Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə 2024-cü il iyulun 17-də Britaniyanın Suffolk qraflığının Beri St Edmunds şəhərində baş verib.
“RAF Mildenhall” aviabazasına eniş edən “Boeing C-17 Globemaster III” hərbi nəqliyyat təyyarəsi eniş zamanı ASH 31 tipli planerlə qarşılaşıb.
Pilot planeri gördüyü anda eniş mərhələsində olub, tez avtopilotu söndürüb, sola doğru sərt dönüş edib və toqquşmadan son anda xilas ola bilib.
Böyük Britaniyanın Hava Qəzaları İdarəsi təyyarələrin bir-birindən 150 metr (500 fut) məsafəyə qədər yaxınlaşdığını və bunun ciddi toqquşma riski yaratdığını bildirib.
Hadisə aviasiyada ən yüksək risk səviyyəsi olan A kateqoriyasına aid edilib.
İstintaq müəyyən edib ki, planer pilotu 6 saatdan çox havada qaldıqdan sonra batareyanın enerjisinə qənaət etmək üçün transponderini söndürüb. Buna görə də nə C-17 pilotu, nə də hava hərəkəti idarəsi planerin varlığını hiss etməyib.
Rəsmilər planerin “uyğun olmayan” radioelektron avadanlıqlara sahib olmasının ASH 31 pilotunun da C-17-ni əvvəlcədən aşkarlamasına mane olduğunu bildiriblər. Qeyd edilib ki, hadisə Britaniyanın ən işlək hərbi hava məkanlarından birində baş verib.
İstintaq qrupu açıqlayıb ki, planer pilotu C-17-ni görən zaman toqquşmamaq üçün əlindən gələn hər şeyi edib.
Sevinc Əliyeva
Ordu.az