Rusiya staqflyasiya mərhələsinə qədəm qoyur: Statistika Nazirliyinin yeni rəqəmləri hansı təhlükəli gələcəkdən xəbər verir?

2026/06/1780685795.jpg
Oxunub: 247     22:55     05 İyun 2026    
Görünür, taleyin istehzası nəticəsində iyunun 3-də Peterburqda Beynəlxalq İqtisadi Forumun açıldığı gün Rusiyanın İqtisadi İnkişaf Nazirliyi yeni statistik məlumatlar yayıb. Yanvar-aprel aylarında inflyasiya 5,8 faiz təşkil edib, ÜDM isə ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,2 faiz artıb. Sənaye istehsalı 0,7 faiz artsa da, tikinti sektoru 8 faiz azalıb. Ekspertlər artıq Rusiyada yaxınlaşan staqflyasiya barədə xəbərdarlıq edirlər. Bu mənzərəni “Nezavisimaya qazeta” təsvir edib. Qəzetin şərhçisinin fikrincə, Vladimir Putinin şəxsi təşəbbüsü ilə keçirilən iqtisadi tədbir “daha çox siyasi bəyanatlar platformasını xatırladır”.

“Boş danışıq və iqtisadi proseslərin həqiqi səbəblərinin yarımçıq təqdimatı, statistik məlumatlardakı uyğunsuzluqlar, dərin təhlillərin olmaması, iqtisadi inkişafın yeni modelinin müzakirələrindən köklü yorğunluq, çünki bu mövzular artıq bir neçə onillikdir təkrarlanır, ölkənin ən mühüm forumu belə olmamalı idi”, - deyə nüfuzlu Rusiya nəşri yekun qiymətləndirmə verib və Rusiya iqtisadiyyatının “sağlam olmayan” vəziyyətinin əsas göstəricisini qeyd edib: ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-aprel aylarında investisiyalar birdən-birə 14 faiz azalıb.

Bu fonda Rusiyanın Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu məhdudiyyətlərlə bağlı Rusiya baş nazirinin müavini Aleksey Overçukun bunun “tamamilə iqtisadi xarakter daşıdığı” barədə iddiası heç bir tənqidə tab gətirmir. Xüsusilə də o, dərhal öz sözlərini təkzib edərək bildirib ki, “Rusiya Ermənistanı öz hesabına saxlamaq niyyətində deyil”.

Overçuk faktiki olaraq etiraf edib ki, Astanada Rusiya Avrasiya İqtisadi Birliyində Ermənistanın üzvlüyünün dondurulması məsələsini kəskin şəkildə qaldırıb, lakin tərəfdaşlar ona izah ediblər ki, Birliyin müqaviləsində belə mexanizm nəzərdə tutulmayıb. Overçukun sözlərinə görə, bu məsələ AİB-in dekabr sammitində müzakirə olunmalıdır, lakin o dərhal qeyd edib ki, “əlbəttə, bu, seçkilərin nəticələrindən asılı olacaq”.

Görünür, Rusiyada təkcə statistik məlumatlar deyil, siyasətçilərin bəyanatları da bir-birinə uyğun gəlmir. Baş nazirin müavini Overçuk “Ermənistanın varlanmasını və sabah Avropa İttifaqı ilə birlikdə Rusiyaya qarşı müharibə aparmasını” istəmir, Prezident Vladimir Putin isə xarici KİV-lərə müsahibəsində Rusiyanın NATO ilə müharibə aparacağı barədə “hər cür söhbətləri” “cəfəngiyyat” adlandırıb.

“Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “heç bir iri müqavilə imzalanmayıb”, - deyə “Nezavisimaya qazeta” qeyd edib. ABŞ-nin bu tədbirə münasibətinin ən parlaq göstəricisi isə həmin gün yayılan məlumat olub ki, Konqres Rusiyaya qarşı yeni sanksiyalar paketinin lehinə səsverməyə hazırlaşır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Moskva   Staqflyasiya  


Bizi "telegram"da izləyin