75-ci ilinə çatan Türkiyə-İndoneziya münasibətlərinin son dövrdə dərinləşməsini təşviq edən başlıca iki səbəb var. Bunlardan birincisi, 14 fevral 2024-cü il Prezident seçkilərində İndoneziyanın yeni lideri kimi seçilən Prabovo Subianto göstərilə bilər. 1998-ci ildən İndoneziya Xüsusi Qüvvələri (Komando Pasukan Khusus) Komandanı vəzifəsindən ayrılan Prabovo, Böyük İndoneziya Hərəkatı Partiyası (Gerindra) Sədri olaraq 2014 və 2019-cu il seçkilərində Coko Vidodo (Jokovi) ilə mübarizə aparsa da, hər iki seçkidə məğlub olmuşdu.
Buna baxmayaraq, 2019-cu il Prezident seçkilərindən sonra formalaşdırılan kabinetə Müdafiə Naziri olaraq təyin edilmişdi. Prabovo Jokovinin də dəstəyi ilə səslərin 58,6 faizini alaraq Prezident seçkilərini ilk turda qazandı. Seçki prosesində milli təhlükəsizlik məsələlərində digər namizədlərə nisbətən daha sərt və mübariz görüntü verən Prabovo mətbuata verdiyi bəyanatlarda tez-tez daxili və xarici təhlükəsizlik təhdidlərinə qarşı ölkəsinin dayanıqlılığını artıracağını ifadə edir. Yeni Prezidentin sələfinə nisbətən daha təhlükəsizlik və müdafiə yönümlü siyasət izləyən bir lider olması, xüsusilə son zamanlarda müdafiə sənayesi mərkəzli əlaqələrin inkişafında mühüm amil kimi qarşımıza çıxır. Digər amil isə İndoneziyanın regional liderlik rolundan başqa qlobal nüfuzunu artırmağa istiqamətlənən axtarışa girməsidir.
İndoneziyanın Qlobal Rolunu Gücləndirmə Səyi
Cənub-Şərqi Asiya Millətlər Birliyi (ASEAN), G20, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq və regional təşkilatlardakı mövcudluğu, 280 milyonu keçən əhalisi və 1,4 trilyon dollarlıq ümumi daxili məhsulu (ÜDM) ilə İndoneziya, Cənub-Şərqi Asiya bölgəsində siyasi tarazlıqları formalaşdıran əsas aktorlardan biridir.
1967-ci ildən bu yana xarici siyasətdə ASEAN mərkəzli bir yanaşma izləyərək bölgədə faktiki lider mövqeyini davam etdirən İndoneziyanın son illərdə ASEAN mərkəzli xarici siyasətindən imtina edə biləcəyi və artıq qlobal aktor olma axtarışına girə biləcəyi müzakirə edilir. Bu kontekstdə Prabovonun vəzifəyə başlamasından sonra sələfinin əksinə BRICS-ə qoşulma istiqamətində bir yol izləməsi də diqqət çəkən məqamdır.
İndoneziya istisnai dövrlər xaricində ənənəvi olaraq beynəlxalq arenada blokların parçası olmama yanaşmasını ifadə edən “bebas-aktif” prinsipi ilə xarici siyasətini müstəqil/bitərəf şəkildə həyata keçirir. Eləcə də Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Çinin hər keçən gün dərinləşən rəqabətinə yönəlik olaraq da “bebas aktif” müstəvisində tarazlı siyasət sərgiləməyi davam etdirir. İndoneziya, münaqişə bölgələrində tərəf olmamağa diqqət yetirsə də, Fələstin məsələsində özü üçün istisnai siyasət izləyərək İsraili diplomatik olaraq tanımamaqla yanaşı, Fələstini beynəlxalq platformalarda dəstəkləyir.
Türkiyə-İndoneziya Münasibətlərində Müdafiə Sənayesinin Təsiri
İndoneziya Prabovonun Müdafiə Nazirliyi dövrü də daxil olmaqla xüsusilə hərbi hava qüvvələri və donanmanı modernləşdirmək üçün başda Türkiyə, Fransa, Yaponiya, Britaniya, ABŞ və Cənubi Koreya olmaqla müxtəlif ölkələrlə müqavilələr imzalayıb. Türk şirkətləri tərəfindən istehsal edilən müdafiə sənayesi məhsullarının Suriya, Ukrayna, Liviya və Qarabağ kimi bölgələrdə son dövrlərdəki uğurlarının İndoneziya təhlükəsizlik bürokratiyası baxımından da maraq doğurması təəccüblü olmayıb. İndoneziyanın müdafiə sənayesində Türkiyəyə olan marağının arxasında Türk məhsullarının uğuru ilə yanaşı, Cakartanın müdafiə sahəsində idxal həyata keçirdiyi ölkələri çeşidləndirmə niyyəti də dayanır.
