Belə çıxır ki, Türkiyə prezidenti ilə Rusiya prezidenti arasında görüş hazırkı geosiyasi problemlər nəzərə alınmaqla, bilərəkdən təxirə salınıb və öz gününü gözləyir. Bu baxımdan, tərəflərin görüş məsələsində təmkinli yanaşma nümayiş etdirməsi anlaşılandır. Qeyd edək ki, sözügedən səfər hələ 2023-cü ilin aprel-may aylarında elan edilmişdi, lakin bu günə qədər baş tutmayıb və əsasən Rusiyanın cavabı, cədvəllərin uyğunlaşdırılmasının mümkün olmadığı ilə bağlı olub. Bu müddət ərzində Putin müxtəlif ölkələrə, o cümlədən Türk Dövlətləri Təşkilatının üzvü olan Mərkəzi Asiya dövlətlərinə və Azərbaycana səfər edib. Əlbəttə, keçən il oktyabrda BRICS sammiti münasibətilə Ərdoğan özü Rusiyaya, Kazana səfər etdi, lakin bu səfər yarımçıq qaldı və Türkiyə prezidenti Ankarada baş verən terror aktı səbəbindən geri qayıtmağa məcbur oldu.
Diqqətəlayiq haldır ki, Matviyenkonun səfəri günündə PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın müraciəti olub. O, PKK-nı silahlı mübarizəni dayandırmağa və silahı yerə qoymağa çağırıb. Öcalan niyə məhz indi belə bir müraciət etməyi qərara alıb. PKK Öcalanın çağırışına əməl edəcəkmi?
Bu çağırışın Matviyenko başda olmaqla nümayəndə heyətinin səfəri ilə eyni vaxta düşməsi təsadüfi ola bilər, lakin çox rəmzidir. Qeyd etdiyimiz kimi PKK-nın terrorçu fəaliyyəti öz şaxələri ilə Suriyaya qədər uzanır və bəlkə də əslində Suriyada həll olunacaq. Artıq PKK-nın Suriya qolu olan PYD/YPG silahlı mübarizəni dayandıracaqlarını ifadə edib.
Maraqlıdır ki, bu günlərdə müxtəlif teleqram kanallarında məlumat yayılıb ki, guya ələvilər Suriyanın qərbində - ələvi əhalisinin cəmləşdiyi Latakiya və Tartus bölgələrində muxtariyyət elan etməyə hazırlaşırlar. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Rusiyanın iki hərbi bazası məhz buradadır. Əslində, söhbət Suriyada Türkiyənin fəaliyyətlərinin qarşısının alınmasından gedə bilər. Mümkündür ki, Lavrov Türkiyədə Fidanla görüşündə Suriyada vəziyyətin sabitləşdirilməsi üçün koordinasiyalı iş aparılmasının vacibliyindən danışarkən məhz bunu nəzərdə tutub.
Türkiyə Öcalan vasitəsilə PKK-nı cilovlamağa çalışaraq, Rusiyanın hibrid təsir potensialını azaltmağı hədəfləyir. Yeri gəlmişkən, müxtəlif məlumatlara görə, Matviyenko Türkiyəyə səfərindən sonra Ermənistana gedəcək. Onun öncədən Ermənistan parlamentinin sədri ilə telefon danışığı aparması faktı da var. Qeyd edək ki, Matviyenkonun Ermənistana səfəri barədə məlumat yanvarda Moskvada keçirilən Lavrov-Mirzoyan birgə mətbuat konfransında elan edilmişdi.
Aqil Məmmədov
Ordu.az