Ordu.az xəbər verir ki, Pentaqonun Çinlə bağlı illik hesabatlarında xüsusi yer tutan H-20 bombardmançı təyyarəsinin 2 000 km uzaqlıqdakı CJ-20 qanadlı raketləri ilə təchiz ediləcəyi gözlənilir.
Təyyarənin ümumi uçuş məsafəsi isə 8 500 km təşkil edir. Bu, Çinə ikinci ada zəncirindən kənara, o cümlədən Quam, Havay və ABŞ materikinə qədər strateji zərbə imkanları qazandırır.
ABŞ Müdafiə Nazirliyinin analitikləri bildirir ki, Çin ordusunun 50-yə yaxın H-20 təyyarəsindən ibarət parkı 2035-ci ilə qədər istismara verməsi və bu platformaların yüzlərlə taktiki nüvə başlığı daşıma qabiliyyətinə malik olması ehtimalı yüksəkdir. Bu da, regionda və qlobal miqyasda balansın dəyişməsinə səbəb ola bilər.
“Strateji və Taktiki Nüvə Silahları” üzrə açıq mənbə hesabatı müəllifi Hovun qiymətləndirməsinə görə, Çin hazırda 500-600 ədəd nüvə başlığına sahib olsa da, 2035-ci ilə qədər bu sayın 1 500-ə, hətta bəzi hesablamalara əsasən 2 000-6 000 arası strateji başlığa qədər yüksələcəyi mümkündür.
Məqalədə vurğulanır ki, H-20 təyyarələri yalnız texniki və strateji məsafə baxımından deyil, həm də “nüvə kütləsi” təhdidi baxımından ABŞ və onun müttəfiqləri üçün ciddi çağırış yaradır. Təyyarənin radar görünməzliyi, yüksək daşıma qabiliyyəti və geniş hücum radiusu onu ABŞ-nin “B-21 Raider” modelinə rəqib kimi önə çıxarır.
Çin Xalq Azadlıq Ordusunun belə bir təyyarə parkını formalaşdırmaq istiqamətində irəliləyişlər əldə etməsi, təkcə Asiya-Sakit okean bölgəsində deyil, həm də qlobal nüvə balansında yeni təhlükə mərhələsinə keçidi göstərir.
Sevinc Əliyeva
Ordu.az