Son dövrdə iki ölkə arasındakı müdafiə əməkdaşlığında əsas gündəm Pilotsuz Uçuş Aparatları (PUA) olub. İndoneziya Müdafiə Nazirliyi tərəfindən 31 iyul 2023-cü ildə verilən açıqlamada, İndoneziyanın TUSAŞ-dan 12 PUA aldığı, bunların 6-sının İndoneziyada istehsal ediləcəyinin planlaşdırıldığı bildirilir.
İndoneziyanın Türkiyə ilə Müdafiə və Əməkdaşlıq Münasibətləri
İyun 2024-cü ildə İndoneziya Milli Silahlı Qüvvələrindən Türkiyəyə edilən yüksək səviyyəli ziyarətlərdən sonra İndoneziya Müdafiə Nazirliyinin rəsmi “X” hesabı İndoneziyanın “Bayraktar Akıncı” alma planlarını elan edib. Bu paylaşımda Türk istehsalı olan PUA-lara dair tanıtım videosu da yerləşdirilib.
İndoneziya ordusunun PUA-lara ehtiyacının iki əsas səbəbi vardır. Birincisi, PUA-lar, 17 mindən çox adadan ibarət olan İndoneziyanın geniş coğrafiyasında müşahidə və kəşfiyyat qabiliyyətini inkişaf etdirmək üçün ən uyğun seçim kimi önə çıxır. İkincisi, dəniz sərhədinin pozulması, qaçaqmalçılıq və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində İndoneziyanın əlini gücləndirəcək.
20 Oktyabr 2024-cü ildə 8-ci İndoneziya prezidenti olaraq rəsmi vəzifəyə başlayan Prabovo ən son 29 İyul 2024-də Ankaraya gələrək müdafiə sənayesini maraqlandıran məsələlər üzrə müzakirələr aparıb. 11 Fevral 2025-cü ildə prezident Ərdoğanının Cakartaya etdiyi ziyarət iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) ilk toplantısına ev sahibliyi etməsi baxımından əhəmiyyətlidir. Bir araya gələrək təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət, texnologiya və təhsil sahələrində birgə işlər görülməsinin planlandığı YDSK mexanizminin yaradılması prezident Ərdoğanın 2022-cü ilin noyabrında G20 Zirvəsi çərçivəsində İndoneziyaya etdiyi ziyarət zamanı qərara alınıb.
12 Fevral 2025-cü ildə iki ölkə arasında imzalanan 12 müqavilə arasında müdafiə sahəsində “Müdafiə Nazirlikləri Arasında Müdafiə Sənayesi Əməkdaşlığı Müqaviləsi” və “Bayraktar TB3” və “Bayraktar Akıncı” İxracına Yönəlik Birgə İstehsal Müqaviləsi” də yer alıb. Bu çərçivədə İndoneziyada qurulacaq PUA fabriki üçün birgə təşəbbüs göstəriləcəyi və Türkiyə-İndoneziya İş Forumu çərçivəsində Türkiyə müdafiə sənayesi şirkətlərinin mühüm müqavilələr imzaladığı bildirilib.
Ziyarət zamanı keçirilən mətbuat konfranslarında milli, regional və beynəlxalq təhlükəsizlik risklərinə qarşı kəşfiyyat sahəsində yaxın əməkdaşlıq və birgə işbirliyi təmin edilməsi istiqamətində ortaq niyyət bəyanatı diqqəti cəlb edir. Bu istiqamətdə 25 Avqust 2023-cü ildə Ankarada imzalanan Təhlükəsizlik Müqaviləsinin də altı çəkilməlidir. İki ölkə arasında terrorla mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi cəhdlərinin artması və bir çox bağlı məsələlər üzrə ortaq anlayışın inkişaf etdirilməsi mümkündür.
Türkiyə-İndoneziya əməkdaşlığının yalnız müdafiə və təhlükəsizlik məsələləri ilə məhdudlaşmaması ortaq maraq sahələrinin müəyyənləşdirilərək əməkdaşlıq mərkəzlərinin müxtəlifləşdirilməsi önəmlidir. İndoneziyanın yeni paytaxtı Nusantaranın inşasında Türkiyənin aktiv rol oynaması, qlobal və regional böhran/qarşıdurma sahələrində ortaq vasitəçilik təşəbbüsləri aparılması kimi başlıqlar mümkün əməkdaşlıq sahələrinə misal olaraq göstərilə bilər. İndoneziya üçün isə Türkiyə ilə münasibətləri inkişaf etdirmək qlobal rolunu gücləndirmək cəhdinə dəstək olacaq.
Asif Cəfərov
Ordu.az