Qəzzadakı müharibə regionun siyasətini dəyişir? – ANALİZ

2023/12/1702454362.jpg
Oxunub: 2463     10:21     14 Dekabr 2023    
Davam edən Fələstin-İsrail müharibəsi Yaxın Şərqin gələcəyi və regionun qlobal güclərlə necə qarşılıqlı əlaqədə olacağı ilə bağlı ciddi suallar doğurub. ABŞ və bəzi Qərb dövlətləri İsrailə qeyd-şərtsiz dəstək verərkən, bəzi ərəb ölkələri digər tərəfdən xalqın qəzəbini soyutmağa, öz maraqlarını qorumağa çalışır.

Bir müddət öncə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan bəyan edib ki, bu ayın əvvəlində Ər-Riyadda keçirilən Ərəb-İslam Birgə Fövqəladə Zirvə toplantısından bir heyət Qəzzada dərhal atəşkəsi təmin etmək üçün dünyanın müxtəlif paytaxtlarına gedəcək. Bu səfərin ilk dayanacağının Çin, ardınca isə Rusiyanın olması ərəb dövlətləri arasında Şərqə doğru sürüşmə ehtimalı ilə bağlı suallar doğurdu.

Bəzi güclü ərəb dövlətləri son müharibənin başlanmasından bəri ehtiyatlı diplomatik oyunlar oynayır. Son müharibə oktyabrın 7-də HƏMAS-ın başçılığı altında İsrailin cənubuna təşkil edilən hücumunda 1100-dən çox israillinin həlak olması ilə başlayıb. İsrailin Qəzzanı bombalaması və əraziləri nəzarət altına alması 14500-dən çox fələstinlinin ölümü və bölgənin mülki infrastrukturunun əhəmiyyətli hissəsinin məhv edilməsi ilə nəticələnib.

Bütün ərəb ölkələri İsrailin Qəzzaya hücumlarını pisləyən bəyanatlar verərkən, bu yaxınlarda İsraillə sülh müqavilələri imzalayan ölkələr əsasən bu dövlətlə yeni münasibətlərinin təhlükəsizliyini təmin etməkdə maraqlıdır. 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə başlayan “İbrahim razılaşmaları” İsrailə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Sudan və Mərakeş ilə diplomatik əlaqələr qurmağa imkan verdi. Oktyabrın 7-dən əvvəl Səudiyyə Ərəbistanı münasibətləri normallaşdıran növbəti və şübhəsiz ki, ən vacib dövlət kimi görünürdü.

“Chatham House”un Yaxın Şərq və Şimali Afrika proqramında köməkçi tədqiqatçı olan Elham Fahro “Middle East Eye”a verdiyi açıqlamada qeyd edib ki, Səudiyyə Ərəbistanı İsraillə normallaşma danışıqlarını dayandırmaqla nisbətən sərt mövqe tutub: “Lakin artıq İsraillə əlaqələri olan ərəb dövlətləri bu münasibətləri təhlükə altına almaqdan daha çox imtina ediblər”.

Bəhreyn parlamentinin noyabrın 2-də verdiyi bəyanatda Manamanın İsraildəki səfirini geri çağırdığı bildirilsə də, mediada yer alan digər xəbərlər bu iddianı təkzib edib və ölkənin Xarici İşlər Nazirliyindən hər hansı şərh gəlməyib.

“İbrahim razılaşmaları”nı imzalayan digər ölkələrdən belə bir addım atılmayıb. Fələstin siyasət şəbəkəsi “Al-Shabaka”nın ABŞ siyasətləri üzrə eksperti Tarık Kenney-Şava deyir ki, bu nisbi hərəkətsizlik fələstinlilər üçün çox da təəccüblü deyil. MEE-yə danışan Kenney-Şava qeyd edib: “Bir çox fələstinlilər bölgədəki ərəb liderlərinin cavabından və ya cavabsızlığından dərin məyusdurlar. Nəhayət, fələstinlilər ərəb xalqının, ərəb küçələrinin onların davasını dərindən dəstəklədiyini bilirlər, lakin özlərini danışmağı bilən, lakin heç vaxt hərəkətə keçməyən liderlər tərəfindən tərk edilmiş kimi hiss edirlər”.

“Tarixi birlikdən çox uzaq”

“İbrahim razılaşmaları”ndan onlarla il öncə İsrail ilə sülh müqavilələri imzaladıqları üçün keçmiş normallaşma rejimləri kimi tanınan Misir və İordaniyadan İsrailə qarşı nisbi təzyiqlər olub. Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzza əhalisinin Misirin Sinay bölgəsinə köçürülməsi planlarının qəti əleyhinə olduğunu açıq şəkildə bəyan edib.

