Niğde Ömər Halisdemir Universiteti müəllim üzvü dosent doktor Yasin Atlıoğlu, ABŞ-nin “Hizbullah”ı silahsızlaşdırma cəhdlərini və bu siyasətin mümkün nəticələrini AA Analiz üçün qələmə alıb.
ABŞ-nin Livan siyasətini dizayn etməyə yönəlmiş təşəbbüsləri Donald Trampın yanvar ayında ikinci dəfə prezident kreslosuna oturması ilə yeni bir mərhələyə qədəm qoydu. Tramp administrasiyası vəzifəyə başlayar-başlamaz Livan üzərində diplomatik təzyiq quraraq, öz tələblərini qəbul etdirməyə çalışdı. Bu tələblər əvvəlcə İsraillə “Hizbullah” arasındakı atəşkəsin davam etməsi və atəşkəsdə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi ilə məhdud idi. “Hizbullah”ın İsrailə qarşı hücumlarını dayandırması və Litani çayının cənubundakı hərbi varlığını sonlandırması tələb olunurdu. Son 6 aylıq müddətdə ABŞ-nin tələbləri genişlənərək “Hizbullah”ın tamamilə silahsızlaşdırılması müzakirə olunmağa başladı və Livana veriləcək siyasi və maliyyə dəstəyi təşkilatın silahlarını təhvil verməsi şərtinə bağlandı.
ABŞ-nin Livana dair diplomatik təzyiq siyasəti
Trampın Livan üzrə məsuliyyət verdiyi ilk ABŞ diplomatı Yaxın Şərq üzrə nümayəndə köməkçisi Morqan Ortaqus olub. Ortaqus fevral ayında etdiyi sərt bir açıqlamada “Hizbullah”ın yeni qurulan hökumətdə yer almasını əngəlləmək istədi, lakin bu diktə uğursuzluqla nəticələndi. Ortaqus, may ayında “Hizbullah”ın Litani çayının cənubundan çəkilməsinin kifayət etmədiyini bildirərək, “Hizbullah”ın tamamilə silahsızlaşdırılması məsələsini gündəmə gətirdi və ABŞ-nin Livan siyasətinə yeni bir istiqamət verdi.
Digər tərəfdən Ortaqusun diplomatik qaydalarla uyğun gəlməyən davranışları Livanda ABŞ-yə qarşı ciddi bir etimad itkisinə səbəb oldu. Tramp bu vəziyyətin fərqinə vararaq çox keçmədən Livan dosyasını Ortaqusun əlindən aldı. Bundan sonra Livan işlərinin məsuliyyətini, may ayında Türkiyəyə səfir və Suriyadan məsul xüsusi nümayəndə olaraq təyin edilən Tom Barrak üzərinə götürdü. Barrak Livan əsilli xristian iş adamı kimliyi ilə həm Trampın, həm də livanlıların etibar edə biləcəyi bir şəxs idi. Tramp Barraka bir diplomatın sahib ola biləcəyindən daha geniş fəaliyyət sahəsi verdi. Barrak bu geniş fəaliyyət sahəsindən istifadə edərək qısa müddətdə Suriya və Livan siyasəti üzərində təsirini göstərməyə başladı. Vəzifəyə başladığı ilk gündən etibarən Suriya və Livandakı problemləri bir yerdə düşünmə və həll etmə niyyətini nümayiş etdirdi. Lakin Barrakın bu mövqeyi ABŞ-nin bölgədəki strateji prioritetlərindən asılı deyildi və ABŞ-nin Livana dair diplomatik təzyiq siyasətinin mərkəzində “Hizbullah”ın tamamilə silahsızlaşdırılması dayanırdı.
Şübhəsiz son zamanlarda ABŞ-nin Yaxın Şərqdəki strateji prioriteti Suriyada və Livanda İsrailə qarşı təhdid təşkil etməyəcək və İsraillə sülh masasına otura biləcək hökumətlərin mövcud olmasıdır. Bu strateji prioritet Trampın bölgədə sülhü təmin etmə və ABŞ hegemoniyasını genişləndirmə planı ilə də uyğun gəlir. Bu kontekstdə İranın hər iki ölkədəki nüfuzunu itirməsinin ardından “Hizbullah”ın silahsızlaşdırılması labüd bir zərurət halına gəldi. Dolayısı ilə Barrakın Beyruta etdiyi üç səfərində Livanın yenidən müstəqil və sabit bir dövlət ola bilməsini “Hizbullah”ın tamamilə silahsızlanmasına bağlaması təəccüblü deyil. Əsl təəccüblü olan Barrakın ilk iki səfərində diplomatik təzyiqlə Livan hökumətini hərəkətə keçirmək istəməsi və tarixi istinadlardan istifadə edərək livanlıların reaksiyasını üzərinə çəkməsidir. Barrakın “Hizbullah”ı silahsızlaşdırmaqda sürətli davranılmazsa, Livanın yenidən Bilad-əş-Şamın bir parçası olacağına dair sözləri, bir çox insana Suriyanın Livan üzərindəki tarixi iddialarını xatırlatdı. Livanlı xristianlar bu sözlərə olduqca sərt reaksiya göstərdi və Barrakın Livan üzərindəki rolunu sorğu-sual etməyə başladı. Barrak səhv anlaşıldığını söyləyərək reaksiyaları azaltmaq istəsə də bu sözlər livanlılar tərəfindən asanlıqla unudulacaq kimi görünmür.
