“Xəzər triosu”: Azərbaycan dənizdə çəkindiricilik qurur

2025/08/1756113879.jpg
Oxunub: 911     16:23     25 Avqust 2025    
Son epizodlar bir-biri ilə sıx bağlı olan üç xətti önə çıxarır: Bakının dövlətçilik və suverenlik fəlsəfəsi, Xəzər hövzəsində yeni güc arxitekturası və bu arxitekturanın fonunda Azərbaycan diplomatiyasının çoxvektorlu gedişləri. Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanlanan təbrik və “İlham Heydər oğluna və ailənizin bütün üzvlərinə salamımı çatdırmağınızı xahiş edirəm” müraciəti Moskvanın Bakıyla kommunikasiya kanallarını yumşaq diplomatiya üzərindən daimi açıq saxlamaq istəyini göstərir.

Bu, Rusiyanın Azərbaycanla münasibətlərdə emosional ton yaratmaq cəhdidir; ancaq bu jestin zamanlaması – Türkmənistan görüşü və türksoylu üçlüyün (Azərbaycan-Türkmənistan-Özbəkistan) siyasi sinxronizasiyası fonunda – əslində Bakının regional çəkisinin artdığını təsdiqləyir. Yəni Moskva jest edir, çünki güc balansı dəyişir: Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, Orta dəhlizin Xəzər qovşağının da aparıcı oyunçusudur.

Təhsil və elm nazirinin qərarı ilə “Azərbaycan tarixi” fənninin rus bölmələrində yalnız Azərbaycan dilində tədrisi və bu qərarın qüvvədə saxlanılması suveren dil siyasətinin hüquqi əsasını möhkəmləndirir. Bu addım geosiyasi deyil, dövlətçilik məntiqidir: tarixi yaddaşın dövlət dilində formalaşdırılması milli inteqrasiya, vətəndaş həmrəyliyi və elmi-nəzəri vahidlik yaradır. Azərbaycanın lehinə olan nəticə odur ki, cəmiyyətin gələcək elitası istənilən tədris bölməsində oxumasından asılı olmayaraq eyni konseptual tarixi bilik bazasına söykənəcək. Bu, həm informasiya müharibəsi şəraitində dayanıqlıq, həm də regionda artan rəqabət fonunda ideoloji boşluqların bağlanması deməkdir.

Türkmənistan görüşü Xəzər dənizində yeni “praktik koalisiya”nın siqnalıdır. Rəsmi açıqlamaların məhdudluğu təəccüblü deyil, daha önəmlisi görünən rasional nüvələrdir: liman-logistika uzlaşması, Transxəzər daşımalarının səmərələşdirilməsi, enerji və nəqliyyat layihələrinin koordinasiyası, həmçinin təhlükəsizlik komponentinin tədricən vahid yanaşmaya kənardan “müdaxiləsiz” keçirilməsi. Özbəkistan Prezidentinin Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan bəyannaməsini “sabitlik və əməkdaşlıq üçün fürsət” kimi dəyərləndirməsi Orta Asiyanın aparıcı dövlətinin sülh gündəminə açıq dəstəyidir və Bakının sülh prosesində legitimlik qazandığını göstərir. Bu, Azərbaycanın diplomatik əlini gücləndirir: sülh prosesinə təkcə Qərb paytaxtı deyil, türk dünyasının nüfuzlu mərkəzləri də “siyasi kapital” yatırır.

Prezident İlham Əliyevin Kəlbəcərdə səsləndirdiyi “Biz hər an müharibəyə hazır olmalıyıq” tezisində isə mesaj ikiqatdır: birincisi, sülh sənədi strateji hədəfdir; ikincisi, regionda qeyri-sabit dəyişənlər – dənizdə yeni texnologiyaların yayılması, üçüncü tərəflərin hərbi-dəniz fəallığının artması, enerji infrastrukturunun həssaslığı – məcburi deterens tələb edir. Xəzərdə təlimlərin intensivləşməsi fonunda Bakının Hərbi Dəniz Qüvvələrində modernizasiya və insansız sualtı döyüş platformaları kimi vasitələrin sınaqları tam məntiqlidir: söhbət hücuma hazırlaşmaqdan deyil, dənizdə situasiya şüurunun artırılması, infrastrukturun (platformalar, kəmər-xəttlər, limanlar) mühafizəsi və asimmetrik risklərin neytrallaşdırılmasından gedir. Yüngül, çevik, şəbəkələşən dəniz imkanları Xəzərdə “böyük tonnaj” yarışından daha səmərəli çəkindiricidir və bu, Azərbaycanın resurs-səmərə strategiyası ilə üst-üstə düşür.

“Xəzər triosu”nun geoiqtisadi məntiqi aydındır: Orta Dəhlizin şərq-qərb ayağına yeni buraxılış qabiliyyəti, gömrük-prosedur harmonizasiyası, rəqəmsal izlənmə və multimodal paketlərin (dəmir yolu + dəniz + avtomobil) optimallaşdırılması əlavə edilir. Bu sinerji Azərbaycanın Ələt Azad İqtisadi Zonası və Bakı Limanını Orta Asiya istehsalçıları üçün “defolt” qapıya çevirir. Paralel olaraq qaz-kondensat, elektrik və data (optik) marşrutlarının şaxələndirilməsi mümkündür. Nəticə: regiondaxili ticarətdə tranzit müddətləri qısalır, sığorta riskləri azalır, Azərbaycanın tranzit rentyası və sənaye lokallaşması artır. Bu, Moskvanın ziyanına “oyun dəyişdirən” deyil, daha çox Rusiyanın monopol mövqeyini balanslaşdıran və sistemə rəqabət gətirən trendier, balans isə həmişə Bakının manevr imkanlarını böyüdür.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik etməsi Kremlin Bakını itirmək istəmədiyini göstərir. Lakin yeni reallıqda münasibətlər bir istiqamətdən ibarət ola bilməz: Azərbaycan eyni zamanda Ankara ilə müdafiə texnologiyaları, Mərkəzi Asiya ilə logistika, Aİ ilə enerji təhlükəsizliyi, Vaşinqtonla sülh çərçivələndirilməsi üzrə paralel orbitlərdə işləyir. Çoxvektorlu kurs unikal dəyər yaradır: heç bir istiqamətdə həddindən artıq asılılıq olmadan, bütün istiqamətlər üzrə normativ əməkdaşlıq. Bu, həm sülh sənədini daha realist edir, həm də sülh əldə olunana qədər təhlükəsizlik dilemmasını idarəolunan saxlayır.

Görünən odur ki, Bakı öz daxili gündəmini – dil, təhsil, institutlaşma – suverenlik prizmasından möhkəmləndirir, xarici müstəvidə isə Xəzərin “əlgörməz” qaydalarını yeni texnologiya, hüquqi rejimə hörmət və tərəfdaşlara fayda paylaşımı ilə yenidən yazır. Bu modelin təməlində iki prinsip dayanır: sülh üçün sərt zəmanətlər, inkişaf üçün açıq dəhlizlər. “Xəzər triosu” isə həmin prinsiplərin əməli alətidir: quru bəyanatdan çox, liman cədvəlləri, konteyner xətləri və qorunan dəniz infrastrukturu.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Xəzər-triosu  


Bizi "telegram"da izləyin