Bir neçə gün əvvəl Brüsseldə Avropa İttifaqı liderləri Gürcüstanın bu birliyə üzv olmaq istiqamətində ona namizəd statusunun verilməsinə dair qərar qəbul edib.
Təbii ki, bu sənədin qəbulu nəinki Gürcüstan, eyni zamanda Rusiyada və Türkiyədə birmənalı qarşılanmayıb və bu iki dövlət üçün mühüm mesaj sayıla bilər.
Avropa İttifaqına qoşulmağın Gürcüstan üçün hansı siyasi-iqtisadi nailiyyətlər vəd etdiyini söyləmək müşkül məsələdir. Ən azından ona görə ki, Avropa İttifaqının təməl prinsipləri bu təşkilata üzv olacaq ölkənin ərazi bütövlüyü, büdcə kəsirinin ümumdaxili məhsula nisbəti, eləcə də, söz azadlığının qorunması, demokratik azadllıq, hüquqi azadlıq, insan haqları, azlıq təşkil edən xalqlara hörmət və onların haqlarının qorunması, öz dillərindən istifadəyə, təhsil almağa icazə verilməsi, hətta onları təmsil edən bir bayrağın olmasını təmin etmək kimi siyasi amilləri, bununla yanaşı, iqtisadi bazarın mövcud olması, sənayenin inkişafı və rəqabət aparılmasına şəraitin yaradılması, tələb-təklifin təsirsiz işləməsi, bazara giriş və çıxışlarda azadlığın olması, İttifaq daxilində standartlara uyğunlaşma, texnologiya baxımından rəqabət potensialının olması, təhsil və araşdırmalar üçün investisiyanın yetəri qədər olması və s. kimi iqtisadi dəyərləri ehtiva edən Kopenhagen və Maastrxit kriteriyalarını ehtiva edə bilməsidir.
Hətta Gürcüstanın özündə də ekspertlər və siyasi dairələr hesab edir ki, rəsmi Tiflisə namizəd statusunun verilməsi hələ ölkənin Avropa İttifaqına daxil olacağı demək deyil. Düzdür, bəziləri düşünür ki, istənilən halda, hələ də Abxaziya və Cənubi Osetiya problemlərinə görə ərazi bütövlüyü natamam olan Gürcüstanın bu statusu qazanması müəyyən müsbət nəticələrin meydana gəlməsinə rəvac verəcək, bir sözlə, bu qərar ölkədə daxili siyasi gərginliyin azalmasına, iqtisadi inkişaf tempinin sürətlənməsinə səbəb olacaq, eləcə də rəsmi Tiflisin Brüssellə münasibətlərini hazırkı vəziyyətdən çıxaracaq və daha yaxşı məcraya daşıyacaq.
Qafqazdakı prosesləri yaxından izləyən bəzi təhlilçilərə görə, Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu qazanması qonşu Ermənistanda Avropaya meyllənməni daha da gücləndirəcək və İrəvan-Brüssel əlaqələrinin yeni mərhələsinin başlanmasına rəvac verəcək. Bir çoxları Avropa İttifaqının Ermənistanla əlaqələrinin, İrəvan və Brüssel arasında Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) müşahidə missiyasının yerləşdirilməsi ilə bağlı imzalanan sazişdən sonra yeni mərhələyə qədəm qoyduğunu misal çəkərək, bunu rəsmi İrəvanın Avropa İttifaqına doğru atdığı mühüm addımlardan biri kimi dəyərləndirir.
Dünyada gedən proseslərin pərdəarxası reallığını və Avropa İttifaqının malik olduğu ikili standartlarla zəngin dəyərləri nəzərə alsaq, Ermənistanın bu təşkilata üzvlüyünün tezləşdirilməsini mümkün hesab etmək olar. Hətta rəsmi İrəvanın Tiflisdən daha öncə Brüsselin ətrafında birləşən ölkələrlə tərəfdaş ola biləcəyi real sayıla bilər.
