“Otokar” Rumıniyada “Cobra II” üçün birgə müəssisə qurub

2025/04/1745647511.jpg
Oxunub: 451     13:03     26 Aprel 2025    
“Otokar” Rumıniyada qazandığı 1059 ədəd “Cobra II” 4x4 zirehli vasitə tenderi üçün birgə müəssisə qurub.

Ordu.az xəbər verir ki, təxminən 1 milyard dollarlıq layihədə Rumıniyanın qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan “Automecanica SA” ilə 50-50 faizlik “Birgə Müəssisə Müqaviləsi” imzalanıb.

Müqaviləyə əsasən, ilk 278 ədəd “Cobra II” 4×4 taktiki yüngül zirehli vasitəsi Türkiyədə, qalanları isə Rumıniyada istehsal olunacaq.

Çatdırılmalar bu ilin son rübündə başlayacaq və 5 il ərzində partiyalarla tamamlanacaq. Müqavilə, həmçinin inteqrasiya olunmuş logistik dəstək xidmətlərini əhatə edir.

Yeni şirkət Rumıniyada “Cobra II” 4×4 ATBTU zirehli vasitələri istehsal etməyi, o cümlədən ölkədə mühəndislik, marketinq və satış sonrası xidmətlər həyata keçirməyi hədəfləyir.

İmzalanmış müqaviləyə əsasən, “Otokar Land Systems SRL” və “Automecanica SA”nın hər biri Birgə Müəssisə Şirkətində 50% paya malik olacaq.

“Otokar” baş direktoru Aykut Özüner “Otokar”ın Türkiyənin ən böyük quru sistemləri ixracatçısı olduğunu ifadə edərək, bu müqavilənin şirkətin müdafiə sənayesindəki böyümə strategiyasında ən mühüm addımlardan biri olduğuna diqqət çəkib.

“Otokar müdafiə sənayesində qlobal oyunçu olaraq Türkiyənin ən böyük quru platforma ixracatçısı oldu. Dünyanın bir çox müxtəlif bölgələrində 40-dan çox ölkədə uğurla xidmət edən hərbi vasitələrimizlə qürurla fəaliyyət göstəririk. Rumıniyada davam edən layihəmizin bir hissəsi olaraq, biz Rumıniyada “Cobra II” vasitələrimizin istehsalı üçün yeni birgə müəssisə şirkətimizin yaradılması istiqamətində bu ilk addımı elan etməkdən məmnunuq. Bu addım “Otokar”ın müdafiə sənayesində inkişaf strategiyasının əsas mərhələlərindən biri olacaq və şirkətin qlobal bazarlarda genişlənməsinə töhfə verəcək”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Otokar   Rumıniya   Cobra-II  


Bizi "telegram"da izləyin