Ancaq Qahirə Qəzza ilə “Rəfah” sərhəd-keçid məntəqəsini daha fəal şəkildə açmaq istəmədiyi üçün tənqidlərə məruz qalır. İordaniya İsrailin Əmmandakı səfirini ölkədən çıxarıb və öz səfirini geri çağırıb. O, həmçinin daxili təzyiqlərə görə İsraillə su müqabilində enerji sazişindən çıxıb. Bu iki dövlət Qəzzaya həmrəylik nümayiş etdirən vətəndaşlarını izləyib həbs edərkən, digər tərəfdən də İsrailə qarşı daha sərt mövqe sərgiləyərək, ictimaiyyətin qəzəbini sakitləşdirməyə çalışır.

Kenney-Şava bildirir: “Sisi, Kral Abdullah və Məhəmməd bin Salman kimi ərəb liderlərinin normallaşdırma sazişlərindən və ya danışıqlardan çıxmaqla hədələmək kimi İsrailə təzyiq göstərmək üçün istifadə edə biləcəkləri vasitələr var”.

Kenney-Şava qeyd edir ki, bu dövlətlər hələ də Qərb ölkələrindən aldıqları dəstəyi və faydalandıqları təhlükəsizlik və iqtisadi razılaşmaları qoruyub saxlamağa üstünlük verirlər. Fahro bu fikirlə razılaşır və deyir ki, ərəb dövlətlərinin seçdikləri fəaliyyət istiqaməti ilə bağlı fikir ayrılıqları var. Fahro bildirir: “Məsələn, 1973-cü ildəki neft embarqosu zamanı bu məsələdəki tarixi birlikdən əlbəttə ki, çox uzağıq”.

1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı Qərb dövlətlərinin İsrailə verdiyi dəstəyə cavab olaraq ozamankı Səudiyyə kralı Feysəlin başçılığı altında Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) aralarında ABŞ, Niderland və Rodeziyanın da olduğu bir çox Qərb ölkəsinə neft embarqosu tətbiq etmişdi. Embarqo zamanı bir barel neftin qiyməti dörd dəfə artdı və ABŞ-də ölkə miqyasında yanacaq qıtlığı yarandı.

İsrailin Qəzzadakı müharibəsi Qətərin vasitəçiliyi ilə müvəqqəti atəşkəslə davam edərkən, Səudiyyə Ərəbistanının dövlətləri İsrailə silah ixracını dayandırmağa çağırması ilə ərəblərin ortaq mövqeyi atəşkəs tələbi ilə məhdudlaşdı. Lakin ekspertlər hesab edirlər ki, ABŞ-nin müttəfiqinə davamlı dəstəyi hətta ən yaxın ərəb liderlərinə də təsir edə bilər.

Kenney-Şavanın sözlərinə görə, bu vəziyyət qlobal Şərq-Qərb uçurumunu daha da genişləndirmək potensialına malikdir: “Ərəb xalqları və liderləri ABŞ-nin öz ərəb soydaşlarının kütləvi şəkildə qətlə yetirilməsini nə qədər həvəslə dəstəklədiyinin şahidi olurlar ki, bu da onları Çin kimi digər güclərlə münasibətləri dərinləşdirməyə sövq edəcək”.

Çinin heç bir halda regionda ABŞ-ni əvəzləyəcəyi gözlənilməsə də, Səudiyyə-İran yaxınlaşmasına vasitəçiliyi ilə dəstəklənən Yaxın Şərqdəki münaqişələrə nisbətən konstruktiv yanaşması Pekinə daha mühüm rol oynamağa imkan verə bilər.

Fahro qeyd edir ki, Körfəz ölkələri Rusiya və Çin kimi ölkələri faydalı tərəfdaşlar kimi görürlər: “Onların şərqə doğru hərəkəti Vaşinqtonun regiondan çəkilmək niyyətini açıq şəkildə bildirdiyi bir vaxtda, ABŞ-dən kənarda münasibətlərini şaxələndirmək üçün daha geniş səylərin bir hissəsidir”.

ABŞ-nin rəqiblərinin alternativ tərəfdaş kimi olması, Vaşinqton arzuolunmaz istiqamətdə hərəkət edərsə, Körfəz ölkələrinə Vaşinqtona daha çox təzyiq göstərməyə imkan verə bilər. Lakin bu mövqelər Fələstin məsələsinə həqiqi dəstəkdən çox şəxsi maraqlardan irəli gəlir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Fələstin   İsrail  


Bizi "telegram"da izləyin