Xatırladaq ki, 1987-ci ildə bu birliyə üzv olmaq üçün Brüsselə müraciət edən Türkiyənin Avropa İttifaqına üzvlüyünə namizəd statusu 12 ildən sonra-1999-cu ildə təsdiqlənib, 2005-ci ildən bəri üzvlüklə bağlı Ankara və Brüssel arasında aparılan rəsmi danışıqlar dəfələrlə dalana dirənib.
Avropa İttifaqı hər dəfə Türkiyə qarşısında yeni tələblər qoyub, guya insan hüquqları və qanunun aliliyi baxımından Ankara üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ən əsas ciddi tələblərdən biri isə qondarma “erməni soyqırımı”nın tanıması, həmçinin Türkiyənin öz qoşunlarını Şimali Kipr Türk Cümhuriyyətindən çıxarmasıdır.
Avropa İttifaqının təhlükəsizliyinə əsas qarantlardan biri sayılan NATO-ya üzv dövlət olan Türkiyəni bu birliyə buraxmayan Brüssel, söz yox ki, İrəvanın Tiflisdən öncə Aİ üzvü olmasına ciddi maraq göstərir. Hətta Ermənistanın bu birliyə daxil olan ölkələrlə hərbi əməkdaşlıq haqqında sazişlər bağlaması, həmin dövlətlərdən silah satın alması Brüsselin İrəvanın birliyə üzlüyü istiqamətində apardığı işin tərkib hissəsi sayıla bilər.
Avropa İttifaqnın niyə Gürcüstan yox, Ermənistanın daha tez bu birlikdə təmsil olunmasında maraqlarının səbəbini axtaraq.
Burada bir neçə amil xüsusilə rol oynayır: Ermənistan Avropa İttifaqının Türkiyə və Rusiya ilə arasındakı bufer zona kimi Qafqazda mühüm coğrafi mövqeyə malikdir. İstər ümumi daxili məhsulun səviyyəsinə görə, istər ölkədəki korrupsiya amilinin çoxluğuna görə, eləcə də milli valyutasının bazarda güc əmsalının azlığına görə, həm də Aİ-nin söykəndiyi əsas dəyərlərdən biri - Kopenhagen və Maastrixt kriteriyalarına cavab vermədiyinə görə Ermənistanın bu birliyə üzv olmasının mümkünlüyü ən azından yaxın 10-15 idə imkansız görünür. Amma təşkilatın Ermənistana Polşa variantını tətbiq edə biləcəyi həmişə aktualdır. Serbiyanı müxtəlif bəhanələrlə öz hüdudlarından kənarada saxlayan ittifaq bu ölkəyə münasibətdə dini faktorları və Rusiya ilə əlaqələrin yaxşı səviyyədə olmasını əsas götürərək, rəsmi Belqradın təşkilata üzvlüyünü “qapı arxası”nda gözlədir.
Bəzi təhlilçilər hesab edir ki, katolik məzhəbindən olan ölkələri öz ətrafında cəmləyən Avropa İttifaqı nəinki müsəlman ölkəsi olan Türkiyəni kənarda saxlayır, hətta xristianlığın pravoslav məzhəbinə aid olan Serbiya, Ukrayna, Moldova və Gürcüstanı da öz üzvlüyünə qəbul etməkdən mümkün qədər yayınmağa cəhd edir.
Buna rəğmən, həmişə katolik kilsəsinin istək və tələblərini birmənalı şəkildə icra edən qriqoryan məzhəbinin daşıyıcısı ermənilərə münasibət pravoslavlarla müqayisədə daha yumşaq və istidir. Burada həm də Ermənistanın regionda geopolitik mövqeyi üstün tutulur. Azərbaycan, Türkiyə və Gürcüstanla həmsərhəd olan bu ölkə gələcəyin ən böyük iqtisadi platformalarından biri hesab edilən Böyük İpək yolunun üzərində yerləşmir və Avropa İttifaqının iqtisadi sahədə rəqibi sayılan Çinlə ciddi iqtisadi bağlara malik deyil. Gürcüstan isə Ermənistandan fərqli olaraq, Türkiyə və Azərbaycanla möhkəm iqtisadi əməkdaşlığa malikdir, eyni zamanda Avropadan gələn bütün təsir və təzyiqlərə rəğmən, Rusiya ilə əlaqələrini yüksələn xətt üzrə inkişaf etdirir. Bu fakt Aİ-nin tələblərini yerinə yetirənədək Gürcüstanı üzvülüyə namizəd statusunda saxlamaq üçün Brüsselə əlavə təsir imkanları qazandırır.
