Türkiyə ilə İndoneziya arasında müdafiə sahəsində əməkdaşlıq genişlənir

2025/03/1741330985.jpg
Oxunub: 407     13:54     07 Mart 2025    
Türkiyənin Cakartadakı səfiri Talip Küçükcan İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddinin Türkiyədə müdafiə sənayesindəki hadisələri yaxından izlədiyini və iki ölkə arasında müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsinə əhəmiyyət verdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Küçükcan İndoneziya müdafiə naziri ilə görüşündə Türkiyə ilə İndoneziya arasında müdafiə sənayesi layihələrinin müzakirə edildiyini deyib.

Fevralın 12-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasında iştirak etmək üçün getdiyi İndoneziyada Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə İndoneziya Müdafiə Nazirliyi arasında “Müdafiə sahəsində Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalandığını xatırladan Küçükcan qeyd edib ki, görüş zamanı müqavilənin icra mərhələləri və Türkiyənin İndoneziya ordusunun müdafiə inventarının modernləşdirilməsinə mümkün töhfələri barədə fikir mübadiləsi aparılıb.

Türkiyəli səfir indoneziyalı nazirə Türkiyə-İndoneziya Biznes Forumu zamanı Türkiyənin müdafiə sənayesi şirkətləri ASELSAN, HAVELSAN, ROKETSAN, “Baykar” və TAİS-in həmkarları ilə texnologiya transferi və birgə istehsal daxil olmaqla, hərtərəfli əməkdaşlıq müqavilələri imzaladığını, TUSAŞ-ın hazırda Bandunqda bir şirkət quraraq, layihə fəaliyyətlərini davam etdirdiyini xatırladıb.

Türkiyə şirkətlərinin fəaliyyətlərini asanlaşdırmaq üçün göstərdikləri dəstəkdən məmnunluğunu ifadə edən Küçükcan görüş zamanı İndoneziya Müdafiə Universiteti ilə Türkiyə Milli Müdafiə Universiteti arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

O, İndoneziya Silahlı Qüvvələrinin yüksək rütbəli mənsublarının Türkiyədəki təlim proqramlarına qatılmasından məmnun olacağını da dilə gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İndoneziya  


Bizi "telegram"da izləyin