Rubrika| Arxa Fon| JF-17 “Thunder” döyüş təyyarələrinin inkişafı (FOTOLAR)

2024/10/1727870262.jpg
Oxunub: 1571     15:36     03 Oktyabr 2024    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Pakistana səfəri çərçivəsində Pakistanın hazırladığı JF-17 “Blok 3” döyüş təyyarəsi ilə yaxından tanış olmuşdu. Azərbaycanın Pakistanla Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) üçün qeyri-müəyyən sayda JF-17C “Blok 3” çoxməqsədli döyüş təyyarələrinin alınması ilə bağlı 1,6 milyard dollarlıq müqavilə imzaladığı iddia edilirdi.

İddialara görə, müqaviləyə təyyarə, təlim, sursat daxildir və 8 döyüş təyyarəsinin ilk partiyası Pakistan 2024-cü ilə qədər öz HHQ-si üçün sifarişlərini tamamladıqdan sonra çatdırılacaqdı. Lakin artıq dünən İlham Əliyevə təyyarələr təqdim olundu və Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edildi.

Ordu.az tərəfindən təqdim olunan rubrikada JF-17 “Thunder”in ilkin istehsal prosesindən tutmuş dizayn, avioniklər, mühərrik, yanacaq sistemi və silahlanmasınadək bütün inkişaflar işıqlandırılacaq. Rubrikanın ikinci hissəsində döyüş təyyarəsinin inkişaf prosesinə dair məlumatlar təqdim olunub.


JF-17 əsasən “Mirage III” qırıcılarını, “Nanchang A-5” bombardmançı təyyarələrini və “Chengdu F-7” ələ keçirici təyyarələrini əvəz etmək, Pakistan HHQ-nin müasir, çoxfunksiyalı təyyarələrə olan ehtiyacını ödəmək üçün istehsal edilib. Bir təyyarənin qiyməti 500 milyon dollardır və bu Pakistan və Çin arasında bərabər şəkildə bölünür. Təyyarənin daha bahalı Qərb istehsalı döyüş təyyarələrinə sərfəli və rəqabətli alternativ olaraq ixrac potensialına sahib olması da nəzərdə tutulub. Təyyarənin inkişf etdirilməsinə Çinin “baş dizayneri” hesab olunan Yanq Vei rəhbərlik edib. O, həmçinin məşhur “Chengdu J-20” təyyarəsini də dizayn edib.

1989-cu ilədək Vaşinqtonun iqtisadi sanksiyaları səbəbindən Pakistan ABŞ təyyarə istehsalçısı olan “Grumman” şirkətindən (hazırda “Northrop Grumman” kimi tanınır) və Çinin iştirak etdiyi “Project Saber II” (çoxfunksiyalı döyüş təyyarələrinin hazırlanması üçün nəzərdə tutulmuşdu) layihəsindən imtina etdi və “Chengdu F-7”nin yenidən dizaynına və təkmilləşdirilməsinə qərar verdi. Elə həmin il Çin və “Grumman” şirkəti “Chengdu F-7”nin yenidən dizayn edilmiş “Super 7” variantını inkişaf etdirmək üçün yeni layihəyə başladılar. 1989-cu il Tyananmen Meydanında baş verən etirazlardan sonra Çinə sanksiyalar tətbiq edildikdə “Grumman” şirkəti layihəni tərk etdi. Şirkət layihəni tərk etdikdən sonra 1991-ci ildə “Fighter China” layihəsinə start verildi. 1995-ci ildə Pakistan və Çin yeni döyüş təyyarəsinin birgə dizaynı və inkişafı üçün anlaşma memorandumu imzaladılar və növbəti bir neçə il ərzində layihənin detallarını hazırladılar. 1995-ci ilin iyun ayında “Mikoyan” “dizayn dəstəyi” təmin etmək üçün layihəyə qoşuldu.


