ABŞ İranın yüksək “müqavimət gücü” qarşısında geri çəkilir? – BAXIŞ BUCAĞI

2025/06/1750065028.jpg
Oxunub: 185     23:20     23 İyun 2025    
“Biz özümüzü tükəndirən bir müharibəyə sürükləməyə icazə verməyəcəyik, lakin eyni zamanda tarixi fürsəti əldən buraxmayacaq və məqsədimizə çatana qədər zərbələri dayandırmayacağıq”, - bu sözləri İranın nüvə obyektlərinə ABŞ tərəfindən hücum həyata keçirildiyi günün ertəsi İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

Lakin ABŞ-nin “Wall Street Journal” nəşrinin mənbələrinin bildirdiyinə görə, Ağ Ev “regiondakı iki ərəb ölkəsindən İran tərəfinə çatdırmaq üçün xahiş edib ki, İsrail əgər Tehran cavab verməzsə, hücumları dayandırmağa hazırdır”.

Rusiyanın “Nezavisimaya Qazeta” nəşri yazır ki, Moskva Tehrana hava hücumundan və raket zərbələrindən müdafiə sistemləri təklif etsə də, İran bu təklifi qəbul etməyib. Nəşrin verdiyi məlumata görə, Tehrana “əldə tutulacaq şəkildə” hərbi yardım göstərmək Çin üçün də mümkün deyil. Çin hərbi gəmilərini Fars körfəzinə yaxınlaşdırıb, lakin əsas məqsəd bölgədəki vəziyyəti müşahidə etməkdir.

İsrailin mədəniyyət naziri Eliyahu yerli media ilə söhbətində bildirib ki, hərbi əməliyyatların məqsədlərindən biri də “İranda teokratik rejimin güc dayaqlarının məhv edilməsidir”. O, konkret olaraq Tehrandakı “Bəsic” qərargahının hədəf alındığını deyib. Nazir açıq şəkildə bildirib ki, Netanyahunun hökuməti İran müxalifəti ilə ciddi əlaqələr qurub.

Buna baxmayaraq, İsrailin sabiq baş naziri Ehud Olmert hesab edir ki, Netanyahu İranla müharibəyə başlamaqla həm beynəlxalq ictimaiyyətin, həm də İsrail cəmiyyətinin diqqətini Qəzzadan yayındırmaq istəyib. Onun sözlərinə görə, Qəzzada aparılan müharibə “İsrailə heç bir fayda verməyib, əksinə, beynəlxalq dəstəyi zəiflədib”.

Olmertin fikrincə, “90 milyon əhalisi və bir neçə minillik dövlət-sivilizasiya ənənəsi olan İran kimi bir ölkə, hətta ABŞ-nin çox ağır zərbələri qarşısında belə, nə parçalanacaq, nə də diz çökəcək”. O qeyd edir ki, İran hələ də orta və uzaq mənzilli raketlərdən ibarət güclü arsenal saxlayır və onun cavab zərbələri “İsrailin iqtisadiyyatını tam çökdürə bilər”.

İsrailin İranla tükəndirici bir müharibəyə sürüklənməsinin nə qədər təhlükəli olduğu haqqında bir sıra beynəlxalq analitiklər də danışırlar.

Qərb mediası qeyd edib ki, İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra ABŞ-nin ağır bombardmançıları artıq bazalarına qayıdıblar. Güman olunur ki, yaxın günlərdə ABŞ bu hücumları təkrarlamayacaq. Beynəlxalq ekspertlərə görə, İranda hərbi hücum yolu ilə daxili qiyamlar cəhdi hələlik nəticə verməyib. Əksinə, ölkə daxilində cəmiyyətin daha da birləşdiyi müşahidə olunur. İranın əksinə olaraq, İsraildə isə ictimai narazılıq artmaqdadır.

Görünür, müharibənin nəticəsi üçün ictimai müqavimət faktoru həlledici olmasa da, ən azı ciddi əhəmiyyət daşıyacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Müharibə  


Bizi "telegram"da izləyin