İranın danışıqlarda irəli sürdüyü 9 prinsip – İsrailin müstəqil hərbi əməliyyat ehtimalı varmı?

2025/04/1745221240.jpg
Oxunub: 681     12:39     26 Aprel 2025    
Romada İranın nüvə proqramı ilə bağlı danışıqların ikinci mərhələsi başlayıb. Məlumata görə, bu danışıqlar Oman xarici işlər nazirinin vasitəçiliyi ilə həyata keçirilir. İsrail mənbələri bildirirlər ki, danışıqların başlanğıcında İran XİN bəyan edib ki, Yaxın Şərqin nüvə silahından azad bölgəyə çevrilməsinin yeganə maneəsi “sionist qurum”dur.

Əsas etibarilə bu, ABŞ-yə İranın tələbidir və ya razılaşma təklifidir: İsrail nüvə başlıqlarını bölgədən çıxarır və Tehran nüvə silahı əldə etməyə çalışmır. Qərb mediası hələlik Əraqçinin Moskvada verdiyi bəzi bəyanatlardan belə nəticəyə gəlib ki, İran danışıqların ikinci mərhələsinə daha sərt mövqe ilə gedir.

İsrailin “Ynet” nəşrinin yaydığı məlumata görə, Roma danışıqlarının başlanğıcında İranın ali dini liderinin müşaviri Əli Şəmxani də bəyanatla çıxış edib. O bildirib ki, nümayəndə heyəti “bütün səlahiyyətlərlə” təchiz olunub və razılaşmaya hazırdır, lakin əgər aşağıdakı doqquz prinsip qorunarsa: ciddilik, təminatlar, balans, sanksiyaların ləğvi, Liviya nümunəsinin istisnası, təhdidlərdən imtina, danışıqların sürətləndirilməsi, İsrail kimi “təxribatçı”ların qarşısının alınması və investisiya şərtlərinin yüngülləşdirilməsi.

Qeyd olunmalıdır ki, Əraqçinin Moskvaya ezam edilməsi ilə paralel olaraq, İranın ali dini lideri danışıqların birinci mərhələsini müsbət qiymətləndirsə də, amerikalılara tam etibar etməyin mümkün olmadığını vurğulayıb.

İran tərəfi bu doqquz ilkin şərti elə bir vaxtda irəli sürüb ki, ABŞ prezidenti İranın nüvə obyektlərinə zərbə endirmək planını dayandırsa da, İsrail hökuməti müstəqil hərbi əməliyyat həyata keçirmək niyyətindədir. İsrailin təhlükəsizlik orqanlarına yaxın mənbə bildirib ki, hazırlıq bir neçə ay çəkə bilər.

Eyni zamanda, adı açıqlanmayan bir rəsmiyə görə, İsrailin əsas məqsədi “Ayətullah rejiminin devrilməsidir”. Güman edilir ki, bu xüsusi əməliyyatı həyata keçirmək üçün desant qüvvələri də cəlb olunacaq. Bəzi şərhçilər isə hesab edirlər ki, Netanyahunun hökuməti belə məlumat sızmaları təşkil etməklə, əvvəlcə Vaşinqtonun reaksiyasını yoxlamaq, sonra isə daxili siyasi birliyi möhkəmləndirmək istəyir.

Bu baxışın da, deyildiyi kimi, müəyyən mənada “varlıq hüququ” mövcuddur. Eyni məntiqlə, İran tərəfi Romadakı danışıqlarda tələblərin səviyyəsini yüksəldib ki, nəticədə kompromis xarakterli “orta yol”a nail olunsun. Əli Şəmxani qeyd edib ki, onlar Roma danışıqlarına təslim olmaq üçün deyil, qarşılıqlı dialoq aparmaq məqsədilə qatılıblar. İran üçün əsas prinsipial məsələ ondan ibarətdir ki, ABŞ nüvə obyektlərinin beynəlxalq nəzarət altında məhv edilməsi kimi ssenarini irəli sürməsin – necə ki, bu, vaxtilə Liviyada baş vermişdi. İsrail hökumətindən bir mənbə isə vəziyyəti belə şərh edib: “Heç bir razılaşma real görünmür – ən azı “Ayətullah rejimi” mövcud olduğu müddətcə”.

İsrailin İrana qarşı hərbi hücum ehtimalı bəlkə də yüksək deyil, lakin Netanyahu Tehranda rejim dəyişikliyi planını gündəmə gətirə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə   İsrail  


Bizi "telegram"da izləyin