Göründüyü qədər, Ərdoğan-Blinken danışıqları çətin keçib ki, bu da Türkiyə Prezidentini kütləvi tədbir təşkil etməyə və son dərəcə vacib açıqlama verməyə vadar edib: “Dünən Bosniyada olan qardaşlarımıza kömək etdiyimiz kimi, bu gün də fələstinli qardaşlarımıza kömək edirik və sabah da kömək etməyə davam edəcəyik”. ABŞ dövlət katibi İstanbuldan Afinaya yola düşüb. “Milliyet” Yunanıstan mətbuatına istinadən yazıb ki, Blinken Türkiyə Prezidentindən “Qəzzanın idarə olunmasında yardım gözləyirdi”.
Ərdoğanın bəyanatından belə çıxır ki, Türkiyə münaqişədən sonrakı Qəzza məsələsində ABŞ-yə yardım vəd etməyib. Bosniyanın adının çəkilməsi təsadüfi deyil. Balkanlarda nizamlanma ABŞ-nin vasitəçiliyi ilə baş tutub. Bosniya-Hersoqovina konfederasiyasının Türkiyənin təklifi olduğu anlaşılır. Bu, hər an çökə biləcək son dərəcə kövrək bir dövlət quruluşudur və bu halda Bosniya Türkiyənin himayədarlığını qəbul edəcək.
İsrail-Fələstin nizamlanması ilə bağlı Türkiyənin mövqeyi dəyişməzdir: Fələstin paytaxtı Şərqi Qüds olan müstəqil dövlət kimi tanınmalı, 1967-ci ildəki sərhədləri bərpa edilməli və yəhudi köçkünlər oranı tərk etməlidirlər. Anlaşıldığı qədər, ABŞ İsraili və ərəb ölkələrini Qəzza zolağında hakimiyyəti HƏMAS-dan Fələstin Muxtariyyətinə ötürməyə razı salmağa çalışır. İstanbulda keçirilən Ərdoğan-Blinken danışıqlarından az sonra İsrailin Baş naziri Netanyahu Müdafiə Ordusu qarşısındakı bütün problemləri həll etməyənə qədər müharibənin dayanmayacağını açıqlayıb. Ötən günlərdə müdafiə naziri Qalant “sırf şəxsi” fikrini bildirib ki, İsrail xüsusi xidmət orqanlarının sərbəst giriş hüququ olması şərti ilə Qəzzada Fələstin Muxtariyyətinin hakimiyyəti qurula bilər.
Münaqişədən sonrakı Qəzza məsələsində Türkiyə-ABŞ razılaşmasının olmadığını hesab etmək olar. Türkiyə Prezidenti, sanki, ölkənin geosiyasi seçiminin saniyəölçənini işə salıb: ilk növbədə İstanbul və Ankara da daxil olmaqla yerli seçkilərdə hakim “Ədalət və İnkişaf” partiyası qalib gəlsə, o zaman Türkiyə daha iddialı mövqe tutacaq. ABŞ-nin o vaxta qədər İsrail-Fələstin atəşini söndürə biləcəyinə və genişmiqyaslı müharibə təhlükəsinin qarşısını alacağına ümid etmək heç də real deyil.
Firuz Bağırov
Ordu.az