İran-İsrail Gərginliyi Yeni Mərhələdə: Birbaşa Toqquşma, Regional və Qlobal Təsirlər

2025/08/thumb-1754495294.jpg
Oxunub: 636     11:29     08 Avqust 2025    
“İranın hava məkanında üstünlüyünü itirməsi ilə yüzlərlə raket sistemi (quru əsaslı hava hücumundan müdafiə və ballistik) hələ yerindəcə məhv edildi”.

Ahmet Alemdar

Yaxın Şərqin iki əsas aktoru olan İran və İsrail arasında uzun illərdir dolayı şəkildə davam edən qarşıdurmalar yeni mərhələyə qədəm qoyub. Keçmişdə də İsrail və İran bir-birini birbaşa olaraq əsas ərazilərində hədəfə almışdılar, lakin bu dəfəki hücum bu qədər genişmiqyaslı və dağıdıcı olmamışdı. Əvvəllər xüsusilə İran İsraillə qarşıdurmaya “vəkil qüvvələr” vasitəsilə girməyə üstünlük verirdi, lakin bu sonda İsrailin məqsədlərinə yaxınlaşmasına səbəb oldu. İranın nüvə fəaliyyətlərində məqsədinə çatmasına “bir addım qaldığı” bəhanəsi ilə İsrailin “qabaqlayıcı” kimi təqdim etdiyi birbaşa müdaxilə bölgədə gərginliyi artırdı. Prosesdə qarşıdurmada iştirak etməyən ölkələr (İraq, Suriya, İordaniya, Livan) belə hava məkanlarını uçuşlara bağlamağa məcbur oldular. ABŞ-nin də cəlb olunduğu bu prosesdə nüvə danışıqlarının keçirilməsi qlobal təhlükəsizliyin və enerji təchizatının qorunması üçün daimi atəşkəsin müzakirə olunması gözlənilir.

Qabaqlayıcı hücum: “Yüksələn Şir”

İsrailin bir müddətdir İranın nüvə obyektlərinə hücum etmək niyyətində olduğu məlum idi, lakin bunun necə həyata keçiriləcəyi ilə bağlı müxtəlif ehtimallar vardı.

İsrailin “qabaqlayıcı” kimi təqdim etdiyi və “komanda-nəzarət” hücumunu da əhatə edən genişmiqyaslı “Yüksələn Şir” əməliyyatında sürpriz amillər də nəticələrə təsir göstərdi. Uzun mənzilli quru və hava əsaslı qanadlı raketlərin istifadəsi bu amillər arasında ön plana çıxır. İsrail sürpriz faktorunu da işə salaraq İranı əsas ərazisində ciddi şəkildə hədəfə aldı.

Bu mərhələdə ilk dalğa üçün istifadə olunan sistemlər qədər mühüm olan bir kəşfiyyat uğurundan da bəhs etmək olar. İsrailin kəşfiyyat qurumları İranın paytaxtı Tehran şəhərində üçmərtəbəli bir binada kamikadze PUA istehsalı və bu cihazları işlədəcək personalın hazır olması barədə dəqiq məlumata malik idi. Bundan əlavə, İsrail istehsalı olan IP idarəetməli “Spike” kompleksləri də İran ərazisinə daxil edilərək döyüşə hazır vəziyyətə gətirilib və hava hücumundan müdafiə sistemlərinin məhvində istifadə olunub. İsrailin yerli əməkdaşlarının və ya agentlərinin İranda mövcudluğu mümkün hesab edilsə də, raket və kamikadze PUA-ların istifadəsi uğur kimi qiymətləndirilə bilər. İran kəşfiyyatının isə paralel olaraq ciddi uğursuzluq nümayiş etdirdiyi müşahidə olunmaqdadır. Bu zəifliyin bir çox səbəbi ola bilər, lakin mövcud mərhələdə nəticələr müzakirə olunur. Yüksək rütbəli dövlət rəsmiləri yataq otaqlarında, çoxsaylı quru əsaslı hücum və müdafiə sistemləri isə anqarlarda hədəfə alınıb.

İsrailin hava üstünlüyü

İsrail aldığı dəstəkləri səmərəli idarə edərək bölgənin ən yüksək texnologiyalı hava qüvvələrindən birinə malikdir. ABŞ ilə olan xüsusi münasibətləri İsrailə özəl konfiqurasiyalarda hava platformaları əldə etməyə imkan verib. İsrail öz ehtiyaclarına uyğun olaraq proqram təminatı və avadanlıq dəyişiklikləri ilə F-16I “Sufa”, F-15I “Ra’am” və F-35I “Adir” kimi ideal həllərə sahib olub. Bu platformalarda inkişaf etmiş radar və sensorlarla yanaşı uzun mənzilli, dəqiq zərbələr üçün uyğun silah sistemləri istifadə olunur.

İsrailin yayımladığı və ictimaiyyətə təqdim olunan görüntülərdə “Rampage” “hava-yer” raketi, “Delilah” qanadlı raketi, sığınacaq dəlici və dəqiq idarə olunan döyüş sursatlarının istifadə edildiyi görünür. Bundan əlavə, İsrail istehsalı olan “Hermes 900” və “Heron” PUA-ları, həmçinin “Harop” tipli gəzən və kamikadze PUA-ların da əlavə edilməsi ilə İranın nüvə obyektləri və kritik infrastrukturu hədəf alınır. İsrail eyni zamanda həm dənizdən, həm də qurudan atıla bilən uzun mənzilli ballistik və qanadlı raketlərə sahibdir. Bütün bunları tamamlayan inkişaf etmiş radar, sensor və radioelektron mübarizə qabiliyyətləri ilə İranla müqayisədə əhəmiyyətli fərqlərə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin