Görünür, maraqlı tərəflər belə bir bəyanat gözləyirdilər, çünki bu, faktiki olaraq gərginliyi azaldır və ya vəziyyətin gərginləşməsinin qarşısını almağa imkan yaradır. Xüsusən də bundan əvvəl İranın ruhani lideri ölkə hərbçilərini soyuqqanlılıq nümayiş etdirməyə çağırmışdı. Bu, İranın nə İsraillə, nə də xüsusilə ABŞ ilə qarşıdurmaya meylli olmadığına açıq siqnal idi.
Terror aktına görə İŞİD məsuliyyəti üzərinə götürdüyü ilə bağlı bəyanat verib, daha doğrusu, “Reusters” bu barədə yanvarın 6-da ABŞ dövlət katibi Blinkenin Ankaraya səfəri haqqında Türkiyə xarici işlər naziri Hakan Fidanın adından yayılan açıqlamadan qısa müddət sonra məlumat verib. Bu məlumatın nə dərəcədə etibarlı olduğunu söyləmək çətindir. Dövlət Departamenti Blinkenin Yaxın Şərq turnesi ilə bağlı rəsmi açıqlama yayıb, lakin orada onun İsrailə, daha sonra İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə gedəcəyi qeyd olunub. Kirmanda baş verən terror aktı ilə əlaqədar İran Prezidenti Türkiyəyə səfərini təxirə salıb və səfərin nə vaxt baş tutacağı məlum deyil.
Terrorun, belə demək mümkündürsə, lokasiyasını nəzərdən keçirmək vacibdir. Ötən ilin sonunda İran Prezidenti Rəisi Şiraza səfər edib və Rəşt-Şiraz avtomobil yolunun açılış mərasimində iştirak edib. Kirman Rusiyanı Fars körfəzi və Hind okeanı ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin keçməli olduğu regiondadır.
Şiraz, Kirman, Xuzistan, Sistan və Bəlucistanın cənub-qərb əyalətlərində Talibanla əlaqəsi olan sünni müsəlmanların ekstremist qrupları var. İranda parlament seçkilərinə çox az vaxt qalıb. Ölkənin şimalında etnik azərbaycanlılar, cənubda ərəblər, əfqan icması və separatçı əhval-ruhiyyənin həmişə mövcud olduğu Bəlucistan problemləri var. Şah rejiminin devrilməsindən sonra dövlət quruculuğu faktoru kimi təqdim edilən islami kimlik sınaqdan keçirilir.
Kommunikasiya logistikasının ən mühüm aspekti təhlükəsizlik komponentidir. Əgər İŞİD, yaxud Əfqanıstan “Taliban”ı və yerli sünni ekstremistləri İranın cənub əyalətlərində belə miqyaslı terror təşkil edirlərsə və həyata keçirirlərsə, o zaman Şimal-Cənub nəqliyyat dəhlizinin mütəmadi olaraq hücuma məruz qalmayacağına hansı zəmanət var?
Göründüyü kimi, Qırmızı dənizdə Yəmən husilərinin ticarət gəmilərinə qarşı hücumlarında İranın iştirakı və ya şərikliyi ilə bağlı bəyanat və xəbərdarlıqlar da öz təsirini göstərib. Böyük ehtimalla, İranın parlament seçkiləri çox çətin keçəcək, kütləvi aksiyalar və yeni terror aktları ilə müşayiət olunacaq.
Asif Cəfərov
Ordu.az