ABŞ və Rusiya nüvə uçurumunun astanasında – Karib böhranının təkrarı baş verir?

2025/08/1754320283.jpg
Oxunub: 700     15:31     05 Avqust 2025    
“Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini və keçmiş prezident Dmitri Medvedevin sərhəd tanımayan bəyanatları fonunda mən iki atom sualtı qayıqla lazımi regionlara yerləşdirmə əmri verdim. Bu addım ona görə atıldı ki, əgər bu məsuliyyətsiz və alovlandırıcı ifadələr sadəcə söz olaraq qalmazsa, cavab hazır olsun”, - ABŞ prezidenti Donald Tramp şəxsi sosial şəbəkəsində belə yazıb.

Trampın sözlərinə görə, “sözlər çox önəmlidir və çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır” və o ümid edir ki, “bu dəfə bu nöqtəyə çatılmayacaq”. Bu, ABŞ-nin təmkinini və diplomatik incəliyini qeyd etməyə dəyər bir haldır. Tramp bu paylaşımı Belarus prezidenti ilə görüşdən sonra Rusiya prezidenti Vladimir Putinin birbaşa efirdə söylədiyi bəyanatlara cavab olaraq edib. Putin bəyan etmişdi ki, Ukrayna məsələsində Rusiyanın mövqeyi dəyişməyib və bu hələ keçən il Xarici İşlər Nazirliyinin kollegiya iclasında açıqlanmışdı.

Putin eyni zamanda bu ilkin şərtləri yenidən ifadə etməyi vacib sayıb: Ukrayna silahlı qüvvələri “DXR” və “LXR”, həmçinin Xerson və Zaporojye vilayətlərinin ərazilərindən geri çəkilməlidirlər. Ukrayna bloklara qoşulmamış və nüvəsiz bir ölkə olmalıdır. Daha əvvəl Putin Krımın Rusiya ərazisi kimi tanınmasını da şərt olaraq qoymuşdu, lakin indi görünür, o bu məsələni “qəti həll olunmuş” hesab edir.

ABŞ prezidenti əslində Vladimir Putinə cavab verib, daha dəqiq desək, onun “atdığı əlcəyi” götürüb. Söhbət atom sualtı qayıqlarının elə regionlara yerləşdirilməsindən gedir ki, ordan Rusiyanın ərazisinə nüvə başlıqlı raketlərlə zərbə endirmək mümkündür.

Moskva bir neçə dəfə və müxtəlif səviyyələrdə işarə edib ki, Ukraynada “xüsusi hərbi əməliyyatla” qarşıya qoyulan məqsədlərə çatmaq üçün “heç bir vasitənin seçilməsində tərəddüd etməyəcək”. Ekspertlər dəfələrlə Rusiyanın taktiki nüvə silahından istifadə ehtimalını “çox real” qiymətləndiriblər. Trampın sosial media paylaşımı isə ABŞ-Rusiya arasında nüvə toqquşması təhlükəsini daha da artırır.

Daha əvvəl qeyd olunmuşdu ki, mövcud vəziyyətdə – Rusiya atəşkəs təkliflərini rədd etdiyi və ABŞ prezidenti Tramp isə özünün və ölkəsinin beynəlxalq nüfuzunu riskə ata bilmədiyi bir vaxtda – tərəflər elə bir gərginliyə yönələcəklər ki, seçim nüvə müharibəsi ilə “üzüağ” geri çəkilmə arasında olacaq.

Avqustun 1-də, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaranması və Helsinki Yekun Aktının imzalanmasının 50 illiyi günü Rusiya və ABŞ siyasi baxımdan nüvə müharibəsinin “qırmızı xəttini” keçdilər. Bu intriqanın müəllifi Vladimir Putindir. Trampın atəşkəslə bağlı verdiyi 10 günlük son tarix avqustun 8-də bitir. Maraqlıdır, avqustun 9-da səhər necə açılacaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Karib  


Bizi "telegram"da izləyin