Türkiyə Silahlı Qüvvələrinin yüksəlişi hər sahədə davam edir. Hərbi tədqiqatlar üzrə aparıcı beynəlxalq tədqiqat mərkəzi olan və ABŞ-də yerləşən “Global Firepower” 2025-ci il üçün qlobal atəş gücü reytinqini açıqlayıb.
Araşdırma Güc İndeksi (PwrIndx) adlı meyar əsasında dünya üzrə orduların əhatəli sıralamasını təqdim edir. Bu indeks ölkələrin hərbi imkanlarını təkcə mövcud hərbi birliklərin sayı və maliyyə vəziyyətini deyil, həm də logistika imkanlarından tutmuş coğrafi mövqeyinə qədər 60-dan çox müxtəlif amili nəzərə almaqla qiymətləndirir.
“PwrIndx” hesablamaları hər bir ölkənin hərbi gücünü daha dəqiq ifadə etmək və qlobal hərbi balansları obyektiv şəkildə göstərmək üçün hazırlanıb. Bu indekslə hazırlanan reytinq beynəlxalq təhlükəsizlik siyasətləri və müdafiə strategiyaları üçün kritik əhəmiyyət kəsb edir, çünki o, hərbi imkanlar və hazırlıq haqqında anlayışı təmin edir.
“Global Firepower” mərkəzi kiçik, texnoloji cəhətdən inkişaf etmiş ölkələrin daha böyük, daha az texnoloji cəhətdən inkişaf etmiş dövlətlərlə rəqabət aparmaq qabiliyyətini nəzərə alaraq, hərbi qüvvələri sıralamaq üçün özünəməxsus meyarlardan istifadə edir.
Bu mərkəz tərəfindən hər il tərtib edilən siyahı müxtəlif ölkələrin hərbi güclərini daha ədalətli və hərtərəfli qiymətləndirmək məqsədilə il ərzində aparılan çoxsaylı araşdırmalar vasitəsilə davamlı olaraq təkmilləşdirilir. Bu yanaşma kiçik, lakin texnoloji cəhətdən inkişaf etmiş ordular ilə sayca üstün, lakin texnoloji cəhətdən geridə qalmış ordular arasındakı strateji tarazlığın daha yaxşı başa düşülməsini təmin edir.
“Global Firepower”ın orduların güc reytinqi siyahısı dünya üzrə 145 ordunun ətraflı təhlilini təqdim edir. Siyahıda hər bir ölkənin əvvəlki illə müqayisədə reytinqdəki dəyişikliyini göstərən oxlar da var.
Bu oxlar sağ tərəfdə yer alaraq, ölkələrin əvvəlki illə müqayisədə necə irəlilədiyini və ya gerilədiyini aydın şəkildə göstərib. Dünyanın ən güclü ordularının siyahısında ilk onluq aşağıdakı kimidir:
10. İtaliya
9. Türkiyə
8. Yaponiya
7. Fransa
6. Böyük Britaniya
5. Cənubi Koreya
4. Hindistan
3. Çin
2. Rusiya
1. ABŞ
Dünyada doqquzuncu, Yaxın Şərqdə birinci!
“Global Firepower 2025” siyahısında Yaxın Şərqin ən güclü orduları da açıqlanıb. Türkiyə Silahlı Qüvvələri birinci yerdədir. Yaxın Şərqin ilk 10 ölkəsinin reytinqi belədir:
1. Türkiyə
2. İsrail
3. İran
4. Misir
5. Səudiyyə Ərəbistanı
6. İraq
7. BƏƏ
8. Suriya
9. Qətər
10. İordaniya
Türkiyə Silahlı Qüvvələrinin uğuru
Türkiyə son illərdə müdafiə sənayesi sahəsində əldə etdiyi diqqəti çəkən inkişaflarla beynəlxalq arenada özünü təsdiq etmiş bir gücə çevrilib. 2025-ci il üçün nəzərdə tutulan müdafiə büdcəsini 1 trilyon 608 milyard türk lirəsinə (təxminən 45 milyard dollar) çatdıran Türkiyə bu investisiyalarla təkcə öz təhlükəsizliyini təmin etməyib, həm də qlobal müdafiə sənayesində nüfuzlu mövqeyə yüksəlib.
“Global Firepower” internet saytındakı məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri aktiv və ehtiyatda olan hərbi qulluqçular da daxil olmaqla, ümumilikdə 883.900 şəxsi heyətlə əhatəli və nizam-intizamlı bir quruluşa malikdir.
Hava, quru və dəniz qüvvələrinin modernləşdirilməsi layihələri Türkiyənin hərbi potensialını xeyli artırıb. Hərbi Hava Qüvvələri 1069 hərbi təyyarə ilə hava üstünlüyü təmin etmək gücünə malik olarkən, xüsusilə “Kaan” kimi 5-ci nəsil döyüş təyyarələri ilə bağlı planlar bu gücü daha da gücləndirir. Onu da qeyd etmək lazımdır ki, “Global Firepower”ın siyahısında xüsusilə Türkiyənin regional gücünü zirvəyə daşıyan Pilotsuz Uçuş Aparatı (PUA) və zərbə PUA-sı sistemləri nəzərə alınmayıb.

Müdafiə sənayesindəki innovativ irəliləyişlər arasında Türkiyənin PUA və zərbə PUA-sı texnologiyaları sahəsindəki uğuru xüsusilə mühüm yer tutur. Bu sahədəki inkişaflar Türkiyə Silahlı Qüvvələrinə kəşfiyyat məlumatlarının toplanması, hədəfin müəyyən edilməsi və dəqiq zərbə imkanları kimi strateji üstünlüklər verir. Bu insansız sistemlər Türkiyənin müdafiə texnologiyalarındakı yenilikçi tərəfini təmsil edir.
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) strateji mövqeyinin tələb etdiyi yüksək səviyyədə dəniz qabiliyyətini nümayiş etdirir, 16 freqat, 9 korvet, 11 döyüş mina gəmisi, 34 patrul gəmisi, 12 sualtı qayıq, 1 hovuzlu desant gəmisi, müxtəlif sayda patrul gəmiləri və hücum qayıqları ilə çox güclü HDQ kimi seçilir.
Quru Qoşunları tərəfində isə inventarındakı 2231 tank və 55104 zirehli vasitə ilə diqqət çəkən Türkiyə regional və qlobal təhlükələrə qarşı müqavimət göstərəcək quru əməliyyat qabiliyyətinə malikdir. Türkiyə, həmçinin öz sərhədlərindən kənara çıxan əməliyyat imkanları ilə regional təhlükəsizlikdə əsas rol oynayır.
Nəticə etibarilə Türkiyənin müdafiə sənayesində atdığı addımlar təkcə texnoloji tərəqqi deyil, həm də milli təhlükəsizlik və regional sabitlik baxımından kritik əhəmiyyət kəsb edir. Türkiyə Silahlı Qüvvələrinin bu təkmil qabiliyyəti ölkənin müdafiə strategiyasında müqavimət və çəkindirmənin mühüm elementini təşkil edir.
Dəyanət Ağalarlı
Ordu.az