Düzdür, dünyada həmişə münaqişənin qaynar nöqtələri olub, amma indi belə münaqişələrin sayı xeyli artıb. Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) illik hesabatında 2023-cü ildə dünyada 183 regional münaqişənin baş verdiyi bildirilir: bu, son 30 ilin ən yüksək göstəricisidir. Eyni araşdırmaya görə, qurbanların sayı 2022-ci illə müqayisədə 14 faiz, zorakılıq hadisələrinin sayı isə 28 faiz artıb.
Koronavirus epidemiyası nəticəsində demək olar ki, bütün dövlətlər iqtisadi və sosial problemlərlə üzləşib və bu, daxili narazılıqların artmasına səbəb olub. Buna görə də artan narazılıq məsələsini həll etmək üçün bir çox hökumətlər aqressiv hərəkətlərlə daxili auditoriyanın diqqətini xarici nailiyyətlərə yönəltməyə çalışıblar.
Eyni zamanda, yeni dünya düzəninə keçid dövründə beynəlxalq hüquq ikinci plana salındı. Necə deyərlər, diplomatiya susanda toplar guruldayır. Və güc amili özü ilə birlikdə müvafiq diplomatik razılaşmalar gətirir. Elə buna görə də silahlanma yarışı başlayıb, dövlətlər hərbi xərclərini əhəmiyyətli dərəcədə artırır, təhsil, səhiyyə, sosial təminat və s. kimi digər mühüm sektorlar bundan əziyyət çəkir.
Əgər bəzi münaqişələr yalnız lokal əhəmiyyət kəsb edirsə, bir sıra münaqişələr qlobal sistemə təsir edir. Məsələn, Ukraynada davam edən müharibə nəticəsində ərzaq məhsullarının, xüsusən də taxılın qiyməti qalxıb, bunun nəticəsində ərzaq idxalından asılı olan Qlobal Cənub ölkələri əziyyət çəkir. Bundan əlavə, qlobal təchizat zəncirləri dəyişdi. Əgər əvvəllər Rusiya Avropanın mühüm qaz, neft və xammal təchizatçılarından biri idisə, Rusiyaya qarşı sanksiyalar nəticəsində Rusiya xammalının tədarükü Şərqə, əsasən Çin və Hindistana yönəldi.
Avropa yeni təchizatçılar tapmağa çalışır, bunun nəticəsində bəzi ölkələr nəinki əsas rol alır, həm də ciddi gəlirlər əldə edirlər. Məsələn, ABŞ-dən Aİ-yə maye qaz ixracı iki dəfə artıb. Avropa alternativ enerji təchizatı məsələsini ön plana çəkdiyi üçün Azərbaycandan nəql olunan qazın həcminin artırılması da vacibdir.
Hazırkı mərhələnin səciyyəvi cəhətlərindən biri də insan hüquqlarının kütləvi şəkildə pozulmasıdır ki, bunlara da məhəl qoyulmur. Diqqətəlayiq haldır ki, bir sıra Afrika ölkələrində, məsələn, Efiopiya, Sudan, Konqo Demokratik Respublikasında davam edən münaqişələr halında soyqırımı prosesləri gedir. Lakin beynəlxalq ictimaiyyət bir çox etnik və dini qrupların hədəfə alınması faktına məhəl qoymur.
Güc mərkəzləri üçün insan hüquqlarının pozulub-pozulmamasından, soyqırımının olub-olmamasından asılı olmayaraq, onların maraqları hər şeydən üstündür. Bu mərkəzlər tərəfindən Afrika uğrunda mübarizə başlayıb. Rusiya Afrika ölkələrində mövcud olan anti-müstəmləkəçilik əhval-ruhiyyəsindən istifadə edərək, Qərbi sıxışdırmağa, Mali, Burkina Faso və Nigerdə olduğu kimi hərbi çevrilişləri təhrik etməyə çalışır. Çin isə öz iqtisadi imkanlarından istifadə edərək, Afrikada möhkəmlənməyə çalışır. Qərbə gəlincə, o, ABŞ-nin rəhbərliyi altında eyni vaxtda müxtəlif tərəflərdən Rusiyaya Şərqi Avropada Ukraynaya verilən yardım, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü formasında müqavimət göstərməyə çalışır.
ABŞ Cənubi Çin dənizində mövcudluğunu artırmaq, müttəfiqlər tapmaq və Tayvana yardım göstərməklə, Çinin artan ambisiyalarını cilovlamaq istəyir. Digər tərəfdən, Yaxın Şərqdə ABŞ İrana qarşı çıxır, İsraili dəstəkləməyə, Tehranın regionda nüfuzunun artmasına və nüvə silahı əldə etmək imkanlarına mane olmağa çalışır. ABŞ-nin beynəlxalq münasibətlərdə dominant mövqeyini qoruyub saxlamağı bacarıb-bacarmayacağına gəlincə, bu onun Rusiya, Çin və İranı eyni zamanda nə qədər cilovlaya biləcəyindən asılıdır.
Firuz Bağırov
Ordu.az