Bu, əslində, Rusiyanın bölgədəki ən mühüm siyasi dayaqlarından birinin boşaldığını göstərir. Əgər 2020-ci ildən sonra Moskva Azərbaycanla münasibətlərdə özünü “zəmanətçi” və “yönləndirici qüvvə” kimi təqdim edirdisə, indi bu rolun əhəmiyyətli hissəsi Vaşinqtonun əlində cəmləşir. ABŞ vasitəçiliyi ilə əldə olunmuş razılaşmalar, hətta “Vaşinqton presedenti” adlandırıla biləcək bu mexanizm, hüququn üstünlüyü prinsipi əsasında münaqişələrin həllinin real işlək modelini ortaya qoyur. Bu, Ukrayna məsələsində də Rusiyaya qarşı tətbiq oluna biləcək diplomatik xəttin ilkin sınağı kimi qiymətləndirilir.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Qusev Vaşinqtonda əldə olunmuş Azərbaycan-Ermənistan razılaşmasını Ukrayna üçün də nümunəvi presedent kimi təqdim edir. Yəni əgər Cənubi Qafqazda zor və təzyiq yox, hüquq və beynəlxalq təminatlar üzərindən sülh qurulursa, eyni prinsip Ukrayna müharibəsinə də tətbiq oluna bilər. Bu isə Rusiyanın təməl siyasi fəlsəfəsinə – gücün hüquqdan üstünlüyü anlayışına – birbaşa ziddir. Moskvanın narahatlığı da bundandır: əgər bu model işlək olarsa, Kreml öz mövqeyini həm Ukraynada, həm də digər münaqişəli bölgələrdə itirəcək.
Azərbaycanın mövqeyindəki dəyişiklik həm də Zəngəzur dəhlizi məsələsində mühüm nəticələr doğurur. Bu dəhliz, ilk növbədə, Azərbaycanın iqtisadi, geosiyasi və nəqliyyat maraqlarına cavab verir. Türkiyə ilə birbaşa quru bağlantı yaradacaq bu yol həm Ankara, həm də Bakı üçün strateji əhəmiyyət daşıyır. Rusiyanın bu marşrut üzərində nəzarət mexanizmlərini qorumaq istəyi artıq zəifləyir, çünki ABŞ və Türkiyənin bölgədəki koordinasiyası yeni reallıq formalaşdırır. İran Prezidenti Məsud Pezeşkianın “Zəngəzurda gərginlik yaratmaq niyyətində olmadıqlarını” bildirməsi isə Bakı-Ankara xəttinə əlavə imkanlar açır.
Rusiya üçün təhlükəli olan məqam odur ki, Azərbaycan bu prosesdə Ukrayna ilə eyni siyasi dil tapır. Hər iki ölkə hüququn gücü ilə, beynəlxalq təminatlar vasitəsilə təhlükəsizlik əldə etmək istəyir və bu, Moskvanın təklif etdiyi “müddətsiz asılılıq müqaviləsi” modelinə tamamilə ziddir. Vaşinqton presedenti işləyərsə, Kremlin bölgədəki hərbi-siyasi rıçaqları zəifləyəcək, xüsusən də Ermənistanla Azərbaycan arasında ABŞ vasitəçiliyi ilə əldə olunan razılaşmaların davamlılığı Moskvanın oyun qurmaq imkanlarını minimuma endirəcək.
Bu şəraitdə Türkiyə və Azərbaycanın sinxron fəaliyyəti təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada yeni güc balansı yaradır. Ukrayna məsələsində də Ankaranın diplomatik çəkisi artmaqda, Bakının isə ABŞ-la əməkdaşlıq çərçivəsi genişlənməkdədir. Nəticə etibarilə, Moskva artıq qarşısında tək-tük regional oyunçular deyil, koordinasiyalı və beynəlxalq dəstəkli blok görür. Bu blokun əsas ideyası isə sadədir: sülh yalnız hüququn üstünlüyü ilə mümkündür və zor siyasətinin dövrü bitməlidir.
Firuz Bağırov
Ordu.az