FC-1 layihəsinin başlanması

1995-ci ilin oktyabrında Pakistanın 1999-cu ilə qədər istehsalına başlaması gözlənilən FC-1-in avionikasını təmin etmək və birləşdirmək üçün ilin sonuna qədər qərb şirkəti seçəcəyi bildirildi. Avioniklərə radar, inersial naviqasiya sistemi, şüşə displeyi və çoxfunksiyalı ekranlar daxil idi. “Thomson-CSF” (Fransa) şirkəti RDY radarlarını, SAGEM (Fransa) şirkəti ROSE adlı inkişaf etmiş aviasiya paketini, “Marconi” (Britaniya) şirkəti “Blue Hawk” radarlarını təklif etdi. İtaliyanın “SELEX Galileo” şirkətinin (həmin vaxt FIAR adı ilə tanınırdı) Pakistan HHQ ilə yaxın əlaqələri olduğu üçün şirkətin “Grifo S7” radarının seçiləcəyi gözlənilirdi. 1998-ci ilin fevralında Pakistan və Çin hava sahəsində inkişafı əhatə edən niyyət məktubu imzaladılar. Rusiya “Klimov” şirkəti qırıcıya güc vermək üçün RD-33 turbofan mühərrik variantını təklif etdi. 1999-cu ilin aprelində Cənubi Afrikanın “Denel” şirkəti isə “hava-hava” raketlərini təklif etmişdi. Mühərrik təklifləri arasında “Pratt & Whitney” şirkəti (ABŞ) də var idi, şirkət 1987-ci ildə “Super 7” layihəsi üçün Çin və ya Pakistanla birgə istehsal ediləcək 3 mühərrik təklif etmişdi: PW1212, F404 və PW1216. Britaniyanın “Rolls Royce” şirkəti tərəfindən RB199-127/128 turbofan mühərriki təklif edilsə də, bu plan 1989-cu ildə ləğv edildi.


1999-cu ilin iyun ayında “Chengdu FC-1”in birgə hazırlanması və istehsalına dair müqavilə imzalandı. “Marconi” inteqrasiya edilmiş avionika dəsti təklifindən imtina etdikdən sonra, Pakistanın “Blue Hawk” radarlarından istifadə edəcəyinə ümidlərin daha çox olmasına baxmayaraq, FIAR və “Thomson-CSF” müvafiq olaraq “Grifo S7” və RC400 radarlarına əsaslanan bir sıra aviasiya dəstləri təklif etdilər. Pakistan 1998-ci il nüvə silahı sınaqlarından sonra sanksiyalara məruz qaldı və buna görə Qərb şirkətlərinin avionika təchizatı dayandığı üçün dizayn işlərində ləngimə yaşandı. 2001-ci ilin əvvəlində Pakistan HHQ dizayn işlərinin davam etdirilməsinə imkan vermək üçün təyyarə korpusunu (gövdəsini) avioniklərdən ayırmaq qərarına gəldi. Gövdə hazırlandıqca, hər hansı yeni avionik tələbləri daha asanlıqla inteqrasiya edilə biləcəkdi.


Təyyarə prototipinin istehsalı 2002-ci ilin sentyabrında başladı. FC-1-in tam ölçülü maketi 2002-ci ilin noyabrında keçirilən “Airshow China” sərgisində nümayiş olundu. Prototipləri gücləndirəcək “Klimov” şirkətinin RD-93 turbofan mühərriklərinin ilk partiyası da 2002-ci ildə təqdim edildi. Çinin Milli Aerotexnologiya İdxal və İxrac Korporasiyasının rəsmisinə görə, JF-17-nin ucuz olması, bort sistemlərinin bəzilərinin “Chengdu J-10” sistemlərinə uyğunlaşdırılması ilə əlaqədardır. Kompüter dəstəkli dizayn proqramının istifadəsi JF-17-nin dizayn mərhələsini qısaltdı.

