Gümrünün meri hakimiyyəti ələ keçirməyə hazırlıq görməkdə şübhəli bilinir

2026/06/1780484259.jpg
Oxunub: 305     16:55     05 İyun 2026    
Ermənistan İstintaq Komitəsi Gümrü meri Vardan Qukasyan və digər şəxslərlə bağlı cinayət işi başlatdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, 2026-cı il iyunun 5-də Ermənistan İstintaq Komitəsinə daxil olmuş ehtimal edilən cinayət barədə məlumat əsasında Şirak vilayətinin Gümrü icmasının rəhbəri Vardan Qukasyanın digər şəxslərlə birlikdə qrup şəklində Ermənistan hakimiyyətini Konstitusiyada nəzərdə tutulmayan üsullarla ələ keçirməyə yönəlmiş hazırlıq hərəkətləri həyata keçirdiyi iddia olunur.

Bildirilib ki, həmin şəxslər 2025-ci il ərzində müxtəlif şəxslərlə görüşlər keçirib, tərəfdarların cəlb olunması istiqamətində fəaliyyət göstəriblər. Lakin onların iradəsindən asılı olmayan səbəblərdən niyyətlərində olan əməlin icrasına başlaya bilmədikləri qeyd olunub.

Qeyd edilib ki, məlumat əsasında Ermənistan İstintaq Komitəsinin dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin istintaqı üzrə baş idarəsində Ermənistan Cinayət Məcəlləsinin hakimiyyətin mənimsənilməsinə hazırlıq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi çərçivəsində ehtimal olunan cinayətə cəlb edilmiş bütün şəxslərin kimliklərinin, eləcə də hadisənin törədilmə mexanizmlərinin müəyyənləşdirilməsi və onların əməllərinə hüquqi qiymət verilməsi istiqamətində tədbirlərin görüldüyü bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qukasyan  


Bizi "telegram"da izləyin