Türkiyənin keçmişdə yaşadığı embarqolar səbəbindən bu sahədə yaşadığı çətinliklərə toxunan ekspertlər yerli-milli raketlərin Ankaranın çəkindirməsində ən kritik elementlərdən biri olduğu qənaətindədirlər. Nəinki Türkiyənin yaxın ətrafı, həm də dünya çox çətin bir dövrdən keçir. Yaxın Şərqdən Balkanlara, Afrikadan Asiya-Sakit okeana qədər geniş coğrafiyada gərginlik yüksəkdir. Bu məqamda ölkələrin çəkindirici gücü önəmlidir. Sahib olduğunuz siyasi və iqtisadi gücü hərbi cəhətdən də dəstəkləyə bilmədiyiniz müddətcə, mənzərə yarımçıq qalır.
Türkiyə də xüsusilə özünə düşmən münasibəti bəsləyən ölkələrə qarşı son zamanlarda müdafiə sənayesi ilə önə çıxır. Bir-birinin ardınca həyata keçirilən layihələr, yeni platformalar və güclü sistemlər özlüyündə bir mesaj daşıyır. Ərdoğan belə bir mühitdə iki mühüm açıqlama verdi. Bunlardan birincisi Türkiyənin 800 kilometr və daha yüksək mənzilli raket ehtiyatını gücləndirməsi idi. İkinci mesaj ondan ibarət idi ki, 2000 kilometr və daha çox mənzilli raketlər üzərində iş sürətləndiriləcək.
Ərdoğanın açıqladığı raket proqramları nə deməkdir?
Bu sualı müdafiə sənayesi araşdırmaçısı Ahmet Alemdara verdikdə, o, sözügedən prosesin əslində bir “nəticə” olduğuna diqqət çəkir və səbəblər üçün mötərizə açır. Türkiyə NATO üzvü ölkədir. O, həm də uzun illərdir ki, ABŞ üçün regionda ən strateji müttəfiqdir.
Bu vəziyyətin “istədiyi zaman istədiyi raketə çata bilmə” haqqını gətirdiyini düşünənlər yanılırlar. Alemdarın sözlərinə görə, xüsusilə 1974-cü ildəki Kipr Sülh Əməliyyatından sonra Ankara ağrılı şəkildə reallığın fərqinə varır... Strateji müdafiə sənayesi məhsullarına görə xarici ölkələrdən asılısınızsa, işiniz kifayət qədər çətindir. Türkiyənin yerli imkanlarla raket istehsal etmə səyləri 1950-ci illərə təsadüf etsə də, Alemdar başda ROKETSAN olmaqla, Kipr hadisəsi zamanı və ondan sonra qurulan müdafiə sənayesi şirkətlərinə diqqət çəkir.
Texnologiyanın ötürülməsinə məhdud icazə
Alemdar izah edir ki, bu proses zamanı Türkiyə NATO standartlarına uyğun raket sistemləri idxal edərək təcrübə qazanıb və eyni zamanda oxşar layihələri həyata keçirmək üçün “qollarını çırmalayıb”. Ancaq bu dəfə Türkiyənin “müttəfiqləri” texnologiya transferi ilə bağlı çətinliklər yaradıblar.
Əməkdaşlıq məhdud qaldıqda, “öz göbəyini özü kəsmə” zərurəti bir daha ön plana çıxıb. TÜBİTAK SAGE, ROKETSAN və bəzi oxşar qurumlar ilkin olaraq qısa mənzilli raket proqramları vasitəsilə yerli texnologiyaların əsasını qoyub.
Türkiyənin 800 km mənzilli raketi hansıdır?
Ərdoğanın raketlərlə bağlı açıqlamalarından sonra hər kəsi maraqlandıran məsələlərdən biri də Türkiyənin yerli/milli raketləri oldu. Alemdar qeyd edir ki, raket sistemləri strateji qüvvədir. Bu səbəbdən görülən işlərin gizli saxlanıldığını və ictimaiyyət arasında çox da danışılmadığını deyir.
O, daha sonra Ərdoğanın açıqlamalarının sətir aralarına diqqət yetirir və belə davam edir:
“Açıqlamadakı təfərrüatlara nəzər salsaq, diqqət çəkən ilk şey 800 km və daha yüksək mənzilli raket ehtiyatının gücləndirilməsidir. Əvvəla, biz raketin mahiyyətini bilmirik. Bunun qanadlı raket və ya ballistik raket olduğu bəlli deyil. Məlum olduğu kimi, 300 ilə 1000 km arasında olan ballistik raketlər qısa mənzilli ballistik raketlər kimi təsnif edilir. İşarə edilən ballistik raket layihəsidirsə, bu o deməkdir ki, Türkiyənin qısa mənzilli ballistik raket layihəsi var və inventara daxil olub.
