Putindən ABŞ və Türkiyəyə mesaj: Sülh istəyirik, amma Zelenski ilə necə?

2025/06/1750750701.jpg
Oxunub: 521     12:43     24 İyun 2025    
Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburq 18-21 iyun tarixlərində Beynəlxalq İqtisadi Forumuna ev sahibliyi etdi. 1997-ci ildən bəri təşkil olunan və bu il 28-cisi keçirilən Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə bir araya gəldi.

Putinə sual ünvanlayan şəxslər arasında “Anadolu Agentliyi”nin Baş direktoru Serdar Karagöz də yer alıb. Karagöz Putinə İsrail-İran müharibəsi səbəbilə ikinci plana keçən Rusiya-Ukrayna müharibəsini soruşub və xüsusilə bu münaqişənin başa çatdırılması prosesində liderlərin rolu və onların bir araya gələ bilməsi üçün hansı şərtlərin formalaşmalı olduğu məsələlərinə diqqət çəkib.

Donald Trampın rolu

Putin Karagözün sualına cavab verərkən, Rusiyanın mövqeyini Rusiya-Ukrayna müharibəsinin səbəb və nəticələrini izah edib və bir neçə vacib məqama toxunub. Rusiya lideri ilk olaraq ABŞ prezidenti Donald Trampın iki fikri ilə razı olduğunu bildirib.

Putinin vurğuladığı ilk məqam Trampın tez-tez dediyi kimi, əgər əvvəlki seçkilərdə Tramp qalib gəlsəydi, bu müharibənin heç başlamayacağı fikridir. İkincisi isə Putin Trampın Ukraynada sülhün bərqərar olunması üçün göstərdiyi səylərin səmimiliyinə inandığını bildirib.

Rus liderin bu açıqlamasını Ukrayna məsələsində İstanbulda aparılan danışıqlara baxmayaraq son dövrlərdə mənfi təsirə məruz qalan ABŞ ilə dialoqu davam etdirmək istəyi kimi dəyərləndirmək olar. Tərəflər əsir mübadiləsi kimi qərarları həyata keçirsələr də, sülh prosesinin Trampın istədiyi sürətlə irəlilədiyini söyləmək çətindir.

Məhz bu səbəbdəndir ki, Tramp həm Rusiyaya, həm də ondan enerji asılılığı olan ölkələrə qarşı sanksiyaları artıracağı ilə hədələyib, həm də seçkilərdən sonra başlayan və iki ölkə arasında problemlərin həllini hədəfləyən ABŞ-Rusiya nümayəndə heyətləri arasındakı danışıqlar müvəqqəti dayandırılıb. Buna görə də Putin Trampın rolunu etiraf etməklə ABŞ ilə dialoqa açıq olduğunu nümayiş etdirib.

Vladimir Putindən Türkiyəyə təşəkkür

Putin bu suala cavab verərkən üç dəfə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın adını çəkib və ona təşəkkür edərək, sülhün təmin olunması istiqamətində ən çox səy göstərən liderlərdən biri olduğunu bildirib. Həmçinin əsir mübadiləsi və digər humanitar məsələlərin həllində Türkiyənin Xarici İşlər naziri Hakan Fidanla birlikdə əhəmiyyətli rol oynadığını vurğulayıb.

Doğrudan da İstanbulda keçirilən son görüşdə tərəflər arasında razılaşdırıldığı kimi əsir və cəsəd mübadiləsi davam edir. Bu məsələdə və ümumilikdə atəşkəs şərtləri üzərində işin davam etdiyini bildirən Putin 22 iyundan sonra yeni bir görüşün də keçiriləcəyini açıqlayıb. Görünür ki, bu görüşə də yenidən Türkiyə ev sahibliyi edəcək. XXI əsrin əvvəlindən etibarən hər iki ölkə ilə sıx əməkdaşlıq edən Türkiyə həqiqətən də sülhün bərqərar olunması üçün əlindən gələni etməklə yanaşı, beynəlxalq ictimaiyyətin etimadını qazanan balans siyasətini də qura bilib.

Zelenski ilə bağlı Moskvanın narahatlığı

Putin Rusiyanın da sülh istədiyini, hətta bu çərçivədə, xüsusilə atəşkəs şərtləri razılaşdırılacağı halda, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu deyib. Lakin Rusiya liderinə görə, bu cür razılaşmalar imzalanmazdan əvvəl Ukraynada prezident seçkiləri keçirilməli və həmin sənədə seçkidə qalib gələcək şəxs imza atmalıdır.

