Litva tank əleyhinə mina sahələri ilə sərhəd təhlükəsizliyini artırır

2025/05/1746773629.jpg
Oxunub: 676     17:02     14 May 2025    
Litva Müdafiə Nazirliyi ölkənin Belarus və Rusiya ilə sərhədində genişmiqyaslı tank əleyhinə mina sahələrinin qurulmasına start verib.

Ordu.az xəbər verir ki, bu qərar son aylarda regionda baş verən siyasi və hərbi gərginliklər fonunda qəbul olunub.

Mina sahələrinin yaradılması mühəndis-istehkam bölmələri tərəfindən həyata keçiriləcək. Litva rəsmiləri bildiriblər ki, əsas məqsəd potensial zirehli texnikanın ölkə sərhədini keçməsinin qarşısını almaq, sərhədin bütövlüyünü və əhalinin təhlükəsizliyini təmin etməkdir. Mina sahələri xüsusi olaraq seçilmiş ərazilərdə, mümkün qoşun və texnika hərəkət marşrutlarında yerləşdiriləcək.

Bundan əlavə, Litva tərəfi bu addımın həm də NATO-nun şərq cinahının müdafiə qabiliyyətinin artırılmasına xidmət etdiyini qeyd edib. Sərhəd boyu aparılan tədbirlər üçün müasir minaatan sistemlər və sensor avadanlıqlar da cəlb olunur. Hazırda mina sahələrinin qurulması ilə bağlı işlər mərhələli şəkildə davam etdirilir.

Müdafiə Nazirliyi vurğulayıb ki, bu tədbirlər regionda təhlükəsizlik risklərinin artdığı bir vaxtda strateji əhəmiyyət daşıyır və Litvanın müdafiə potensialının gücləndirilməsinə yönəlib. Ekspertlər hesab edirlər ki, mina sahələri həm də hibrid təhdidlərə qarşı effektiv bir tədbir olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Tank   Mina  


Bizi "telegram"da izləyin