İŞİD-lə mübarizədə yeni dövr: Dördtərəfli əməkdaşlıq mexanizmi

2025/03/2023_-1741241371.jpg
Oxunub: 768     11:29     08 Mart 2025    
Terror təşkilatı İŞİD Orta Şərq təhlükəsizliyi baxımından böyük təhdid yaratmağa davam edir və bu təhdidin bir neçə aspekti var. İŞİD-in keçmişlə müqayisədə əməliyyat və təşkilati potensialı zəifləsə də, təşkilat hələ də terror aktları həyata keçirə biləcək imkanlara malikdir.

Çoxölçülü İŞİD təhdidi

İŞİD-in 2024-cü il ərzində İraq və Suriyada əməliyyatlarının sayında əvvəlki illə müqayisədə artım müəyyən edilib. Bu artımın ən mühüm faktoru Suriyada vətəndaş müharibəsinin yaratdığı güc boşluğunun davam etməsidir. İŞİD terror təşkilatının bölgədə yaratdığı digər risk faktoru regionxarici aktorların müdaxilələrinə zəmin hazırlamasıdır. Bu müdaxilələr bölgə dinamikalarını və regional aktorların həssaslıqlarını əsas almayan həllər təklif edərək regional əməkdaşlığı və davamlı sabitlik imkanlarını məhdudlaşdırır.

İŞİD-in yaxın gələcəyə dair təhdid təsəvvürü yaradan digər bir elementi Suriyadakı həbsxanalarda saxlanılan İŞİD döyüşçüləri və döyüşçü ailələrinin qaldığı düşərgələrin gələcəyi məsələsidir. İŞİD döyüşçülərinin təxminən 90 faizini İraq və Suriya vətəndaşları təşkil edir. Qalanları isə müxtəlif ölkələrdən gələrək təşkilata qoşulmuş döyüşçülərdir. Bu həbsxana və düşərgələrin nəzarətini terror təşkilatı YPG öz üzərinə götürüb. Bu vəziyyət iki baxımdan risk yaradır.

Birincisi, YPG-nin həbsxanaların təhlükəsizliyini təmin edə biləcək potensialı yoxdur. Bu da İŞİD döyüşçülərinin saxlanıldığı həbsxanalarda vaxtaşırı toqquşmaların baş verməsinə və İŞİD təşkilatının həbsxanalardakı döyüşçülərini xilas etmək üçün əməliyyatlar təşkil etməsinə səbəb olur. İkincisi, terror təşkilatı İŞİD həbsxanalarının mühafizəçiliyini öz üzərinə götürərək Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropanın dəstəyini canlı tutmağa çalışır.

Bu vəziyyət İŞİD-lə mübarizə məsələsinin digər bir terror təşkilatı tərəfindən Qərbə qarşı kart kimi istifadə edilməsini gətirir. İŞİD-lə mübarizə digər bir terror təşkilatı YPG-yə meydan açaraq Türkiyə, Suriya və İraqın təhlükəsizliyinə risk yaradır. Bu da Qərbin İŞİD-lə mübarizədə bölgə ölkələri ilə əməkdaşlıq imkanlarını zəiflədir.

İŞİD-lə mübarizədə ortaq mexanizm

İŞİD-in Orta Şərqdə fəaliyyət sahələri və təşkilat döyüşçülərinin saxlanıldığı bölgə nəzərə alındığında qeyd edilən təhdidləri ən yaxından hiss edən ölkələr Türkiyə, Suriya, İraq və İordaniyadır. Buna görə də həmin ölkələr İŞİD-lə mübarizədə ortaq bir mexanizm qurulması mövzusunda razılığa gəliblər. Dördtərəfli mexanizmdə müvafiq ölkələrin Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Kəşfiyyat qurumlarından nümayəndələr yer alacaq.

Dörd ölkənin İŞİD-lə mübarizədə ortaq hərəkət edə biləcəyi məsələlərin başında sərhəd təhlükəsizliyinin təmin edilməsi gəlir. Bu mövzuda Müdafiə Nazirlikləri və Kəşfiyyat qurumları arasında təmin ediləcək koordinasiya təşkilatın sərhədlərarası fəaliyyətlərinin izlənməsi və qarşısının alınmasında mühüm rol oynayacaq. Dördtərəfli mexanizm kəşfiyyat məlumatlarının paylaşılması mövzusunda da koordinasiya təmin edə bilər. Bu əməkdaşlıq təşkilatın mümkün terror aktlarının qarşısının alınması, İŞİD döyüşçülərinin tutulması baxımından fayda verəcək. Dörd ölkə lazım gəldikdə İŞİD-ə qarşı ortaq əməliyyatlar da həyata keçirə bilər və İŞİD-in maliyyə mənbələrinin qurudulması mövzusunda da əməkdaşlıq edə bilər.

