Danimarka ilk dəfə JASSM-ER qanadlı raketləri alacaq

2026/06/1780828521.jpg
Oxunub: 294     14:32     07 İyun 2026    
ABŞ Dövlət Departamenti Danimarkaya 200 ədəd AGM-158B JASSM-ER havadan buraxılan qanadlı raketinin satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, ümumi dəyəri 842 milyon dollar olan tədarük paketi Danimarka Kral Hərbi Hava Qüvvələrinin F-35A qırıcılarına ilk dəfə uzaqmənzilli dəqiq zərbə imkanları qazandıracaq.

Paketə raketlərlə yanaşı, daşınma konteynerləri, sınaq avadanlıqları, missiya planlaşdırma proqramları, ehtiyat hissələri, mühəndislik dəstəyi və uzunmüddətli logistika-təminat xidmətləri də daxildir.

925 kilometrdən artıq mənzilə malik AGM-158B JASSM-ER Danimarkaya indiyədək sahib olmadığı strateji dərinlikdəki hədəfləri vurmaq imkanı verəcək.

Beləliklə, Danimarka Hərbi Hava Qüvvələri komanda-idarəetmə mərkəzlərini, hava bazalarını, radar qurğularını, hava hücumundan müdafiə sistemlərini və kritik logistika infrastrukturunu öz hava məkanından və ya təhlükəsiz bölgələrdən vurmaq imkanına malik olacaq.

Bu qərar Kopenhagenin 2025-ci ilin sentyabrında açıqladığı uzaqmənzilli zərbə və yeni nəsil hava hücumundan müdafiə arxitekturası qurulması planlarının davamı kimi qiymətləndirilir.

Ukrayna müharibəsindən çıxarılan dərslər əsasında formalaşan yeni yanaşma yalnız təhdidlərin qarşısını almağı deyil, həm də onların mənbələrinin məhv edilməsini nəzərdə tutur.

Bu çərçivədə Danimarkanın təxminən 8,94 milyard dollar dəyərində hava hücumundan müdafiə investisiyaları və JASSM-ER tədarükü eyni müdafiə konsepsiyasının bir-birini tamamlayan elementləri hesab olunur.

Danimarkanın sifariş etdiyi 200 raketlik paket Avropa miqyasında diqqətçəkən həcmdədir. Hazırda Finlandiyanın 220 ədəd təsdiqlənmiş JASSM/JASSM-ER ehtiyatı mövcuddur. Polşanın 110, Niderlandın 120, İtaliyanın isə 100 ədəd təsdiqlənmiş raket ehtiyatı var.

Bu tədarük başa çatdıqdan sonra Danimarka Avropada JASSM raketlərinin ikinci ən böyük istifadəçisinə çevriləcək. 43 ədəd F-35A istismar etməyi planlaşdıran ölkə üçün 200 raketlik ehtiyat sadəcə simvolik alış deyil, yüksək intensivlikli müharibə ssenarilərinə hesablanmış ciddi döyüş ehtiyatı deməkdir.

“Lockheed Martin” istehsalı olan AGM-158B JASSM-ER təxminən 1200 kiloqram ağırlığa malikdir və “Williams2 F107-WR-105 turboreaktiv mühərriki ilə təchiz olunub.

Raket ətalətli naviqasiya sistemi, GPS dəstəyi və infraqırmızı axtarıcı başlığın kombinasiyası sayəsində yüksək dəqiqliklə hədəfə yönələ bilir. Onun 450 kiloqramlıq nüfuzedici döyüş başlığı möhkəmləndirilmiş hədəflərə qarşı effektiv zərbə imkanı yaradır.

JASSM-ER F-35-in daxili silah bölmələrinə sığmadığı üçün xarici asqılarda daşınmalı olsa da, təxminən 1000 kilometrlik mənzili sayəsində qırıcının güclü hava hücumundan müdafiə zonalarına daxil olmasına ehtiyac qalmır.

Bu da Danimarkaya məxsus F-35-in düşmənin hava hücumundan müdafiə sistemlərindən yüzlərlə kilometr uzaqda qalaraq hədəfi aşkar etməsinə və raketi təhlükəsiz məsafədən buraxmasına imkan verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   JASSM-ER  


Bizi "telegram"da izləyin