Medvedev Ukraynanın keçmiş prezidentlərindən birinin “Ukrayna, şübhəsiz ki, Rusiya deyil” ifadəsini xatırlayıb və ona qarşı çıxıb: “Ukrayna, əlbəttə, Rusiyadır, keçmiş sovet ərazisinin, belə demək mümkündürsə, yaxın xaricinin başqa ölkələriylə isə bizim problemlərimiz yoxdur”. Rusiyalı ekspertlər Medvedevin Dnestryanının da daxil olduğu “yaxın xaric” xəritəsində Moldova sərhədlərinin təsvir olunmasına diqqət yetiriblər.
Yəni Rusiya Dnestryanını Moldovanın yurisdiksiyasının ərazisi kimi tanıyır, Ukrayna ilə həmsərhəd Odessa vilayəti isə artıq “Rusiya”dır. Medvedev həmin “xəritə”ni ATƏT sədrinin Moldovaya səfəri ərəfəsində açıqlayıb. ATƏT-in fəaliyyətdə olan sədri isə Moldova Prezidenti ilə Dnestryanı münaqişəsinin sülh yolu ilə nizamlanması perspektivini müzakirə etmək üçün Kişinyovda olub.
Moldova Prezidenti Sandu bəyan edib ki, Dnestryanı münaqişəsinin nizamlanması üzrə danışıqlar formatı artıq işlək deyil. Bir çox ekspertlər, o cümlədən Moldovanın Rusiyadakı keçmiş səfiri Anatol Tsaranu belə bir fikir ifadə edir ki, bütün tərəflər Rusiyanın Dnestryanı nizamlanmasında “iştirak edə bilməyəcəyi” ilə bağlı razılığa gəliblər. Görünür, Medvedev öz xəritəsi ilə Kişinyova siqnal göndərib. Bunun necə qarşılanacağını zaman göstərəcək.
Bu halda Rusiyanın “yaxın xarici”nin yenidən formalaşdırılmasına rəsmi olaraq Medvedevin cavabdeh olması daha vacibdir: onun prezidentliyi dövründə Rusiya-Gürcüstan müharibəsi baş verdi, o zaman Rusiya Cənubi Osetiya və Abxaziyanı işğal etdi, sonra isə keçmiş Gürcüstan muxtariyyətlərinin müstəqilliyini tanıdı. Medvedev Rusiyanın “yaxın xarici”nin Cənubi Qafqaz xəritəsini nə vaxt dərc edəcək?
Orada Abxaziya və Cənubi Osetiya Gürcüstanın sərhədləri daxilində təqdim olunacaqmı? Habelə mümkündür ki, Rusiyanın xarici işlər naziri Lavrov Ermənistan-Azərbaycan nimzamlanmasının müstəsna olaraq 44 günlük müharibədən sonra Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmalara əsaslanmalı olduğunu deyəndə, yalnız Ermənistanın Rusiya sərhədçilərinin nəzarəti altında Zəngəzur dəhlizini işə salmaq öhdəliyini nəzərdə tutur.
Belə çıxır ki, Moskva Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın tərkibində olacağı, Qarabağın isə Azərbaycanda inzibati-ərazi kimliyinə malik olacağı Cənubi Qafqazın xəritəsini ictimaiyyətə tezliklə açıqlayacaq.
Asif Cəfərov
Ordu.az