ABŞ-nin Cənubi Qafqazdakı mövcudluğu İranın maraqlarına da uyğundur? – BAXIŞ BUCAĞI

2021/12/89089-1639730832.jpg
Oxunub: 673     20:17     07 Avqust 2025    
Vaşinqtonda planlaşdırılan görüşlər ərəfəsində Ermənistanda müxalif siyasi dairələr iddia edirlər ki, ABŞ-nin vasitəçiliyi ilə yeni regional nizamın formalaşması İran-Ermənistan münasibətlərinə də təsir göstərə bilər. Ermənistan parlamentində “Hayastan” fraksiyasının deputatlarından biri media ilə söhbətində bildirib: “Tehran artıq gizlətmir ki, sərhədlərinin yaxınlığında ABŞ-nin ilkin hərbi-siyasi mövcudluğundan ciddi narahatdır”.

Əgər bu gün söhbət İranın şimal sərhədlərində ABŞ-nin hərbi-siyasi mövcudluğundan gedirsə, burada açıq şəkildə qeyd olunmalıdır ki, əsas narahatlıq mənbəyi Azərbaycan deyil, məhz Ermənistandır. Azərbaycan illər ərzində həm İrana, həm də regionun digər ölkələrinə qarşı balanslı və dostluq yönümlü siyasət yürüdüb. ABŞ-nin Əfqanıstan əməliyyatları çərçivəsində Azərbaycanın logistik imkanlarından istifadə etməsi sırf beynəlxalq humanitar və təhlükəsizlik missiyalarının bir hissəsi olub və bu, heç bir halda İrana qarşı yönəlməyib.

Azərbaycan dəfələrlə rəsmi şəkildə bəyan edib ki, onun ərazisi heç vaxt İrana qarşı hərbi və ya düşmənçilik məqsədilə istifadə olunmayacaq. Bu mövqe rəsmi Tehran tərəfindən də zaman-zaman müsbət qarşılanıb. İki ölkə arasında nəqliyyat, enerji və ticarət sahələrində mövcud əməkdaşlıq infrastrukturu sübut edir ki, Bakı və Tehran arasında münasibətlər qarşılıqlı hörmət və suverenliyə əsaslanır. Azərbaycan regionda sabitliyin qorunmasına çalışan, İrana qarşı düşmənçilik siyasətindən uzaq olan, əksinə, mehriban qonşuluq prinsiplərinə sadiq qalan dövlət kimi çıxış edir.

Avqustun 6-da Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtona rəsmi səfəri təsdiqləndikdən sonra İranın xarici işlər naziri Abbas Əraqçi “Tehran” telekanalına müsahibəsində elan etdi ki, İslam Respublikasının prezidenti Məsud Pezeşkian yaxın 1-2 həftə ərzində Ermənistana səfər edəcək.

“Son bir ildə qonşu ölkələrlə münasibətlərin inkişafı bizim üçün olduqca önəmli olub. Prezident Pezeşkian İraq, Azərbaycan, Türkmənistan, Tacikistan, Pakistan, Oman, Qətər kimi ölkələrə səfər edib. Ermənistan da yaxın günlərdə bu siyahıya daxil olacaq”, - deyə Əraqçi bildirib.

İran XİN rəhbərinin bu regiona geniş coğrafi kontekstdə yanaşması özü-özlüyündə çox şey deyir. İranın 1990-cı illərdən bəri Ermənistanla strateji müttəfiqlik qurmaq kimi bir dövlət prioriteti olmayıb. Amma Tehran son illərdə Ermənistana getdikcə daha çox diqqət yetirir, bu, rəsmi açıqlamalardan da aydın görünür.

Sadə dillə desək, İran artıq Qərb yönümlü siyasət yürüdən Ermənistanla “əməkdaşlıq”da maraqlıdır. Habelə bəzi erməni müxalif qüvvələri Ermənistanı İranın əlavəsi kimi təqdim etməyə çalışırlar. Onlardan biri, məsələn, İranı “regional supergüc” adlandırıb. Halbuki İran rəsmiləri özləri də etiraf edirlər ki, ölkə beynəlxalq sanksiyalardan xilas olmaq üçün ciddi mübarizə aparır.

İran prezidenti Ermənistana Tramp-Əliyev-Paşinyan görüşündən sonra səfər edəcək. Qeyd edək ki, son bir ayda o, iki dəfə Prezident İlham Əliyevlə danışıqlar aparıb. Bəs əgər ABŞ-nin vasitəçiliyi ilə baş tutacaq Ermənistan-Azərbaycan yaxınlaşması, əslində, İranın maraqlarına da xidmət edirsə?

Belə bir sual bu gün regional siyasətin mərkəzindədir: ABŞ vasitəçiliyi ilə sabitlik və əməkdaşlıq formulu təkcə Qərb üçün yox, həm də region ölkələri, o cümlədən İran üçün də faydalı ola bilərmi?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Qafqaz   İran  


Bizi "telegram"da izləyin