Əslində Patruşevin təklifləri Trampın genişlənmə siyasətinə uyğundur – Bəs reaksiya necə olacaq?

2025/01/1737103034.jpg
Oxunub: 995     12:35     18 Yanvar 2025    
TASS dövlət agentliyinin məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş direktoru, Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşev son dərəcə sərt siyasi bəyanatla çıxış edib.

Dövlət elitasının son optimallaşdırılmasından sonra Patruşev üçün prezidentin köməkçisi-dəniz agentliyinin rəhbəri vəzifəsi yaradılıb və o, əslində Rusiyanın hərbi gəmiqayırma sənayesinə rəhbərlik edir. O deyib ki, Rusiya Ukrayna məsələsində yalnız ABŞ ilə danışıqlar apara bilər, Brüsselin isə bütün Aİ ölkələrinin, xüsusilə də Avropada sabitlikdə maraqlı olan və Rusiyaya qarşı balanslı mövqe nümayiş etdirən Macarıstan, Slovakiya, Avstriya və Rumıniyanın adından çıxış etmək hüququ yoxdur.

Rusiya FTX-nin keçmiş direktorunun sözlərinə görə, zorakı rusofobiyanın bir vaxtlar çiçəklənən Xarkov, Odessa, Nikolayev, Dnepropetrovsk şəhərlərini məhv etməsi xüsusilə narahatedicidir. Patruşev Ukraynanın cari ildə mövcudluğunu dayandıracağını istisna etməyib. O, Moldova üçün də eyni perspektivi görür. Maraqlıdır ki, Patruşev Ukrayna ilə bağlı təkcə Brüssellə deyil, Londonla da hər hansı bir söhbəti istisna edib. Patruşevin bəyanatını heç bir şəkildə “məsləhətçi qərəz” adlandırmaq olmaz.

Beynəlxalq xəbərlərdə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın “yaxın gələcəkdə” Vladimir Putinlə görüşmək niyyətində olduğu barədə məlumatlar yayılıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedevin, Putinin köməkçisi Patruşevin açıqlamaları açıq mesajdır ki, Moskva Trampın “maço” imicinə heyran qalmayıb və “Dava qaçılmazdırsa, birinci sən vur” düşüncəsində qalmağa davam edir.

Ukraynanın “nazifikasiya olunmuş” şəhərlərinin sadalanması açıq mesajdır ki, Xarkov, Odessa, Nikalev və Dnepropetrovsk vilayətlərinin Rusiyanın tərkibində “birləşdirilməsi”ndən başqa Ukrayna məsələsini həll etmək üçün digər yol yoxdur. Patruşev real sövdələşmə təklif edir ki, Krım, Donbas, hazırda Rusiyanın əməliyyatı altında olan və sadalanan vilayətlərin əraziləri “Rusiyaya məxsusdur, ABŞ bunu tanımalıdır”, qalan əraziləri isə Polşa, Macarıstan və Ukrayna ilə həmsərhəd olan digər ölkələr öz aralarında bölüşdürsünlər.

Bu bəyanat müəyyən qədər Molotov-Ribbentrop paktı nəticəsində ərazilərini itirmiş Avropa İttifaqına üzv dövlətlərə ünvanlanıb. Əslində, məlum olur ki, Slovakiyanın Baş naziri Robert Fitso Böyük Britaniya, Fransa və İtaliyanın İkinci Dünya müharibəsi ərəfəsində Hitlerlə razılaşdığı kimi, Ukrayna probleminin “həll oluna biləcəyini” proqnozlaşdırarkən haqlı idi.

Patruşev Trampa Ukraynanın bir dövlət kimi ləğvi, ərazisinin Rusiya ilə bir sıra Avropa ölkələri arasında bölünməsi barədə saziş təklif edir. Bu təklifin Vaşinqtonda necə reaksiya tapacağı yaxın aylarda bəlli olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Patruşev   Tramp   Ukrayna  


Bizi "telegram"da izləyin