Türkiyə və NATO innovasiyalar üzərində birgə işləyir

2025/02/1740641703.jpg
Oxunub: 441     11:50     28 Fevral 2025    
NATO Müttəfiq Transformasiya Komandanlığı (ACT) tərəfindən təşkil edilən, müdafiə və təhlükəsizlik sahəsində innovasiya, “Ar-Ge” tədqiqatları və cığır açan texnologiyaların istifadəsini təşviq etmək məqsədi daşıyan “Innovation Continuum” tədbirlər seriyasının 2025-ci ildəki ilk fəaliyyəti “SPARK Ankara”da baş tutub.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin koordinasiya etdiyi toplantı fevralın 27-də bitib.

Müdafiə sənayesi ekosisteminin beynəlxalq arenada daha təsirli olması və gələcəyin döyüş meydanlarını formalaşdıracaq texnologiyaların inkişaf etdirilməsi məqsədilə təşkil edilən tədbirdə NATO qurumları, üzv ölkələrdən ekspertlər, müdafiə sənayesi nümayəndələri və alimlər bir araya gəlib.

SPARK 2025 çərçivəsində süni zəka, böyük məlumat analitikası, insansız sistemlər, avtonom texnologiyalar, kibertəhlükəsizlik, kosmik sistemlər və qabaqcıl mühəndislik həlləri kimi kritik sahələrdə “Ar-Ge” işləri və texnoloji inkişaflar müzakirə edilib.

NATO-ya üzv ölkələrdən 180-ə yaxın iştirakçının qatıldığı tədbirdə Türkiyədən 13 şirkət, TÜBİTAK, Quru, Dəniz və Hava Qüvvələri Araşdırma Mərkəzi Komandanlıqları NATO əməkdaşlığı çərçivəsində hazırlanmış innovativ layihələri, əməliyyat həlləri və texnologiyalarını beynəlxalq səviyyədə tanıtmaq imkanı əldə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin