“Tramp Körpüsü”: Bakı üçün Qələbə, Rusiya üçün Təsir İtkisi

2025/08/1754910445.jpg
Oxunub: 546     16:32     11 Avqust 2025    
Vaşinqtonda keçirilən son görüşlərdən sonra yaranan vəziyyət göstərir ki, regiondakı proseslərdə Azərbaycanın maraqlarına uyğun yeni reallıq formalaşır. Ermənistan mediası və müxalif siyasi dairələr çalışır ki, bu reallığı təhrif etsin, hadisələri “gizli razılaşma”, “Zəngəzur dəhlizinin verilməsi” kimi təqdim etsin. Lakin faktlar göstərir ki, Zəngəzur üzərindən keçəcək kommunikasiya xətti – istər “Tramp körpüsü” layihəsi, istərsə də geniş regional logistik marşrut olsun – Azərbaycanın strateji məqsədini həyata keçirir: Naxçıvanla birbaşa quru əlaqə və Türk dünyasını birləşdirən əsas dəhlizin işə düşməsi.

Müqavilə mətninin artıq dəyişikliklərə bağlanmaması o deməkdir ki, Ermənistan tərəfi mart ayında razılaşdırılmış mətnə düzəlişlər edə bilməyəcək. Bu, Azərbaycanın diplomatik uğurudur, çünki Ermənistanın sonradan süni əngəllər yaratmaq imkanı məhdudlaşdırılıb. Ermənistanın daxili siyasi qrupları buna görə hökumətini ittiham etsə də, real siyasətdə Bakı öz maraqlarını sənəddə təsbit etdirə bilib.

“Tramp körpüsü” layihəsinin həyata keçməsi ilə Azərbaycanın dəmir yolu və avtomobil bağlantısı təkcə Naxçıvanla deyil, həm də İran və oradan da Fars körfəzi limanlarına çıxacaq. Bu, Bakı üçün iqtisadi, ticari və strateji baxımdan əhəmiyyətlidir. Üstəlik, bu marşrut Türkiyəyə, İraqa və daha geniş Yaxın Şərq bazarlarına inteqrasiyanı gücləndirir. Ermənistan isə bu prosesdən sadəcə tranzit ölkə kimi iştirak edəcək, yəni nəqliyyat üzərində real strateji nəzarətə sahib olmayacaq.

Rusiya faktoru isə burada ayrıca diqqətəlayiqdir. Moskva uzun illər regionda kommunikasiya xətlərinə nəzarəti öz əlində saxlamağa çalışıb. Lakin indi ABŞ və Azərbaycan təşəbbüsü ilə formalaşan marşrut Kremlin bu təsir alətini zəiflədir. Rusiyanın Maxaçqala-Bakı-Horadiz-Mehri-Culfa xətti ilə İrana çıxışı ola bilər, lakin bu, Moskvanın nəzarətində olmayan, Azərbaycanın tam nəzarətində olan, habelə Ermənistan tərəfdə beynəlxalq partnyorların iştirakı ilə idarə olunan bir infrastruktur olacaq. Beləliklə, Rusiya üçün bu marşrutda dominantlıq mümkün deyil, halbuki Azərbaycan və Türkiyə üçün real iqtisadi və geosiyasi dividendlər gətirəcək.

Nəticə etibarilə, Ermənistan istədiyi “blokada saxlayan” statusu qoruyub saxlaya bilmədi. Zəngəzur dəhlizinin açılması prosesi artıq geridönməz məcraya daxil olub. Azərbaycanın və Türkiyənin strateji maraqları təmin olunur, regiondakı güc balansı isə Moskvanın əleyhinə dəyişir. Ermənistan daxildə populist ritorika ilə özünə təsəlli versə də, real siyasi nəticələrdə qalib mövqedə Bakı və Ankara dayanır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Rusiya   Tramp-Körpüsü  


Bizi "telegram"da izləyin