Son zamanlar Paşinyan müxtəlif dövri mətbuatlara verdiyi müsahibələrdə yeni siyasi gündəmini formalaşdırmağa çalışır, “suverenlik uğrunda aparılan mübarizəni” bunun əsas mismarı elan edir. Lakin sual yaranır ki, doğrudanmı Paşinyan Qərb vektoruna qoşularaq, Ermənistanın suverenliyini və təhlükəsizliyini təmin etmək səviyyəsini yüksəltməyə ümid edir, yoxsa problem daha kiçikdir və bu addımla Paşinyan sadəcə öz hakimiyyətini genişləndirmək istəyir, Qərbə öz üzərinə siyasi mərc etməyi təklif edir?
Belə bir nəticəyə gəlmək üçün bir neçə əsas var. Onlardan bəlkə də ən mühümü odur ki, Qərb Ermənistana heç bir konkret təhlükəsizlik təklifi etməyib, yalnız gözəl maliyyə və hərbi yardım vədləri verib. Bu vədlərə baxmayaraq, 2019-cu ildə Aİ-nin vəd etdiyi 2,6 milyard dollarlıq sərmayə heç vaxt Ermənistana gəlməyib. Hərbi yardıma gəlincə, bir neçə gün əvvəl Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano bəyan edib ki, Avropa İttifaqı Avropa Sülh Fondu vasitəsilə Ermənistan ordusuna “qeyri-öldürücü formatda” dəstək verilməsi imkanlarını araşdırır. Stano eyni zamanda hələlik konkret qərarların olmadığını vurğulayıb.
Üstəlik, o qeyd edib ki, Avropa İttifaqı Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir və Aİ-yə üzv dövlətlərin ərazisində erməni hərbi qulluqçulara təlim keçməyi planlaşdırmır. Almaniya Bundestaqının müdafiə komitəsinin üzvü Yan Nolte öz növbəsində qeyd edib ki, Almaniya parlamenti Ermənistana silah tədarükünün mümkünlüyünü nəzərdən keçirmir. Ola bilsin ki, Qərb yalnız Ermənistanın sərhəd bölgələrində durbinlə silahlanmış müşahidəçilərinin sayını artırmaqla, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün verdiyi “gözəl vədi” yerinə yetirməyə hazırlaşır.
Ancaq Paşinyanın şəxsi təhlükəsizliyinə gəlincə, bəlkə də Qərb bunu təmin edə bilər. Bir şərtlə ki, təbii olaraq sonuncu Ermənistanı Rusiya Federasiyasının təsirindən çıxarsın. Əlbəttə, Moskvadan gələn mesajlar sübut edir ki, Kreml ilk növbədə Paşinyanın əsl motivasiyasını parlaq şəkildə anlayır, üstəlik, Moskva Cənubi Qafqazdan hər hansı bir yerə uzaqlaşmağa hazırlaşmır. Bu isə öz növbəsində o deməkdir ki, Paşinyan indi son dərəcə riskli bir yolla gedir və Ermənistanı Rusiya ilə Qərb arasında münaqişə ocağına çevirir.
Bu müddət ərzində Paşinyan təbii olaraq Qərbə yaltaqlanmağa və onların adamı olduğunu göstərməyə çalışır, Roma Statutunu ratifikasiya edir, həyat yoldaşını humanitar yüklə Kiyevə göndərir, KTMT və AİB çərçivəsində təşkil olunan görüşləri demarş edir, KTMT müşahidəçilərini rədd edir, əvəzində Aİ müşahidəçilərini Ermənistana dəvət edir və faktiki olaraq güc blokunu Qərbə təhvil verir, bu yaxınlarda Soros dairələri ilə əlaqələri ilə tanınan Kristine Qriqoryan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib.
Bu kəskin dönüşə qədər Paşinyan eyni anda iki stulda əyləşməyə çalışırdı ki, bu da nə Kremlin, nə də Qərbin gözündən yayınmırdı. Paşinyan Soros dairələrinin köməyi ilə Vladimir Putin İrəvana gələn gün anti-Rusiya piketi təşkil edə, sonra Rusiya Prezidentini yola salmaq və isti münasibətləri vurğulamaq üçün hava limanına qaça bilərdi. Paşinyan Suriyaya humanitar missiya göndərə bilər, amma digər tərəfdən NATO-dan hansısa maliyyə dəstəyi gözləyir.
Belə siyasətdən sonra Paşinyan artıq Moskva üçün etibarlı tərəfdaş sayıla bilməz. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova eyni vaxtda iki kresloda oturmaq siyasətinin perspektivsizliyinə və belə bir siyasəti qəbul edən fiqurların ciddiyyətə malik olmadığına bir neçə dəfə eyham vurub. Buna görə də Paşinyan özü də Qərbin yalnız Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq və Rusiyanın Cənubi Qafqazdakı təsir rıçaqlarını zərərsizləşdirmək məqsədilə gözəl vədlər verdiyini yaxşı dərk etsə də, onun əsas vəzifəsi Ermənistanın “suverenliyini və təhlükəsizliyini” təmin etmək deyil, öz hakimiyyətini genişləndirməkdir.
Paşinyan başa düşür ki, itirilmiş müharibə, biabırçı kapitulyasiya, iqtisadi artımın olmaması öz hakimiyyətini uzatmaq şanslarını azaldır. Paşinyan Rusiyadan dəstək almaq şansının demək olar ki, sıfıra bərabər olduğunu anlayaraq, Qərbin köməyinə mərc edib. Bu da öz növbəsində o deməkdir ki, Ermənistan Baş nazirinin “va-bank”a gedişi nəticəsində Ermənistan bundan irəli gələn bütün mümkün risklərlə birlikdə Qərbin və Rusiya Federasiyasının maraqları arasında münaqişənin mərkəzində qalmaqda davam edəcək.
Firuz Bağırov
Ordu.az