İddialara görə, müqaviləyə təyyarə, təlim, sursat daxildir və 8 döyüş təyyarəsinin ilk partiyası Pakistan 2024-cü ilə qədər öz HHQ-si üçün sifarişlərini tamamladıqdan sonra çatdırılacaqdı. Lakin artıq dünən İlham Əliyevə təyyarələr təqdim olundu və Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edildi.
Ordu.az tərəfindən təqdim olunan rubrikada JF-17 “Thunder”in ilkin istehsal prosesindən tutmuş dizayn, avioniklər, mühərrik, yanacaq sistemi və silahlanmasınadək bütün inkişaflar işıqlandırılacaq. Rubrikanın birinci hissəsində döyüş təyyarəsi ilə ilkin tanışlıq üçün ümumi məlumatlar təqdim olunub.

Belə ki, Pakistanda JF-17 “Thunder”, Çində FC-1 “Xiaolong” adlandırılan qırıcı qiyməti ucuz, az texniki xidmət tələb edən, yüngül, tək mühərrikli, dördüncü nəsil çoxfunksiyalı döyüş təyyarəsidir. Qırıcı Pakistanın “Pakistan Aeronautical Complex” (PAC) və Çinin “Chengdu Aircraft Corporation” (CAC) şirkətləri tərəfindən birgə dizayn edilib və istehsal olunub. JF-17 Pakistan Hərbi Hava Qüvvələrinin təyyarə parkında olan A-5C, F-7P/ PG, “Mirage III”, “Mirage V” və F-16 döyüş təyyarələrinin və dünyada fəaliyyət göstərən digər üçüncü və dördüncü nəsil döyüş təyyarələrinin əvəzlənməsi üçün nəzərdə tutulub.
JF-17 hava kəşfiyyatı aparmaq, yer hədəflərinə qarşı hücum və qarşı tərəfin hava hədəflərinin ələ keçirilməsi və ya məhv edilməsi, yaxın hava dəstəyi, gəmi əleyhinə və hava kəşfiyyatı da daxil olmaqla bir çox funksiya üçün istifadə edilə bilər. Təyyarənin adındakı “JF” abreviaturasının açılışı “Joint-Fighter” (Vahid qırıcı), “Thunder” isə “İldırım” mənasını verir. Çində təyyarə “FC-1 Xiaolong” adı ilə tanınır. “FC” abreviaturasının açılışı “Fighter-China” (Çin qırıcısı), “Xiaolong” isə “qəddar əjdaha” mənasını verir.

JF-17-yə gəmi əleyhinə raketlər də daxil olmaqla “hava-hava” və “hava-yer” tipli raketlər, 23 mm-lik cütlüləli QŞ-23-2 avtomatik top kimi müxtəlif sursat quraşdırıla bilər. Təyyarələr maksimum sürəti 1.6 maxa bərabər olan “Guizhou” WS-13 və ya Rusiya istehsalı RD-93 mühərriki ilə təchiz olunub. Bu təyyarələrin yaxın müddət ərzində Pakistan Hərbi Hava Qüvvələrinin “onurğa sütunu” olacağı və uçuş göstəriciləri təxminən eyni olan, lakin texniki xidməti təqribən iki dəfə baha başa gələn F-16 “Fighting Falcon” qırıcılarını da tamamilə əvəzləyəcəyi məlumdur. Pakistan HHQ ilk JF-17-ni 2010-cu ilin fevral ayında silahlanmaya qəbul edib.
Qanadları və şaquli stablizatoru da daxil olmaqla JF-17 təyyarəsinin 58%-i Pakistanda, 42%-i isə Çində istehsal olunur, amma təyyarənin son yığımı Pakitanda həyata keçirilir. 2015-ci ildə Pakistan 16 ədəd JF-17 istehsal edib. 2016-cı ildən etibarən PAC şirkəti ildə 25 ədəd JF-17 istehsal etmək gücünə malikdir. 2017-ci ilin aprel ayına qədər PAC Pakistan Hərbi Hava Qüvvələri üçün təyyarənin 70 ədəd “Blok 1” növünü, 33 ədəd isə “Blok 2” növünü istehsal edib.

2017-ci ildən sifariş edilmiş həm döyüş əməliyyatları, həm də təlim məqsədilə istifadə olunacaq iki oturacaqlı JF-17B variantının Pakistan Hərbi Hava Qüvvələrinə təhvil mərasimi 2020-ci ildə baş tutub. Bununla belə, hal-hazırda texnoloji cəhətdən daha da inkişaf etdirilmiş “Blok 3” variantı da inkişaf etdirilir. Pakistan Hərbi Hava Qüvvələri 50 ədəd JF-17 “Blok 3” təyyarəsi üçün sifariş verib və ilk tədarük 2023-cü ildə baş tutub. “Blok 3” variantının sahib olduğu KLJ-7A radarı eyni anda 15 hədəfi izləmək imkanına malikdir.
JF-17 “Thunder” silahlanmaya qəbul olunduğu 2011-ci ildən etibarən ümumilikdə 19.000 saat əməliyyat uçuşu həyata keçirib. Pakistan HHQ bu qırıcılardan istifadə edərək Şimali Vəziristan bölgəsində terrorçuların mövqelərini həm idarəolunan, həm də idarə olunmayan aviabombalar vasitəsilə bombardman edib. JF-17, həmçinin 2019-cu il Cammu və Kəşmirə hava hücumları zamanı Hindistan Hərbi Hava Qüvvələrinə qarşı da istifadə edilib.
Dəyanət Ağalarlı
Ordu.az