Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Cənubi Koreya ordusunun yaydığı açıqlamaya görə, Cənubi Koreya hərbi təyyarələri ABŞ qüvvələri ilə təlim zamanı təsadüfən evlərə bombalar atıb və nəticədə 10-dan çox adam yaralanıb.
Cənubi Koreya Hərbi Hava Qüvvələrinin (HHQ) məlumatına görə, 2 KF-16 döyüş təyyarəsindən “anormal bir şəkildə atılan” 8 ədəd MK-82 ümumi məqsədli bombası yerli vaxtla təxminən səhər saat 10:07-də təyin olunmuş atəş zonasından kənara düşüb və paytaxt Seulun şimal-şərqində yerləşən Poçeon şəhərində mülki infrastrukturu vurub.
Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, ilkin tapıntılar qəzaya pilotun səhv koordinatları daxil etməsinin səbəb olduğunu göstərir. 2-si ağır olmaqla, 15 mülki şəxsin yaralandığı bildirilib. Məlumata görə, partlayışlar nəticəsində iki yaşayış evi, kilsənin bir hissəsi və yük maşını məhv olub.
Poçeon meri hadisə yerinin xaotik olduğunu, döyüş meydanına bənzədiyini söyləyib və təlimi dayandırmağa çağırıb. Bundan əlavə, deputat Baek Younq-hyun televiziyaya verdiyi açıqlamasında deyib: “Poçeon vətəndaşları üçün məqbul tədbirlər görülənə qədər bundan sonra bütün hərbi təlimlərin dərhal dayandırılmasını tələb edirəm”.
Cənubi Koreya HHQ-nin bəyanatında deyilib ki, təyyarələr ABŞ-Cənubi Koreyanın illik birgə hərbi təlimi olan “Azadlıq Qalxanı” ilə əlaqədar Cənubi Koreya ordusu və ABŞ ordusu ilə birgə atış təlimində iştirak edirdi.
Seul Baş Qərargahının verdiyi açıqlamada bildirilib ki, “Azadlıq Qalxanı” alyansın birləşmiş müdafiə mövqeyini gücləndirmək üçün martın 10-dan 20-dək davam edəcək.
Bildirilib ki, hadisəni araşdırmaq üçün fövqəladə hallar qrupu yaradılıb və HHQ-yə dəymiş ziyan ödəniləcək.
Digər tərəfdən, HHQ rəsmisi CNN-ə bildirib ki, mümkün nasazlıq istisna edilmir.
Cənubi Koreya HHQ anormal bombanın buraxılması nəticəsində mülki əhalinin əziyyət çəkməsinə görə üzr istəyib və yaralıların tezliklə sağalmasını arzulayıb.
Sevinc Əliyeva
Ordu.az