deyil, qlobal enerji, nəqliyyat və təhlükəsizlik layihəsidir. ABŞ kimi böyük bir güc 99 illik perspektivdə sərmayə yatırırsa, bu, yalnız uzunmüddətli hüquqi təminat olduqda mümkündür. Trampın vurğuladığı kimi, 99 illik razılaşma müddəti gələcəkdə də uzadıla bilər. Bu, beynəlxalq müqavilə praktikasında normaldır. Çünki investor qoyduğu sərmayənin geri dönüşünü və təhlükəsizliyini təmin etmək istəyir.
Paşinyanın “bizdə yolun icarəsi yoxdur, bizdə yalnız “konstruksiya hüququ” var” açıqlaması isə daxili ictimai rəyi çaşdırmaq üçün istifadə olunan manipulyasiyadır. Hüquqi terminlər fərqli olsa da, məzmun eynidir: Ermənistan bu yolları uzunmüddətli istifadəyə verir, müqabilində isə sərmayə və beynəlxalq dəstək alır. Əslində “konstruksiya hüququ” modeli icarədən daha sərt öhdəlik yaradır. Paşinyanın bunu “suverenlikdən imtina etmirik” kimi təqdim etməsi sadəcə siyasi jestdir.
Digər tərəfdən, Paşinyan bir tərəfdən “Zəngəzur dəhlizi olmayacaq” deyir, digər tərəfdən isə “maneəsiz yol” anlayışından istifadə edir. Halbuki beynəlxalq hüquqda “maneəsiz yol” ilə “dəhliz” arasında prinsipial fərq yoxdur. Hər iki halda tranzit təmin edilməli, sərnişin və yük daşımaları dayanmadan həyata keçirilməlidir. Azərbaycanın mövqeyi isə aydındır: Naxçıvanla əsas ərazilər arasında etibarlı, beynəlxalq zəmanətli dəhliz açılmalıdır. Bu tələb 2020-ci il 10 noyabr bəyanatında və sonrakı sənədlərdə də təsbit olunub. Əgər Paşinyan deyirsə ki, bütün bu proseslər 5 prinsip əsasında – ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığı çərçivəsində həyata keçiriləcək, deməli, o, Azərbaycanın mövqeyini rəsmən qəbul edir.
Burada açıq sual budur: əgər Ermənistan bu prinsiplərə əməl edəcəksə, niyə daxili auditoriya qarşısında “dəhliz” sözündən qaçır? Cavab sadədir: Paşinyan Ermənistan cəmiyyətində hələ də güclü olan revanşist və radikal qrupların təzyiqindən ehtiyat edir. O, beynəlxalq arenada imzaladığı öhdəlikləri “maneəsiz yol”, “konstruksiya hüququ” kimi terminlərlə yumşaldaraq təqdim edir. Lakin real vəziyyətdə Ermənistan öhdəlik götürüb və bu layihələrin həyata keçirilməsi qaçılmazdır.
Azərbaycanın hüquqi arqumentləri isə daha möhkəmdir. Bakı həm beynəlxalq sənədlərə, həm də regionun iqtisadi məntiqinə əsaslanır. Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında birbaşa yolun açılması təkcə Bakının deyil, bütün regionun maraqlarına uyğundur. ABŞ-nin iştirakı isə bu layihəyə qlobal legitimlik qazandırır. Ermənistan istəsə də, istəməsə də bu dəhlizə razılıq verib və prosesin qarşısını ala bilməyəcək.
Nəticə etibarilə, Paşinyanın manipulyativ açıqlamaları yalnız daxili auditoriyaya hesablanıb. Reallıq isə odur ki, Ermənistan imzaladığı sənədlərlə Azərbaycan və ABŞ-nin mövqelərini qəbul edib. 99 illik razılaşma müddəti, maneəsiz yol prinsipi və beynəlxalq sərmayənin iştirakı göstərir ki, Zəngəzurdan keçəcək dəhliz regional sabitliyin və əməkdaşlığın əsas şərtinə çevriləcək.
Firuz Bağırov
Ordu.az