Cənubi Kipr Yunanıstanın “Leopard” tanklarını bəyənməyib

2026/06/Ekran-1780838806.jpg
Oxunub: 287     17:14     07 İyun 2026    
Cənubi Kiprdən Yunanıstana göndərilən hərbi nümayəndə heyəti Yunanıstan Silahlı Qüvvələrinin inventarında olan “Leopard” 1A5 tanklarını yerində araşdırıb.

Ordu.az “Philenews” nəşrinə istinadən xəbər verir ki, Yunanıstanın “Leopard” 1A5 əsas döyüş tankları Rum Milli Qvardiyasının tank parkını gücləndirmək üçün mümkün həll variantlarından biri kimi nəzərdən keçirilsə də, yoxlamaların nəticəsi qənaətbəxş olmayıb.

Kiprdən Yunanıstana ezam olunan nümayəndə heyəti Afinanın təhvil verməyə hazır olduğu tankları yaxından incələyib. Məlumata görə, aparılan baxışlar zamanı müəyyən edilib ki, sözügedən tanklar hətta müvəqqəti “ara həll” kimi belə Rum Milli Qvardiyasının ehtiyaclarını ödəyə bilməz.

“Philenews” qeyd edir ki, Afina ilə Lefkoşa arasında mümkün razılaşma yalnız tankların əməliyyat baxımından uyğun hesab ediləcəyi halda reallaşa bilərdi. Bu tankların 1980-ci ildə təhvil alınmış 126 ədəd EE-9 Cascavel təkərli zirehli maşından ibarət köhnə parkın yaratdığı boşluğu doldurması planlaşdırılırdı.

“Leopard” 1A5 tankları ilə bağlı daha əvvəl Yunanıstanın öz inventarındakı sistemləri Cənubi Kiprə verə biləcəyi barədə məlumatlar yayılmışdı. Həmçinin bu tankların adada yaradılacaq müəssisədə modernləşdirilə biləcəyi iddia olunurdu. Lakin rəsmi mənbələr belə bir qərarın qəbul edilmədiyini və istehsal-modernizasiya müəssisəsinin yaradılması planının hazırda gündəmdə olmadığını bildiriblər.

Məlumata görə, bu təşəbbüs Rum Milli Qvardiyasının təcili ehtiyaclarını qarşılamaq məqsədilə müvəqqəti variant kimi nəzərdən keçirilib. Yunanıstan da tələb olunduğu halda “Leopard” 1A5 tanklarını təhvil verə biləcəyini ifadə edib.

Bununla yanaşı, uzun illərdir planlaşdırılan modernləşdirmə layihələrinin müxtəlif səbəblərdən həyata keçirilməməsi nəticəsində mövcud zəifliklərin davam etdiyi vurğulanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Kipr   Yunanıstan   Leopard  


Bizi "telegram"da izləyin