Livanda “Hizbullah”ın silahsızlaşdırılmasına istiqamətlənmiş tələblərin əsas ünvanı prezident Cozef Aun və baş nazir Nevaf Səlamdır. Tramp administrasiyası hər iki siyasi fiqurdan sürətli davranmasını və çağırış etməyin fövqündə konkret addımlar atmasını gözləyir. Tramp administrasiyası, həmçinin Səlam hökumətinin rəsmi bir qərarla “Hizbullah”ın silahlarını buraxma prosesini bir təqvimə bağlamasını istəyir. Barrak Beyruta etdiyi səfərlərdə bu mövzuları açıq şəkildə dilə gətirdi. Bununla yanaşı, Aun və Səlam həm ölkə içindəki güc balanslarını, həm də ölkə xaricindən gələn tələbləri nəzərə alaraq hərəkət etməyə məcburdurlar. Bu edilmədiyi təqdirdə Livanın yeni bir daxili münaqişəyə sürüklənmə və ya beynəlxalq ictimaiyyətin dəstəyini itirmə riski var. Aun son açıqlamasında “Hizbullah”a silahlarını orduya təhvil vermə çağırışı etdi və silahların buraxılması qarşılığında İsrailin hücumlarını dayandırmasını ehtiva edən bir təklifi ABŞ-yə təqdim edəcəklərini bildirdi.
“Hizbullah” necə cavab verəcək?
Təbii ki, ABŞ-nin təzyiq siyasəti qarşısında “Hizbullah”ın necə cavab verəcəyi ən mühüm məsələdir. “Hizbullah” lideri Naim Qasım təşkilatın silahlarını buraxmasına dair çağırışların yalnız İsrailin maraqlarına xidmət etdiyini deyir. Qasıma görə “Hizbullah” əsla silah buraxmayacaq və İsrailə təslim olmayacaq. Digər tərəfdən “Hizbullah” rəsmiləri keçən il İsrailə qarşı aparılan müharibənin təşkilata verdiyi zərərin və eyni müddətdə regional güc balanslarında yaşanan dəyişikliyin də fərqindədirlər. “Hizbullah” üçün prioritet məqsəd ağır şərtlərə baxmayaraq təşkilatın varlığını davam etdirməkdir. İsrailin Livandakı hücumlarını sona çatdırması və hava hücumlarını dayandırması qarşılığında “Hizbullah”ın ağır silahlarını danışıqlar masasına gətirməsi mümkündür. Təbii bu, “Hizbullah”ın tamamilə silahsızlaşdırılması mənasına gəlmir. “Hizbullah” üçün təhdid İsraillə də məhdud deyil. Livan hökuməti və ordusunun verəcəyi təminat ölkə daxilində və xaricindəki bəzi silahlı qrupların “Hizbullah”ı və ya şiə cəmiyyətini hədəf almasını əngəlləməyə bilər. Bu səbəbdən “Hizbullah” raketləri, Pilotsuz Uçuş Aparatlarını (PUA) əhatə edən bəzi silahlarını orduya təhvil verməyi qəbul etsə belə, öz varlığına qarşı təhdidlərlə mübarizə apara biləcək bir silah gücünü əlində saxlamaq istəyəcək.
ABŞ-nin “Hizbullah”ı silahsızlaşdırma təşəbbüsü, İsrailin təhlükəsizliyinə töhfə verəcək bir addım olsa da israilli rəsmilərin keçən il “Hizbullah”ın komanda strukturu və hərbi gücünə endirdikləri zərbədən sonra təşkilatın silahı buraxmasını nə qədər önəmsədikləri mühümdür. Livan siyasəti silah buraxma müzakirələri ilə çalxalanarkən İsrailin həftədə bir neçə dəfə Livana hava hücumu təşkil etməsi gözdən qaçmamalıdır. Hətta İsraildə İran dəstəyini itirmiş və hərbi gücü zəifləmış bir “Hizbullah”ı istifadə edilə biləcək düşmən kimi görənlərin sayı heç də az olmaya bilər. Təbii ki, daha əvvəl bir çox böhranı dəyişən şərtlərə uyğunlaşaraq aşmağı bacaran “Hizbullah”ın yenidən köhnə gücünə çatması ehtimalı İsrailin uzunmüddətli təhlükəsizlik siyasətləri baxımından ciddi riskləri də içində saxlayır.
Son olaraq “Hizbullah”ın silahsızlanması, İsrailin işğalını sona çatdırması və beynəlxalq ictimaiyyətin verəcəyi siyasi/iqtisadi dəstəyin Livanın normallaşması baxımından mühüm addımlar olacağını qeyd etmək lazımdır. Lakin bütün bunlar Livanda müstəqil və sabit bir dövlətin meydana çıxması üçün yetərli olmaya bilər. Unudulmamalıdır ki, “Hizbullah” kimi güclü bir siyasi, hərbi və ictimai aktorun doğuşu və böyüməsi ölkədəki məzhəbçi sistemin və zəif dövlətin bir nəticəsidir. Livandakı məzhəbçi sistem ləğv edilmədiyi müddətdə “Hizbullah” tamamilə ortadan qalxsa belə, fərqli məzhəb mənsubiyyətinə sahib yeni bir təşkilatın xarici dəstəklə güclənməsi və dövlətə meydan oxuması mümkündür. Səfir Barrak başda olmaqla, amerikalı rəsmilərin Livanın suverenliyindən və dövlətin gücləndirilməsindən danışarkən məzhəbçi sistemə və bu sistemdən bəhrələnən siyasi liderlərə toxunmaması diqqətçəkicidir.
Ordu.az