Açıqlamadan sonra ümumi ictimai rəy isə işarə edilən məhsulun “Tayfun” ballistik raketi olmasıdır. Hazırda “Tayfun” raketinin 280+ km mənzilə malik olduğu məlumatına sahibik. Bu nöqtədə ağla “Tayfun” inventardadırmı?” sualı gəlir. Biz keçmişdə görmüşük ki, Türkiyə raket proqramlarını yekunlaşdırıb və sakitcə inventarına əlavə edib. “Tayfun” raketi ilə bağlı oxşar vəziyyət yaşanmış ola bilər, lakin rəsmi açıqlama yoxdur. Prezident Ərdoğan “Ehtiyatımızı gücləndirməyə qərar verdik” deyir. Bundan inventara daxil olmuş bir məhsulun mövcud sayının artırılması şəklində nəticə çıxara bilərik”.
Türkiyənin 2000 kilometr mənzilli raketi
Ərdoğan çıxışında ilk dəfə olaraq 2000 km və daha yüksək mənzilli raket inkişaf etdirmə proqramının sürətləndirilməsi qərarını da açıqlayıb. Bu dəyər “orta mənzilli ballistik raket” sinfinə aiddir. Əgər qeyd olunan ballistik raket layihəsidirsə, aydındır ki, Türkiyə artıq belə bir prosesə daxil olub və indi onu sürətləndirmək istəyir.
Alemdar qeyd edir ki, bu layihənin qanadlı, yoxsa ballistik raket olduğu bilinmir. Lakin o, Ərdoğanın açıqlamasından dərhal sonra ağla “Gezgin”, “Cenk” raket layihələrinin gəldiyini xatırladır və belə davam edir:
“Bildiyimizə görə, “Cenk” raketi layihəsi orta mənzilli ballistik raketin hazırlanması məqsədilə həyata keçirilir. Yenə də onun mənzili 280+ olmaqla birlikdə “Tayfun” raketindən xeyli fərqli imkanlara sahib olacaq. Daha uzun mənzil, daha böyük döyüş başlığı daşıma qabiliyyəti və digər amillər çox vacib çəkindirmə alətləridir.
“Gezgin” qanadlı raket layihəsi kimi tanınsa da, layihənin məzmunu haqqında çox məlumat yoxdur. Onun müxtəlif platformalarda istifadəsi ilə bağlı yalnız gözləntilər və planlar var. Məsələn, döyüş gəmilərində və sualtı qayıqlarda istifadəsi kimi. Burada bir məqamı unutmaq olmaz. Rusiya-Ukrayna müharibəsində və İsrail-İran gərginliyində gördüyümüz kimi, hətta çox inkişaf etmiş müdafiə sistemləri belə qanadlı raketləri bloklamaq üçün kifayət etməyə bilər”.
İstehsal edilən raketlər gələcək layihələr üçün də nümunədir
Artilleriya raketləri və taktiki ballistik raketlərlə başlayan Türkiyənin macərası bu gün tamam başqa səviyyəyə çatıb. Balistik raketlərdən tutmuş qanadlı raketlərə və onların ikinci dərəcəli yansımalarına qədər çox geniş diapazondan danışmaq olar.
Bu nöqtədə SOM-dan “Atmaca”ya, “Gezgin”dən “Cenk” və “Tayfun”a qədər bir çox fərqli və inkişaf etmiş raketlərdən əminliklə danışa bilərik. Burada başqa bir mühüm məqam da var. Məsələn, dəniz əsaslı raketin sonradan qurudan atılacaq tipə çevrilməsi nümunələri var. Türkiyəli mühəndislərin öhdəsinə götürdüyü bir raket layihəsi də ehtiyacdan asılı olaraq tamamilə fərqli tələblərə həll verə biləcək bir quruluşa sahib ola bilər.
Türkiyənin “Polad Günbəz” hava hücumundan müdafiə sisteminin inventardakı raketlər və əlavə olunacaq yeni üzvlərlə əslində daha da güclənəcəyini bildirən Alemdar yaxın gələcəkdə yerli raketlərlə bağlı yaxşı xəbərlər eşidilə biləcəyini əlavə edir.
Sevinc Əliyeva
Ordu.az