Dördtərəfli mexanizmdə Suriyanın yer almasının xüsusi əhəmiyyəti var. Suriyada “Bəəs” rejimindən sonrakı yeni rəhbərlik ölkəsində səlahiyyətlərini bərqərar etmə səylərini davam etdirir. Əslində bu təmin edilə bilərsə, artıq İŞİD-lə mübarizədə mühüm bir mərhələ qət edilmiş olacaq. İŞİD Suriyadakı vətəndaş müharibəsindən faydalanaraq güc qazanıb və hələ də YPG bölgələrindəki qeyri-qanuni struktur və qeyri-sabitlikdən faydalanaraq mövcudluğunu qorumağa davam edir.

Hətta Fəratın şərqindəki terror təşkilatı YPG mövcudluğu bölgənin dominant ictimai təbəqəsi olan ərəb tayfaları arasında radikallaşma meylini təhrik edərək təşkilata qoşulmağa səbəb ola bilir.

Buna görə də Suriya rəhbərliyinin təhlükəsizlik sektorunun strukturlaşdırılması, keçid dövründə təhlükəsizlik sahəsində yaşadığı potensial çatışmazlıqlarının aradan qaldırılması İŞİD-lə mübarizədə mühüm fayda verəcək. İŞİD həbsxanalarının Suriya rəhbərliyinə təhvil verilməsi və mənbə ölkələrin öz vətəndaşlarını geri götürməsi problemin mühüm bir hissəsini həll edəcək. Türkiyə bu vəziyyətdə İŞİD həbsxanalarının təhlükəsizliyinin təmin edilməsi və idarə edilməsi mövzusunda Suriyaya dəstək verə bilər.

Oxşar vəziyyətin İraq baxımından da keçərli olduğu deyilə bilər. İŞİD həbsxanalarındakı döyüşçülərin təxminən 40 faizini İraq mənşəlilər təşkil edir. İraq hökumətinin öz vətəndaşı olan İŞİD döyüşçülərini təhvil alma prosesi məhdud da olsa başlayıb. İraqda İŞİD döyüşçülərinin saxlanılacağı həbsxanaların idarə edilməsi mövzusunda da əməkdaşlıq təmin edilə bilər.

Terror təşkilatı İŞİD-lə mübarizədə daimi uğur problemlə bağlı olan bölgə ölkələri arasındakı əməkdaşlıqla təmin edilə bilər. İŞİD-in təsirli olduğu coğrafiyaya baxıldığında Suriya və İraq sərhəd bölgələri önə çıxır. Suriya və İraqa əlavə olaraq İŞİD bölgələrinə yaxın coğrafiyada yerləşən Türkiyə və İordaniya arasında təmin ediləcək təhlükəsizlik əməkdaşlığı İŞİD probleminin rahat bir şəkildə həllini təmin edə bilər.

Yaxın dövrə qədər bu əməkdaşlıq imkanının Suriya tərəfi əskik qalırdı. Lakin Suriyadakı yeni dövr bu baxımdan mühüm bir fürsət sahəsi açdı. Suriyada güclü bir mərkəzi hakimiyyətin qurulması imkanı yarandı. Həmçinin yaxın keçmişdən fərqli olaraq bütün bölgə ölkələri Suriya ilə təhlükəsizlik başda olmaqla hər sahədə yaxın əməkdaşlıq qurmaq və Suriya rəhbərliyini dəstəkləmək mövzusunda istəklidir.

İŞİD təhdidini ən yaxından hiss edən və bu təhdidlə mübarizədə lazımi institusional potensiala sahib olan Türkiyə, Suriya, İraq və İordaniya arasında regional əməkdaşlıq mexanizminin qurulması İŞİD-lə effektiv və daimi mübarizə imkanı təqdim edəcək. Qərb ölkələrinin İŞİD-lə mübarizəni digər bir terror təşkilatı YPG vasitəsilə aparması bölgə ölkələri ilə əməkdaşlıq imkanını da əngəlləyir. Buna görə də regional əməkdaşlıq mexanizmi İŞİD-lə mübarizədə bölgə ölkələri ilə Qərb ölkələri arasında da yaxın əməkdaşlığın qurulmasını təmin edə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Terror   Mübarizə  


Bizi "telegram"da izləyin