Bütün bunların fonunda, əsasən Rusiyanın təşəbbüsü ilə Avropa İttifaqına alternativ olaraq yaradılan Avrasiya İqtisadi Birliyində təmsil olunan Ermənistanın birlikdən uzaqalaşıb, Avropa İttifaqına qoşulması rəsmi İrəvanı çox çətin dillemma qarısında qoya bilər. Söz yox ki, Ermənistanın Aİ ilə yaxınlaşması Moskvanın xoşuna gəlməyəcək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərini üzüləcək həddə qədər nazildən rəsmi İrəvan hansı problemlərlə üzləşə biləcəyini yaxşı bilir, buna görə də Aİ ilə bütün əlaqələrini bir növü maskalamağa çalışır.
Qərbdə də gözəl anlayırlar ki, Ermənistanın Rusiyadan qopması, Moskvanın təşəbbüsü ilə yaradılan və Kremlin rəhbərlik etdiyi dairələrdən tamamilə uzaqlama həm də Aİ-nin Ermənistanı həmişəlik itirməsi ilə nəticələnə bilər.
Bu isə Qərbi qətiyyən narahat etmir. Hələ 2021-ci iln fevralında Rusiya-Ukrayna müharibəsi başlayana qədər Aİ rəsmi Kiyevə də bu formada yanaşırdı, nəticə etibarilə Ukrayna müharibəyə sürükləndi və hələ də onun taleyi sual altında qalır... Əslində, davam etdirilməsi daim Avropanın lider ölkələrinin marağında olan Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən Ermənistanın məğlubiyyəti ilə həlli Qərbin aparıcı institutlarını məyus etdi. Hazırda Gürcüstanın Rusya ilə münasibətlərində yaxınlaşmanın mövcudluğu söz yox ki, Qərbin Abxaziya və Cənubi Osetiya münaqişəsini qızışdrmaq imkanlarını sıfıra endirib. Qafqazda yeni münaqişənin yaradılması üçün ən münbit məkan Ermənistanın olduğu bəllidir. Çünki Rusiyadan uzaqlaşmaq xətti tutan rəsmi İrəvan Avropa İttifaqının Qafqazdakı ən yaxın tərəfdaşı sayıla bilir. Nəzərə alaq ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazaları yerləşir və Qarabağ müharibəsindən sonra rus hərbçilərinə qarşı münasibət köklü şəkildə dəyişib.
Avropa Missiyası adı altında Ermənistanda yerləşdirilən Qərb kəşfiyyat dairələrinin bu amili qiymətləndirdiyi şübhəsizdir. Rəsmi İrəvanın Rusiya və ya Gürcüstanla münaqişəyə cəlb edilməsi, yaxud Ermənistan-Azərbaycan sərhəddində təxribatların törədilməsi ehtimalı hələ də aktual olaraq qalır. İstənilən bu cür təxribat və ya qarşıdurma, Fransanın vasitəsi ilə Ermənistana Avropa silahı daşıyan Qərb dairələrinin müxtəlif missiyyalarla İrəvana axışmasını tezləşdirə və Rusiya hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması tələblərini çoxalda bilər.
Hər halda, rəsmi Kiyev kimi, İrəvanın da Aİ-nin üzvü olmaq arzusu ona çox çətin, sonu qaranlığa bürünən, ölkənin mövcudluğunu təhlükə altına atan hərbi-siyasi yol vəd edir... Bu yol ABŞ və Avropanın Qafqaza gəlişini təmin etməkdən başqa heç nəyə xidmət etməyəcək.
Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az