Uçuş testi və yenidən dizaynı

PT-01 adlandırılan ilk prototip 2003-cü il mayın 31-də hazır edildi və ilk uçuşa hazırlaşmaq üçün “Chengdu”nun test uçuş mərkəzinə köçürüldü. Uçuşun əvvəlcə iyun ayında reallaşdırılması planlaşdırılırdı, lakin SARS epidemiyası ilə əlaqədar narahatlıq səbəbindən təxirə salındı. “Super-7” adı bu yerdə “JF-17” (Joint Fighter-17) ilə əvəz olundu. Aşağı sürətli uçuş sınaqları 27 iyun 2003-cü ildə “Chengdu”nun Venjianq Hava Limanında başladı. İlk uçuş 2003-cü ilin avqust ayının sonlarında edildi, prototipin rəsmi olaraq ilk uçuşu sentyabr ayının əvvəlində reallaşdı. 2004-cü ilin mart ayında Çin ilk prototipin təxminən 20 sınaq uçuşunu həyata keçirdi. 7 aprel 2004-cü il tarixində Pakistan HHQ-nin sınaq pilotları Rəşid Həbib və Məhəmməd Ehsan ul-Haq ilk dəfə PT-01-i uçurdular. PT-03 adlanan üçüncü prototipin ilk uçuşu 9 aprel 2004-cü ildə reallaşdı. 2004-cü ilin martında Pakistan 200 təyyarə hazırlamağı planlaşdırırdı.


Üçüncü prototipdən sonra bir neçə dizayn təkmilləşdirilməsi hazırlandı. RD-93 mühərriki tərəfindən həddindən artıq tüstü buraxıldığı üçün hava girişləri genişləndirildi. Sınaqlar zamanı yaranan test problemləri həll edildi. Şaquli quyruq üzgəci radiolektron müharibə avadanlığı bölməsini yerləşdirmək üçün böyüdülüb. Yenidən dizayn edilmiş təyyarənin maksimum qalxma çəkisi və Çin mənşəli avionikanın sayı artırılıb. Pakistan HHQ təyyarələri üçün Qərb istehsalı avioniklər seçmişdi, ancaq onların tədarükü 2005-ci ilin sonundan 2007-ci ilə qədər təxirə salındı. Pakistan qalibin seçilməsinin 2006-cı ildə sona çatmalı olan tenderdə Britaniya, Fransa və İtaliya istehsalı avionika dəstlərini qiymətləndirdi. PT-04 adlanan dördüncü prototip 2006-cı ilin aprelində təqdim edildi və 28 aprel 2006-cı ildə ilk uçuşunu həyata keçirdi.

Modifikasiya edilmiş hava girişləri ənənəvi giriş rampalarını səsdən sürətli giriş dizaynı ilə əvəz edib. JF-17 dizaynı 2001-ci ildə tamamlandı. Bir çox model külək tüneli sınaqlarından keçirildi, səsdən sürətli giriş dizaynı təyyarənin performansını yaxşılaşdırdı, ağırlığı, maliyyəni və mürəkkəbliyi azaltdı.


Uçuş sınaqlarının avionika və silah seçmə mərhələsi üçün PT-04 sensor füzyonu, radioelektron döyüş dəsti, inkişaf etmiş insan-maşın interfeysi, RD-93 turbofan mühərriki üçün rəqəmsal elektron mühərrik nəzarəti, uzaqdan idarəetmə sistemi (FBW) üçün uçuş nəzarətləri, gündüz/gecə dəqiq hücum qabiliyyəti və hava-hava hücum qabiliyyəti üçün çoxrejimli “Doppler” radarını özündə birləşdirən dördüncü nəsil aviasiya dəsti ilə təchiz edilib. PT-06 adlanan altıncı prototip 10 sentyabr 2006-cı ildə ilk uçuşunu etdi. 2008-ci ildəki rəqabətdən sonra “Martin-Baker” şirkəti (Britaniya) 50 ədəd PK16LE katapult oturacağı tədarükü üçün seçildi.

(Ardı var)
Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: JF-17   Azərbaycan   Pakistan   HHQ   Çin  


Bizi "telegram"da izləyin