Çin “Sülh Platforması” ilə Rusiya-Amerika qarşıdurmasına çıxış yolu təklif edir? – BAXIŞ BUCAĞI

2025/08/1754584730.jpg
Oxunub: 600     22:21     07 Avqust 2025    
2025-ci il avqustun 6-sı səhər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofun təyyarəsi Moskvaya enib. Bu, onun ilin əvvəlindən bəri Rusiyaya beşinci səfəridir. Kreml bu səfər çərçivəsində onu Rusiya prezidenti Vladimir Putin qəbul edib. Danışıqlarda həmçinin Putinin köməkçisi Yuri Uşakov iştirak edib.

Putin-Uitkof danışıqlarından böyük nəticələr gözlənilmir. Rusiya prezidenti Ukrayna cəbhəsində ümumi atəşkəs təklifini rədd edir. Donald Tramp isə əksinə, müharibənin dərhal dayandırılmasında israr edir. “Financial Times”ın diplomatik mənbələrinə görə, ABŞ prezidenti “Uitkofun Moskvadan əliboş qayıtmasına əsəbləşəcək”.

Digər məlumatlı mənbələr iddia edirlər ki, Uitkofun səfərində Ukrayna müharibəsi əsas mövzu deyil. Əslində, Tramp, Putinlə Çinlə hərbi əməkdaşlığı dayandırmaq şərti ilə gizli razılaşma bağlaya bilər.

Bu məlumatlar əsassız görünmür. Çin xarici işlər naziri Van İ uzun fasilədən sonra Ukrayna ilə bağlı məsələni müzakirə edib. O, Braziliya prezidentinin xüsusi müşaviri Selsu Amorimlə telefon danışığında keçən il hazırlanan sülh təşəbbüsünü xatırladaraq bildirib ki, bu prinsiplər artıq 100-dən çox ölkənin “konsensus razılığına” layiq görülüb.

Van İ bildirib ki, Çin, Braziliya və Qlobal Cənubun digər ölkələri Ukrayna münaqişəsinin tənzimlənməsi üçün “Sülh dostları” adlı açıq platforma yaradacaqlar.

Bu bəyanatın məhz indi verilməsi təsadüfi deyil. Sabah Trampın Ukraynada atəşkəslə bağlı verdiyi son tarix tamamlanır. Bu kontekstdə Pekin, əslində, Rusiya-Amerika danışıqlarında mümkün iflasdan çıxış yolu təklif edir. Bu addım, əsasən, “özünüqoruma” xarakteri daşıyır.

Ən maraqlısı budur ki, Hindistan bu “Sülh platformasına” qoşulacaqmı? ABŞ rəsmi olaraq bu təşəbbüsü dəstəkləməyəcək, lakin bu, Vaşinqtona “fasilə almaq” və Rusiya ilə açıq qarşıdurmadan yayınmaq üçün fürsət verə bilər. Pekin faktiki olaraq Putinə və Trampa “diplomatik xilas dairəsi” təqdim edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Sülh   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin