Daxili gündəmdə bu hadisələr cərəyan edərkən, Baş nazir Narendra Modi 11 fevralda Fransa prezidenti Emmanuel Makronla Parisdə görüşüb. Ardınca Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Modi Dehliyə qayıdan kimi Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sanini qəbul edib. Modinin Sanini diplomatik protokolda nadir hallarda rast gəlinən şəkildə hava limanında qarşılaması diqqət çəkib. Bu davranış yerli mətbuatda Qətərin Hindistan üçün diplomatik tərəfdaşlıqdan daha vacib mövqeyə malik olması kimi şərh edilib.
Xarici siyasətdə “bərabər məsafədə yaxınlıq” strategiyası
Hindistanın xarici siyasət strategiyası, xüsusilə BJP iqtidarından sonra digər dövlətlərə “bərabər məsafədə uzaq qalma” anlayışından “bərabər məsafədə yaxın olma” istiqamətində dəyişib. Bunun arxasında hökumətin səsləndirdiyi və əslində Purana mətnlərinə əsaslanan fəlsəfi diskurs dayanır. Bu diskurs bütün dünyanın dostu mənasını verən “Vişvabandhu” anlayışı ilə özünü göstərir. Bu yanaşma tərzi Hindistanın 2023-cü ilin sentyabrında G20 Zirvəsinə ev sahibliyi etdiyi dövrdə mövzu olaraq müəyyənləşdirdiyi “Tək Dünya Tək Ailə” mənasını verən “Vasudhaiva Kutumbakam” diskursu ilə də əlaqəlidir.
Baş nazir Modinin ABŞ səfərindən nə əldə edildi?
Hindistan Baş naziri Modi ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşüb. ABŞ səfəri Modinin 16-cı BRİKS zirvəsi çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Kazanda görüşməsindən təxminən 4 ay sonra baş tutub. Bu aktivlik Hindistanın Rusiya ilə qurduğu yaxın təmas və ABŞ ilə olan strateji tərəfdaşlığı arasındakı balansın əksi kimi qiymətləndirilə bilər.
Görüşün sonunda hər iki tərəf strateji əlaqələrini kritik sahələrdə genişləndirmək üçün konkret addımlar atmağa qərar verib. Modi ABŞ və Hindistan arasında qarşılıqlı ticarət həcmini 2030-cu ilə qədər iki qatdan çox artıraraq beş yüz milyard dollara çatdırmaq hədəfini vurğulayıb. Trampın Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətindəki səylərini məmnuniyyətlə qarşılayıb. Modi Rusiya-Ukrayna münaqişəsində hər iki ölkənin liderləri ilə görüşdüyünü, Hindistanın bitərəf olmadığını və sülhün tərəfində olduğunu bildirib.
Hindistan və ABŞ görüşdə enerji transferi və ticarət əlaqələri ilə yanaşı, ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsini də müzakirə ediblər. ABŞ-də təhsil alan hindistanlı tələbələrin sayının ötən ilə nisbətən 20 faizdən çox artdığı qeyd edilib. Baş nazir Modi ABŞ universitetlərini Hindistanda kampus açmağa dəvət edib. Həmçinin, Prezident Trampı qarşıdan gələn QUAD liderləri zirvəsi üçün Hindistana dəvət edib.
İkili problemlərin həllində üçüncü bir aktora isti yanaşılmır
ABŞ Prezidenti Tramp görüşdən sonra Hindistan və Çini nəzərdə tutaraq iki qonşu arasında davam edən sərhəd mübahisəsinin həllinə dəstək verməyə hazır olduğunu bildirib. Bu məsələ ilə bağlı fikri soruşulan Hindistan Xarici İşlər Nazirliyinin katibi Vikram Misri qonşularımızla hər hansı problemimiz olsa da, bunlarla məşğul olmaq üçün həmişə ikitərəfli yanaşma tətbiq etdik: “Hindistan və Çin arasında da vəziyyət fərqli deyil. Biz onlarla ikitərəfli müstəvidə bütün problemləri müzakirə edirik və bunu davam etdirəcəyik”.
“Viksit Bharat” hədəfi
Hindistan gəlir bölgüsündəki qeyri-bərabərlik, sinfi ayrı-seçkilik və ətraf mühitin çirklənməsi kimi toplanmış bəzi problemlərə baxmayaraq, malik olduğu ümumi daxili məhsul (ÜDM) ilə son 10 ildə ciddi sıçrayış edib və dünyanın beşinci ən böyük iqtisadi gücünə çevrilib. Hindistanın sabitliyini qoruması halında bir neçə il ərzində Yaponiyanı, 2030-cu ilə çatmadan isə Almaniyanı geridə qoyaraq dünya iqtisadiyyatında üçüncü yerə yüksələcəyi proqnozlaşdırılır.
Gənc demoqrafik gücü, geosiyasi mövqeyi, proqram təminatı texnologiyası, istehsal sektoru və kosmik tədqiqatlardakı fəaliyyətləri digər dövlətlərin Hindistanla strateji tərəfdaşlıq qurmaq istəklərini artırır. Yeni Dehlinin milli maraqlara uyğun, inkişaf yönümlü diplomatiya aparması da tələb-təklif balansını yüksəldir. Dünyanın çoxqütblü istiqamətə doğru inkişaf etdiyi bu dövrdə Hindistan hökuməti, Modinin ABŞ səfərində vurğuladığı kimi, “Viksit Bharat 2047” vizyonu ilə müstəqilliyinin yüzüncü ilində inkişaf etmiş ölkə olmaq hədəfini qarşıya qoyur.
Hindistanın atdığı addımlarla strateji müstəqilliyini gücləndirməyə və beynəlxalq sistemin dəyişmə prosesində aparıcı aktora çevrilməyə çalışdığı görünür. Tramp isə ABŞ-nin Hindistana hərbi satışları artıracağını və həmçinin F-35 beşinci nəsil döyüş təyyarəsini təmin etmək imkanı yaradacağını söyləyib. Lakin bu açıqlamadan sonra Hindistan xarici işlər nazirliyi yenə də balanslaşdırılmış və soyuqqanlı siyasətini işə salaraq bunun hələ təklif mərhələsində olduğunu bildirib.
Görünür ki, Çin və Rusiya tarazlığını da nəzərə alan Hindistan tərəfi, öz daxilində qiymətləndirmələr aparacaq və buna görə addımlar atacaq. İstər ABŞ, istərsə də Rusiya tərəfindən Hindistana təqdim edilən bu cür təkliflər, həmin ölkələrin ticarət və beynəlxalq əlaqələrinin bir əksi olmaqla yanaşı, Dehlinin bölgədə artan gücünün və strateji əhəmiyyətinin nəticəsi kimi də qiymətləndirilməlidir.
Sevinc Əliyeva
Ordu.az