Kreml daha əvvəl də bu mövqeyini açıqlayıb. Ukraynada prezident seçkiləri hər 5 ildən bir keçirilir və 31 mart 2024-cü ildə yeni seçkilərin keçirilməsi tələb olunurdu.

Putin Serdar Karagözün sualı çərçivəsində bildirib ki, Ukrayna Konstitusiyasında müharibə zamanı seçkilərin keçirilməsinin qadağan olunduğu qeyd edilsə də, bu yalnız parlamentin müddətinin uzadılmasına aiddir. Prezidentin səlahiyyətlərinin uzadılmasına dair isə heç bir hüquqi əsas yoxdur. Buna baxmayaraq, mövcud vəziyyətdə bütün təyinatları prezidentin etdiyi və bu vəziyyətin, o cümlədən Zelenski daxil olmaqla, bütün imzaların hüquqi qüvvəsinin olmadığını qeyd edib.

Putinə görə, bu məsələnin Rusiya üçün əhəmiyyəti ondan ibarətdir ki, əgər Rusiya ilə Ukrayna arasında bir razılaşma əldə olunsa və bu sənədə Zelenski və ya onun təyin etdiyi şəxs imza atsa, seçkilərdən sonra vəzifəyə gələcək yeni hakimiyyət Zelenskinin səlahiyyət müddətinin bitdiyini əsas gətirərək bu razılaşmanı və digər qərarları tanımaya bilər. Bu da sülh razılaşmasının qüvvədən düşməsi deməkdir.

Kreml hesab edir ki, bu, sadəcə zaman qazanmaq məqsədilə edilə bilər. Putin də Serdar Karagözün sualına cavab verərkən qeyd edib ki, daha əvvəl Minsk razılaşması əldə edilsə də, bu sənəd həyata keçirilməyib və Almaniyanın sabiq kansleri Angela Merkel sonradan bunun sadəcə zaman qazanmaq üçün edildiyini etiraf edib. Eyni şəkildə, İstanbulda da Ukrayna ilə razılaşma əldə olunmuşdu, lakin Qərbin müdaxiləsi ilə Kiyev bu razılaşmadan imtina etmişdi. Bəs belə bir şəraitdə Ukraynada prezident seçkiləri keçirilə bilərmi və ya indiyədək keçirilməməsinin səbəbi nədir?

Ukraynada prezident seçkilərinin qarşısındakı maneələr

Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsi zaman-zaman Ukrayna müxalifəti tərəfindən də, Trampın Zelenski ilə xüsusilə yeraltı təbii ehtiyatlarla bağlı razılaşmadan əvvəl Vaşinqtonda da gündəmə gətirilib. Lakin Kiyev rəhbərliyinə görə, seçkilərin keçirilməsi üçün müəyyən şərtlər formalaşmalıdır. Ukrayna Konstitusiyasına əsasən, ölkədə müharibə vəziyyəti və fövqəladə rejim elan olunduğu zaman seçkilərin keçirilməsi mümkün deyil.

Zelenski isə sonuncu dəfə aprel ayında fövqəladə rejimi 6 avqusta qədər uzadıb. Seçkilər isə yalnız bu rejim bitdikdən ən azı 6 ay sonra keçirilə bilər. Bu da o deməkdir ki, fövqəladə vəziyyət avqustda yenidən uzadılmasa belə, seçkilər ən tez 2026-cı ilin əvvəlində baş tuta bilər. Üstəlik, görünür ki, bu qərar yalnız Zelenski öz qələbəsinə əmin olduğu halda və ya seçkiləri uduzacağı təqdirdə ona təhlükəsizlik və toxunulmazlıq zəmanətlərinin verilməsi üçün aparılacaq danışıqlardan sonra verilə bilər.

Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunması üçün irəli sürülən şərtlərin bir-birindən kəskin şəkildə fərqli olması, tərəflərin heç birinin geri addım atmaq istəməməsi, Kremlin bir daha Zelenskinin statusunu sorğulamağa başlaması Rusiya-Ukrayna cəbhəsində sülhün asanlıqla əldə olunmayacağını göstərir. İsrail-İran müharibəsinin başlaması da, şübhəsiz, Rusiya-Ukrayna danışıqlarına və ümumilikdə ABŞ-nin tərəflərlə aparacağı danışıqlara təsir göstərəcək. Ukraynada sülhün taleyinə son hadisələrin necə təsir etdiyi isə ay sonunda İstanbulda keçirilməsi planlaşdırılan növbəti görüşlərdə daha aydın şəkildə ortaya çıxacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Müharibə  


Bizi "telegram"da izləyin