ABŞ-dən diqqət çəkən Çin hesabatı: SZ bioloji silahlar üçün istifadə olunur

2025/04/1745481100.jpg
Oxunub: 459     12:36     26 Aprel 2025    
ABŞ Dövlət Departamentinin hesabatında Çinin Süni Zəka (SZ) texnologiyasından istifadə edərək, hərbi məqsədlər üçün bioloji maddələrlə bağlı araşdırmalarını davam etdirdiyi iddia edilib.

Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin 2025-ci il üçün “Silahlara Nəzarət, Yayılmama və Silahsızlanma Sazişləri və Öhdəlikləri” adlı hesabatı dərc olunub.

Çinin bioloji silah tətbiqləri ilə bağlı araşdırmalarda ictimaiyyətə açıq olan SZ və maşın öyrənmə vasitələrindən istifadə etmək qabiliyyətinə malik olduğunu iddia edən hesabatda Çin ordusunun bu cür tədqiqatlar üçün qabaqcıl avadanlıq istehsalında Qərb texnologiyalarından asılı olduğu ifadə edilib.

Hesabatda Çinin qarayara və vəba kimi ölümcül xəstəlikləri yaya bilən bioloji maddələr üzərində araşdırmalar apardığı iddia edilib.

Çinin Bioloji Silahlar Konvensiyası çərçivəsində bu cür fəaliyyətləri bildirmək öhdəliyini yerinə yetirmədiyi bildirilən hesabatda konvensiya çərçivəsində təqdim etdiyi “illik etimad quruculuğu tədbirləri” sənədlərində paytaxt Pekində və Linqbao bölgəsində iki hərbi bioloji müharibə laboratoriyasının mövcudluğunu açıqlamadığına diqqət çəkilib.

Hesabatda həmçinin deyilir ki, Rusiya, Şimali Koreya və İranın bioloji silah fəaliyyəti onların Bioloji Silahlar Konvensiyasına uyğunluğu ilə bağlı ciddi narahatlıq doğurur.

Hesabatda Rusiyanın Sovet İttifaqından miras qalmış infrastrukturu modernləşdirməklə, öz hücum imkanlarını qoruduğu, Şimali Koreyanın bioloji silahlar hazırlamaq üçün “gen redaktə texnologiyaları”ndan istifadə etdiyi və İranın “hücum xarakterli bioloji tədqiqatlarını davam etdirmək niyyəti”ndən əl çəkmədiyi qeyd edilib.

Böyük Britaniya tərəfindən hazırlanmış, 1972-ci ildə imzalanmış və 1975-ci ildə qüvvəyə minmiş ilk çoxtərəfli Bioloji Silahlar Konvensiyası bakterioloji və zəhərli silahların hazırlanmasını, istehsalını, yığılmasını qadağan edir və bu silahların məhv edilməsini nəzərdə tutur.

Bioloji silahların istehsalını qadağan edən konvensiyaya qoşulan 183 ölkə var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin